Home Məqalələr Əxlaq Qulağın və Dilin haramlardan qorunması
Qulağın və Dilin haramlardan qorunması

Qulağın və Dilin haramlardan qorunması

13
0

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

 Təqva olmazsa, nə səbir, nə dözüm, nə də ki, sərhəddə keşik çəkmək fayda verməz. Təqva isə yalnız səbrin üzərində dayanır.

 İndi isə iki ordunun qarşılaşmasından, iki qüvvənin mövqeyindən danışaq. Bax, gör onların aqibəti necə olur!

 Küfr hökmdarı öz əsgərləri və qoşunu ilə hücuma keçir və qəlbin sərhəddinə qədər gəlib çıxır. Görür ki, sərhəddin keşiyində ayıq-sayıq duranlar, onu qoruyanlar, müdafiəsini çəkənlər var. Anlayır ki, xəyanət, hiylə və bəzi əsgərlərini yoldan çıxartmaq yolundan başqa ora girə bilməyəcək. Və onun şəxsi heyəti və ən yaxın sərkərdələri barədə məlumat toplayır. Xəbər alır ki, onun ən yaxın silahdaşı nəfsdir. Küfr hökmdarı əsgərlərinə deyir: “Elə isə gedin onun yanına, onun istəklərini və arzularını öyrənin! Ona istəklərinin yerinə yetəcəyi barədə vədlər edin və yerinə yetirin! İstədiyi şeyləri yuxuda və gerçəkdə ona göstərin! Əgər razılaşsa və boyun əysə, boynuna zəncirlər atın və özünüzlə dartın gətirin!

Qəlbə xəyanət etsə və sizinlə birgə ona qarşı olsa, o zaman onun keşikdə duran gözünü, qulağını, dilini, ağzını, əlini və ayağını ələ keçirərsiz. Durun, sərhəddi yarıb keçməyə hazırlaşın! Sərhəddi keçib qəlbə yol tapsanız, deməli onu ya öldürmüsünüz, ya əsir almışınız, ya da yaralamısmız. Sərhəddin nəzarətini ələ aldıqdan sonra, onu boş buraxmayın! Əgər yenidən başqa bir ordunun ürəyə daxil olmasına imkan versəniz, siz oradan çıxmaq məcburiyyətində qalacaqsınız. Məğlub olsanız belə, həmin ordunun gücünü zəiflədin ki, qəlbə çata bilməsin. Çata bilsə də, gücsüz olsun, bir işə yaramasın.

Əgər səngəri ələ keçirsəniz, keşikçinin gözlərini bəzəyin! Yəni onun hər şeyi gözəl və yaxşı görməsini təmin edin! Onu qəflət yuxusuna aparın, gözündə hər şeyi gözəl göstərin! Onu şəhvət və əyləncəyə qərq edin! Keşikçini nəzərdən buraxmayın, onu həmişə diqqətdə saxlayın! Çünki istədiyinizə onunla nail ola bilərsiniz. Çünki mən Adəm övladının həyatını bəyəndirmə və gözəl göstərmə ilə puç etdim. Mən qəlblərdə şəhvət toxumu səpirəm. Sonra da onu arzu və istək suyu ilə sulayıram. Ta onun iradəsini qırıncaya və şəhvət cilovu ilə onu idarə edincəyə qədər ona vədlər edir, istəklərini yerinə yetirirəm.

Ona görə də onun işinə diqqətlə yanaşın və bacardığınız qədər ona qarşı fəsad törədin! Onun işini ona asan bir şey kimi göstərin! Ona deyin ki, hər baxış səni Xaliqi təsbih etməyə aparır. Deyin ki, Allahın yaratdıqlarının gözəlliyinə bax! Deyin ki, Allah bu gözəlliyi sənin ona baxmağın üçün yaradıb. Deyin ki, Allah səndəki bu gözləri boş- boşuna və baxışlarını qorumağın üçün yaratmayıb.

Əgər bununla kəm ağıllara və elmsizlərə qalib gəlsəniz, deyin ki, bu gözəlliklər Rəbbinin təcəssümüdür, təzahürüdür. Sonra onu vəhdətül vücuda çağırın, Xaliqin məxluqda birləşməsi və təzahür etməsi düşüncəsinə səsləyin! Xaliqin hər yerdə gəzməsi fikrinə düşürün! Bu yoldan əl çəkməyin ki, onu nəsranilərin qardaşı edəsən.

Hətta istəsəniz, onu namusluluqla, ibadətlə və tərkidünyalıqla da bu yola çəkə bilərsiniz. Belə olan halda, o, mənim ən yaxın müttəfiqim və əsgərim olar. Yox, əksinə mən onun əsgəri və silahdaşı olaram.

Qulağın haram səslərdən qorunması

Sonra onun qulağına hakim olun ki, sizin işinizə əngəl törətməsin! Elə çalışın ki, oradan ancaq batilin girməsinə imkan verəsiniz! Çünki batil nəfsə asan, xoş və şirin gələr. Ən xoş sözləri və ağıllılar üçün ən sehirli sözləri seçin və onları nəfslərin xoşuna gələn şeylərə qarışdırıb təqdim edin! Bu cür sözlərdən bir neçəsini səsləndirin. Əgər qulaq versə, davamını gətirin! Xoşuna gəlsə, daha çox səsləndirin ki, qulağı ona öyrəşsin!

Əsla bu qapıdan Allahın, Onun elçisinin və müdriklərin kəlamlarını içəri soxmayın! Əgər onlara məğlub olsanız və onlardan bir şey içəri girsə, beyinlərini, düşüncəsini və anlayışını qarışdırın ki, ondan bir fayda götürə bilməsin! Qulaq asıb səhvlərini düzəltməsinə imkan verməyin! Yaxud da ona bunun əksini aşılayın və ya bunları onun gözündə böyüdün! Ona bunların çətin iş olduğunu söyləyin! Yaxud da bunların dəyərini onun gözündə kiçildin! Bunlarla məşğul olmağın vaxtaparan bir iş olduğu fikrini aşılayın! Onun daha faydalı işlərlə məşğul olmalı olduğunu inandırın! Deyin ki, “haqq təkdir. Onu danışan özünü təhlükəyə atar. Ona görə də özünü təhlükəyə atma və insanlar arasında rahat yaşamağa çalış!” Və bu kimi sözlərlə onun beynini ələ alın! Batili onun beyninə fərqli-fərqli şəkillərdə salın! Haqqı isə nifrət oyadıcı formada ona göstərin!

Bunu öyrənmək istəyirsənsə, insanlardan olan şeytanlara baxın! Baxın görün onlar yaxşı işləri əmr, pis işləri qadağan etmə prinsipini necə də pis bir şey, insanları təhlükəyə atan amansız bir əməl kimi təqdim edirlər. Onlar insanlar arasında fitnə salır və onlara “gücünüz çatmadığı işi görməyin” — deyərək onları haqq yoldan azdırırlar. Onlar Allahın və Onun elçisinin Allahı vəsf etməsini təşbehə, cisimləndirməyə və necə olduğunu fikirləşməyə yozurlar.

Onlar Allahın Öz qulları üzərindəki ucalığını, Onun ərşə ucalmasını və yaratdıqlarından ayrı olmasını “təhəyyüz” (bir yerdə dayamna) adlandırırlar. Onlar Allahın dünya səmasına enib “Məndən istəyənə, Mən verərəm!” — deməsini hərəkət və yer dəyişmə adlandırırlar. Onlar Allahın Öz əlini və üzünü vəsf etməsini əzalar və orqanlar deyərək qələmə verir və Onun fellərini “hadisələr” adlandırırlar. Sonra da Allahın Özü barədə vəsf etdiklərini tamamilə inkar edir və ağıldankəmlərə və zəif bəsirət sahiblərinə elə göstərirlər ki, guya Allahın kitabının və Peyğəmbərin sünnəsinin vəsf etdiyi bu sifətləri təsdiq etmək yuxarıda deyilənləri zəruri edir. Onlar bu inkarlarım tənzih (təmiz saxlama) və təzim (uca tutma) baxımından ən doğru yol hesab edirlər.

Zəif ağıllı insanların çoxu da bir sözə görə bir şeyi qəbul edər, başqa bir sözə görə isə eyni şeyi inkar edərlər. Allah taala buyurur: “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!” (əl-Ənam, 112) Allah taala ayədə təmtəraqlı sözlər” dedi. Bu, batil olan sözlərdir. Çünki sahibi o sözləri bacardığı qədər gözəlləşdirər, bəzəyər və bununla insanları aldatmaq məqsədi güdər.

Demək istədiklərimiz odur ki, şeytan qulaq keçidinə çox böyük üstünlük verir. Şeytan o keçidi ələ keçirdikdə, oradan insanın xeyrinə olan şeylərin keçməsinə imkan verməz. Oradan keçirtdiyi şeylər yalnız insanın zərərinə olan şeylərdir. Onun xeyrinə olan şeylər şeytanın istəyi xaricində o keçiddən keçərsə, hər vəchlə çalışar ki, onu aradan qaldırsın.

Dilin haramlardan qorunması

Sonra şeytanların başçısı deyər: Dil səngərini ələ keçirin! Çünki o, ən böyük səngərdir. O, mülkün tacıdır. Oradan bəndənin ziyanına olan faydasız sözlər çıxardın! Oradan Allahı zikr edən, Ondan bağışlanma diləyən sözlərin çıxmasına, onunla Allahın kitabının oxunmasına, bəndələrə nəsihət verilməsinə elmi və faydalı sözlər danışılmasına mane olun!

Bu keçiddə sizin üçün iki böyük iş var. Hansına nail olsanız, qələbə çalmış olarsınız.

Birincisi, batil söz danışmaqdır. Belə ki, batil söz danışan sizin bir qardaşınızdır. O, sizin ən böyük əsgərlərinizdən və silahdaşlarınızdan biridir.

İkincisi isə haqqı danışmayıb susmaqdır. Haqqı danışmayıb susan sizin lal qardaşınızdır. Əvvəlki isə sizin danışan qardaşınız idi. Bəlkə də ikinci qardaşınız sizə daha faydalı olan qardaşınızdır. Siz müdrik birinin “batili söyləyən danışan şeytan, haqqı söyləməyib susan isə lal şeytandır[1] sözlərini eşitməmisiniz?

Bu keçidə çox diqqət ayırın! Elə edin ki, əsla orada haqq danışılmasın, danışılan təkcə batil olsun! Hər yoldan istifadə edərək batil sözlər danışmağı bəndənin gözündə bəzəyin! Həmçinin, hər yoldan istifadə edərək bəndəyə haqq sözlər danışmağı təhlükəli bir iş kimi göstərin!

Ey övladlarım, bilin ki, mən Adəm övladını bu keçidlə həlaka uğradıram və onları Cəhənnəmə burunları üstə bununla sürükləyirəm. Mənim bu keçiddən istifadə edərək öldürdüyüm, əsir aldığım və yaraladığım çox adam var.

Sizə bir tövsiyəm də var. Ona diqqətlə qulaq asın! Biriniz insan qardaşınızın dili ilə bir söz desin! Başqa biriniz eşidənin dili ilə onu bəyəndiyini bildirsin və beləcə ona dəstək versin! Eşidənin xoşuna gəlməsini təmin etsin və onun dilindən həmin sözlərin yenidən təkrarlanmasını istəsin!

Hər yolla insana qarşı birləşin! Hər tərəfdən onun üstünə cumun! Onları ovlamaq üçün bütün tələlərinizi qurun! Məgər mənim onların Rəbbinə and içməyimi eşitməmisiniz? Axı mən onların Rəbbinə “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (əl-Əraf, 16-17) — demişdim.

Məgər siz məni Adəm övladının bütün yollarının üstündə oturduğumu görmürsünüz? Mən öz məqsədimi və amalımı həyata keçirmək üçün onun getdiyi bütün yollarda oluram. Bunu onların peyğəmbəri də bildirmiş və onlara belə demişdi: “Şeytan Adəm övladının bütün yollarında oturur. O, İslam yolu üstündə də oturar və deyər: “Sən müsəlman olub özünün və ata-babalarının dinindən dönürsən?” Əgər insan ona qulaq asmayıb müsəlman olarsa, bu dəfə şeytan hicrət yolunun üstündə oturar və deyər: “Sən yerini və göyünü buraxıb hicrətmi edirsən?” İnsan bu sözə də qulaq verməyib hicrət etsə, bu dəfə şeytan cihad yolunun üstündə oturar və deyər: “Sən vuruşursan ki, öləsən, sonra da malın bölüşdürülsün və arvadın başqa ərə getsin?”[2]

Beləcə, Adəm övladının bütün xeyir yollarında oturun! Onlardan biri sədəqə vermək istədikdə, sədəqə yolunda oturun və ona belə deyin: “Sədəqə verirsən ki, özün də belə dilənçi olasan?” Onların öz dilləri ilə danışın və onlara dedizdirin ki, bu, bizim malımızdır və əgər biz bu maldan sizə versək, biz də sizin kimi olarıq.”

Həmçinin, həcc yolunda oturun və deyin: Həccə getmək çox çətin və qorxulu bir işdir. Həccə gedənin həm canı, həm də malı tələf olar.

Bu şəkildə bütün xeyir yollarında oturun və xeyir əməlləri insanların gözlərində böyüdün və xeyir əməllərə qarşı qorxu və nifrət yaradın!

Sonra günah yollarında oturun! Günahları Adəm övladının gözlərinə gözəl göstərin, qəlblərində bəzəyin! Bu xüsusda ən böyük kömək kimi, qadınlardan istifadə edin! Onların qapısından keçərək insanları ələ alın! Onlar sizin üçün necə də böyük köməkdir!

Sonra əl və ayaq keçidini ələ keçirin! Onların sizə zərər verməsinə əngəl olun!

Bilin ki, bu səngərlərdə keşik çəkərkən sizin ən böyük köməkçiniz nəfs-əmmarədir. Ona kömək edin və ondan kömək alm! Ona yardım edin və ondan yardım istəyin! Nəfs-mütməinlə müharibədə onunla birgə olun! Nəfs-mütməini məğlub etməyə və gücünü zəiflətməyə çalışın! Bu isə onu bəsləndiyi qaynaqlardan qoparmaqla mümkündür. Əgər o, bəsləndiyi qaynaqlardan qopsa, nəfs-əmmarənin gücü çoxalar. Onun gücü də sizə xidmət edər. Belə ki, o, sizin istədiklərinizi və arzuladıqlarınızı əmr edər, sizin istəmədiklərinizi qadağan edər. O, heç bir şeydə sizinlə müxalif olmaz. Əksinə, ona bir şey məsləhət görsəniz, onu dərhal edər.

Əgər qəlbin dərinliyinə çatmaq və bu işdən tam əmin olmaq istəsəniz, onda onunla nəfs arasında nigah əqdi bağlayın! Onu bəzəyib düzəyin və qəlbə ən gözəl gəlin şəklində göstərin! Deyin ki, müharibənin əzabını və yaranın acısını daddığın kimi, bu gəlinə qovuşmaqdan həzz al və onun vüsalını yaşa! Sonra bunun dadı ilə müharibənin ağrı-acısının dadını müqayisə et! Müharibədən əl çək, qoy, qurtarsın! Bu, bir günlük müharibə deyil. Əksinə ölüncəyə qədər davam edən bir müharibədir. Sənin gücün uzun çəkən bu müharibədə zəifləyəcək.

Ey mənim övladlarım! İki böyük ordunun köməyindən istifadə etməyi unutmayın! Siz onlarla heç vaxt məğlub olmazsınız!

Birincisi, qəflət ordusudur. Adəm övladının qəlbini hər yolla Allahdan və Axirət yurdundan qəflətdə saxlayın! Siz öz məqsədinizə bu yoldan daha yaxın yolla çata bilməzsiniz. Həqiqətən, əgər qəlb Allahdan qafil olsa, onu ələ keçirib keşikçilərini tərki-silah edə bilərsiniz.

İkinci ordu şəhvətdir. Onu insanların qəlblərində bəzəyin, gözlərində gözəl göstərin!

Bu iki ordu ilə onların üstünə yeriyin! Adəm övladı üzərində sizin qələbə çalmağınızı daha yaxşı təmin edən ordu yoxdur.

Şəhvətlərlə qəflətə, qəflətlə şəhvətlərə pənah aparın! İki qafili qafil olmayan bir nəfərin üstünə salın! Qafil olmayan bir nəfər beş nəfərlə mübarizə apara bilməz. Çünki iki qafilin iki şeytanı var. Qafil olmayanın da bir şeytanı vardır.

Əgər bir qrup insanın sənə zərər verəcək şəkildə bir yerə toplaşaraq Allahı zikr etdiklərini, Onun dinini, əmr və qadağalarını müzakirə etdiklərini görsən və onlara mane ola bilməsən, avara insanlardan istifadə et! Avaraları onların üstünə sal və aralarında iğtişaş yarat!

Bir sözlə, hər işə qarşı ona uyğun olan başqa bir şeylə hazırlıqlı olun! Adəm övladının hər birinə öz istəyindən və şəhvətindən yaxınlaşın! Ona istəyinə çatmaqda köməkçi olun! Allah onlara əmr edib ki, sizə qarşı səbir etsinlər, dözümlü olsunlar, səngərlərini sizə qarşı qorusunlar. Ona görə də siz də səbir edin, dözümlü olun, onlara qarşı səngərləri qoruyun! Onların şəhvətli və qəzəbli hallarından istifadə etməyi əldən vermə! Adəm övladını bu iki vəziyyətdə asan ovlaya bilərsiniz.

Bilin ki, bəzilərində şəhvətin gücü daha çox, qəzəbin gücü isə azdır. Bu cür kəslər üçün şəhvət yolunu tutun, qəzəb yolundan əl çəkin! Bəzilərində isə qəzəb gücü daha çox, şəhvət gücü isə azdır. Belələrində isə qəzəb yolunu tutun! Ancaq şəhvət yolunu da boş buraxmayın! Kim qəzəb anında özünə hakim ola bilmirsə, şəhvəti yarandığında da özünə hakim olmayacaq. Elə isə onun qəzəbi ilə şəhvətini cütləşdirin, birləşdirin! Şəhvətə qəzəb qapısından, qəzəbə isə şəhvət qapısından çağırın!

Bilin ki, Adəm övladlarına qarşı bu ikisindən daha təsirli silah yoxdur. Onların ata-anasını Cənnətdən şəhvətə görə çıxartdım. Onların övladları arasında qəzəblə ədavət və düşmənçilik saldım. Qəzəblə onların qohumluq əlaqələrini kəsdim, qanlarını axıtdım. Adəmin oğullarından biri digərini məhz qəzəbindən öldürdü.

Bilin ki, qəzəb Adəm övladının qəlbində bir köz, şəhvət isə qəlbini alovlandıran bir oddur. Od su, namaz, zikr və təkbir ilə sönər. Əsla Adəm övladını qəzəbli halında dəstəmaza və namaza yaxın buraxmayın! Bu, onlardakı qəzəb və şəhvət atəşini söndürər. Onların peyğəmbəri bu cür əmr etmişdir: “Qəzəb Adəm övladının qəlbində bir közdür. Onun gözlərindəki qızartını və şahdamarındakı qabartını görmürsünüzmü? Kim belə bir şey hiss edərsə, dəstəmaz alsın![3]7 Həmçinin, onlara belə demişdir: “Həqiqətən, od su ilə söndürülür.[4]

Allah onlara tövsiyə etdi ki, sizə qarşı Ondan səbirlə və namazla kömək diləsinlər. Ona görə də siz onların səbirlə və namazla Allahdan kömək diləmələrinə mane olun! Onlara Allahı unutdurun! Onlara qarşı şəhvətdən və qəzəbdən kömək diləyin! Sizin onlara qarşı ən təsirli və ən çox dağıdıcı silahınız qəflət və həvəsə uymaqdır. Onların sizə qarşı ən böyük silahları Allahı zikr etmək və həvəsə qarşı çıxmaqdır. Əgər insanı öz həvəsinə qarşı çıxdığını görsəniz, onun kölgəsindən də qaçın, ondan uzaq durun!

Demək istədiyimiz odur ki, günahlar və Allaha qarşı asiliklər öz düşməninin əlinə verdiyi və ona qarşı istifadə edildiyi bir silahdır. Düşməni bu silahdan istifadə edərək ona qarşı vuruşar. İnsan da özünə qarşı müharibədə düşməninin yanında olar. Bu isə son dərəcə cahillikdir.

Düşmənlər verə bilməzlər cahilə zərər

Cahilin özünün özünə verdiyi qədər.[5]

Qəribə burasındadır ki, qul özünü zəiflətməklə məşğuldur, ancaq özünü gücləndirdiyini hesab edər. O, özünü ən böyük və ən şərəfli şansdan məhrum edər, ancaq öz şansını əldə etmək üçün çalışdığını düşünər. O, özünü alçaldar, kiçildər və dəyərdən salar, ancaq özünü izzətləndirdiyini və hörmətə mindirdiyini zənn edər.

Sələflərdən biri öz xütbəsində belə demişdi: “ Elə insanlar var ki, özünü alçaldar, ancaq yüksəltdiyini zənn edər, özünü hörmətdən salar, ancaq izzətləndirdiyini zənn edər, özünü itirər, ancaq qazandığını zənn edər. İnsana cahilliyindən dolayı düşməninin yanında özünə qarşı olması bəsdir. O, özünə düşməninin vermədiyi əzab-əziyyəti verər.” Allah qorusun!

Müəllif : İbn Qeyyim əl-Cövziyyə

Kitabın adı: Dərd və Dəva

__________________________________________________

[1] Quşeyli öz şeyxi Əli ibn Dəqqaqın belə dediyini nəql etmişdir: “Kim haqqı danışmayıb susarsa, o. lal şeytandır.” Bax: “Risalə, 120

[2] Hədisi Nəsai (3134); Əhməd (3/483; X® 15958), İbn Hibban (4593), Buxari (“Tarix” 4/187-188) və başqaları Musa ibn Museyyibdən, o da Salim ibn Əbi Cəd vasitəsilə Səbra ibn Əbi Fakihdən nəql etmişdir. İbn Hibban və İraqi hədisi səhih hesab etmişdir. Əlbani, “Səhih sünən Nəsai” (3134) əsərində sənədin səhih olduğunu qeyd etmişdir.

[3] Hədisi Tirmizi (2191), İbn Macə (4000), Əhməd (3/19; JMb 11143), Hakim (4/551; 8543) və başqaları Əli ibn Zeyd ibn Cədan vasitəsilə Əbu Nadradan, o da Əbu Səid əl-Xudridən nəql etmişdir. İbn Cədanın zəif ravi olması ehtimal olunur.

[4] Əbu Davud (4784), Əhməd (4/226), Buxari (“Tarix” 7/8), Təbərani (17/167; N2 443) və başqaları Əbu Vail əl-Qas vasitəsilə Urva ibn Məhəmməd ibn Atiyyədən, o da atasından, 0 da babasından Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)  belə dediyini rəvayət etmişdir: “Qəzəb şeytandandır. Şeytan isə oddan yaranıb. Od su ilə söndürülür. Sizdən kimsə qəzəblənsə, dəstəmaz alsın!” Bu isnad zəifdir. Məhəməd ibn Atiyyə məchuldur. İbn Hibban hədisi Əbu Vail əl-Qasın münkərlərindən biri hesab etmişdir. Əlbani hər iki rəvayəti “Zəif əl-Cami” (3165) əsərində zəif olduğunu qeyd etmişdir.

[5] Beyt Saleh ibn Quddusa aiddir. Bax: “Ət-Təmsil val muhadarə” 77; “Əl- Həməsatul bəsəriyyə” 874

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

 Materialı hazırladı www.TAQVA.NET saytı

(13)

TƏQVA «Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

LEAVE YOUR COMMENT

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *