Ramazan ayı

Ramazan ayının başlanması, bitməsi və ayı görməyin hökümləri

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

  1. Sual: Qəməri ayların başlanması hansı yolla isbat edilir?

Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə əsasən şaban ayının otuzuncu gecəsi günəş batandan sonra yeni doğmuş ayı bir nəfər, yaxud ramazan ayının otuzuncu gecəsində isə iki nəfər inamlı müsəlmanın görməsi kifayətdir. Beləliklə ayın əvvəli və sonu təyin edilir. Artıq günəş batandan sonra təzə doğmuş ayın neçə dəqiqə görsənməsi əhəmiyyət kəsb etmir.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi)

 

Ayın çıxışlarını isbat etmək üçün təqvimlərə əsaslanmaq olmaz.

 

  1. Sual: Bəzi islam ölkələrində, müsəlmanlar oruc tutmaq üçün ayın görsənməsinə deyil, təqvimlərə əsaslanırlar. Bu nə dərəcədə doğrudur?

Cavab: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara: «Təzə doğmuş ayı görməklə oruc tutmağı və onu görməklə də oruclarını açmağı əmr etmişdir. Ayı görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı əmr etmişdir»(Buxari və Müslim). Digər hədisdə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: «Biz yazıb-oxumaq bilməyən və ayları sayla hesablamayan ümmətik. Ayın günləri bu qədərdir deyib əl barmaqları ilə işarə etdi.» Yəni, ayın iyirmi doqquz və ya otuz gün olduğunu vurğuladı». Səhih Buxaridə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: «Yeni doğmuş ayı görməklə oruc tutun və onu görməklə də orucunuzu açın. Əgər ayı görə bilməsəniz onda şaban ayını otuz gün hesablayın». Başqa hədisdə isə buyurur: «Yeni doğmuş ayı görənə qədər oruc tutmayın və əks halda ayın günlərini otuz gün hesablayın. Yeni doğmuş ayı görənə qədər orucunuzu açmayın və əks halda ayın günlərini otuz gün hesablayın». Bu haqda hədislər həddindən artıq çoxdur və bütün hədislər ayların yeni doğmuş ayla hesablanmasını, görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı təkid edirlər. Həmçinin hədislərə görə oruc tutmaq üçün təqvimlərə əsaslanmaq olmaz. Ibn Teymiyyə (Allah ona rəhmət etsin)  deyir ki, alimlər yekdilliklə deyirlər ki, bu işdə təqvimlərə əsaslanmaq düzgün deyildir. Haqq olan da budur.

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

 

Yeni doğmuş ay bir ölkədə görsəndikdə, onunla bağlı hökmlər digər ölkələrdə yaşayanlara məcburi deyildir.

  1. Sual: Islam alimləri Ramazan orucunun və bayramının başlaması haqda böyük ixtilaf etmişlər. Bəziləri hədislərə, digərləri isə müasir astronomların dediklərinə əsalanırlarsa bu nə dərəcədə doğrudur?

Cavab: Doğru rəy Peyğəmbərin ona Allahın salavatı və salamı olsun hədisinə: «Ayı görməklə imsak edin, həmçinin ayı görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin» — əsaslanmaqdır.

Allah keçmişi və gələcəyi biləndir. O bizə, təzə doğmuş ayı gördükdə oruc tutmağı fərz etmişdir. Bu məsələ alimlər arasında icmaya (ittifaqa) bənzər bir məsələdir.

(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).

  1. Sual: Ölkə xaricində təhsil alan tələbələr orucluğun başlaması və bitməsini bilməkdən ötrü, hansı ölkəyə tabe olmalıdırlar?

Cavab: Bu sual, ayın müxtəlif çıxışları ilə əlaqəlidir. Alimlər ayın bir yerdə digər yerdən tez görsənməsi haqda ixtilaf etmişlər və Daimi elmi araşdırmalar və fətvalar mərkəzi də bu haqda tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki:

Alimlərin bəziləri ayın müxtəlif çıxışlarını qəbul edir (yəni: bir ölkədə görsənən ay digərinə aid deyil), digərləri isə bunu etibarsız sayırlar (yəni: bir ölkədə görülən ay bütün ölkələri əhatə edir). Hər iki rəyin alimləri Quran və Sünnətdən dəlil gətirirlər. Sadəcə olaraq onların bu dəlilləri başa düşmələrində fərq vardır.

Bu məsələ üzərində böyük ixtilaf etmək elədə qorxulu deyil. Islam ümməti neçə əsrlərdir ki yaşayır və bu müddət ərzində müsəlmanlar ayı görməkdə yekdil olmamışlar. Hər bir dövlətin alimlər vasitəsi ilə iki rəydən birini seçməyə haqqı vardır.

(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).

  1. Sual: Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?!

Cavab: Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar.

(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).

  1. Sual: Bütün islam dövlətləri, Səudiyyə Ərəbistanında toplanıb Ramazan ayının başlanması və bitməsini eyni tarixə təyin etmək üçün toplantı keçirmişdilər. Bəs nə üçün bu birlik baş tutmadı? Bu razılaşmaya müxalif olan müsəlmanlar şəriət baxımından nə dərəcədə doğru hərəkət edirlər?

Cavab: Islam dövlətləri heç vaxt Ramazan ayının eyni vaxtda daxil olmasında yekdil rəyə gəlməmişlər. Çünki elm əhlinin dediklərinə əsasən təzə ayın görsənməsi dövlətdən dövlətə fərqlidir. Hamıya məlumdur ki, ayın çıxış nöqtələri arasında fərq mövcuddur. Bu mənanı təkid edən hədisi İmam Müslim öz səhih kitabında rəvayət etmişdir. Və həmin rəvayətdə deyilir: Ibn Abbasın (Allah ondan razı olsun) köləsi olan Kureyb (Allah ona rəhmət etsin) deyir: Ummul Fadl bint əl-Haris (Allah ondan razı olsun) məni Şam vilayətinə Müaviyənin (Allah ondan razı olsun) yanına iş dalınca göndərmişdi. Mən Şama çatdım və onun işlərini görüb qurtardım. Elə bu günlərdə Ramazan ayı başladı, mən isə hələ də Şamda idim. Cümə gecəsi mən də təzə görsənən ayı gördüm. Sonra Ramazan ayının axır günlərində Mədinə şəhərinə qayıtdım. Abdullah İbn Abbas (Allah ondan razı olsun) məni görüb hal-əhval tutduqdan sonra təzə görsənən ay haqda danışdı və «Təzə ayı nə vaxt görmüsünüz?» – deyərək soruşdu. Mən, təzə ayı cümə gecəsi gördüymüzü ona xəbər verdim. O dedi: Sən öz gözlərinlə gördünmü? Mən: «Bəli, mən və bütün camaat təzə ayı gördük, oruc tutduq və Müaviyə də oruc tutdu» — deyərək cavab verdim. O dedi: Biz isə şənbə gecəsi görmüşük. Ona görə də biz ayı görənə qədər oruc tutacayıq və ya otuz günü tamamlayacayıq. Mən dedim: Məyər Müaviyənin (Allah ondan razı olsun) təzə ayı görməsi və oruc tutması sənin üçün kifayət deyilmi? O dedi: Xeyr, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir».

Hədisin məsələyə dəlil olması aşağıdakı bəndlərdə açıqlanır:

  • O zamanlar müsəlmanlar bir dövlət idilər və Müaviyə (Allah ondan razı olsun) də onların xəlifəsi idi. Ibn Abbas (Allah ondan razı olsun) da Müaviyənin (Allah ondan razı olsun) xilafətini tanıyanlardan biri idi. Əgər ayın çıxışlarının fərqli olması əhəmiyyət kəsb etməsəydi onda İbn Abbas (Allah ondan razı olsun) və Mədinə şəhərinin camaatı Müaviyəyə (Allah ondan razı olsun) müxalif olmazdılar.
  • Kureyb (Allah ona rəhmət etsin) Ibn Abbasa (Allah ondan razı olsun) özünün ayı görməsini və camaatında da görməsini xəbər verdi. Kureyb (Allah ona rəhmət etsin) özü etibarlı tabiinlərdən və Ibn Abbasın (Allah ondan razı olsun) ən inamlı rəvayətçilərindən idi. Onun çox rəvayətləri Buxari, Müslim və digər kitablarda mövcuddur.
  • İbn Abbas (Allah ondan razı olsun): » Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir» — deyərək cavab verir və bununla da məsələni Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət edir. Ibn Abbas (Allah ondan razı olsun) nə danışdığını yaxşı bilir. Həmçinin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət etdiyi sözün məsuliyyətini də dərk edirdi.

Amma həcc zamanı Ərafat gününün eyni vaxta təsadüf etməsinə gəldikdə isə: Bu gündə hamı eyni məkanda, Məkkədə olduğu üçün fikir də eyni olur. Əgər sən Məkkə şəhərindəsənsə onda ölkənlə Məkkə arasında olan ixtilafın sənə və sənin həccinə aidiyyatı yoxdur.

Allah daha yaxşı biləndir.

  1. Sual: Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?

Cavab: Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: «Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür».

Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: «Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər».

Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.

Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.

(Şeyx, Əbdül Əziz ibn Bəzz).

  1. Sual: Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?

Cavab: Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: «Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin». Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan.

(Şeyx Saleh ibn Fovzan ibn Abdullah).

  1. Sual: Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edirik. Ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq?

Cavab: Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır.

(Şeyx, Əbdül Əziz İbn Bəzz).

  1. Sual: Bütün müsəlmanlar müxtəlif ölkələrdə eyni vaxtda oruc tutmalıdırlarmı? Bəzi qeyri müsəlman ölkələrdə yaşayan müsəlmanlar necə oruc tutmalıdırlar?

Cavab: Bu məsələdə elm əhli ixtilaf etmişlər. Yəni: Bir müsəlman ölkəsində ayın göründüyü və isbat olunduğu halda digər müsəlman ölkələr buna riayət etməlidirlərmi?

Alimlərin bəziləri digər ölkələrin də buna riayət etməsinin lazım olduğunu deyirlər. Dəlilləri isə bunlardır:

  1. «Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar». əl-Bəqərə-185
  2. «Onu (ayı) gördükdə oruc tutun». Bu xitab bütün müsəlmanlaradır.
  3. Həmçinin hamıya məlumdur ki, hər kəsin ayın doğmasını görməsi şərt deyil. Bunu bir neçə nəfər görərsə bu kifayətdir. Bu da bütün ölkələri əhatə edir.

Digər alimlər isə demişlər ki, əgər ayın çıxışları müxtəlif olarsa bu zaman hər ölkənin öz ayı görməsi vardır. Əgər ayın çıxışları müxtəlif olmazsa (yaxın ölkələrdəki kimi) bu zaman hamı eyni etməlidir. Bu alimlər də birinci rəyin alimlərinin dəlillərini əsas gətirirlər.

«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar». əl-Bəqərə-185. Hamıya məlumdur ki, burada məqsəd hər kəsin ayı görməsi qəsd olunmur. Ay görülən ölkədə və ayın çıxışları müxtəlif olmayan ölkələrdə (bir-birinə yaxın ölkələrdə) buna riayət edilir. Amma ayın çıxışlarında eyni olmayan ölkələr isə ayı nə həqiqi nə də hökmü olaraq görməmişlər.

Həmçinin Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünün açıqlamasında isə deyirik: «Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin». Başqa ölkədə olan adam, digər ölkədə ayı görənlə ayın çıxışlarında eyni deyil. Bu adam ayı nə həqiqi nə də hökmü ilə görmüşdür.

Həmçinin aylıq vaxtlar da gündəlik vaxtlar kimidir. Necə ki, ölkələr gündəlik iftar və imsak vaxtlarında müxtəlifdirlər həmçinin də aylıq vaxtlarda da müxtəlifdirlər və bu ixtilaf olmalıdır. Məlum olduğu kimi gündəlik vaxt ixtilafının təsiri vardır. Dünyanın şərqində yaşayan qərbində yaşayandan əvvəl oruc tutur və oruc açır. Deməli gündəlik vaxtda çıxışların müxtəlifliyi aylıq vaxtda olan çıxışların müxtəlifliyinin hökmü kimidir.

Həmçinin heç kəs deyə bilməz ki, bu ayədə: «Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın» əl-Bəqərə-187. Həmçinin bu hədisdə: «Gecə bu tərəfdən gəldikdə, gündüz də bu tərəfdən getdikdə və günəş batdıqda artıq oructutan iftar etmiş sayılır». Heç kəs deyə bilməz ki, bu bütün ölkələrdəki müsəlmanlara aiddir. Eləcə də Allah təalənin digər ayəsi haqda da belə deyirik: «Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar» əl-Bəqərə-185. Hədis haqda da belə deyirik: «Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin».

Gördüyün kimi bu rəy ləfzinə, düzgün nəzəriyyəsinə və doğru müqayisəsinə görə daha güclüdür. Bu rəydə gündəlik vaxtın aylıq vaxta müqayisə edilməsi təmamilə doğrudur. Başqa bir rəyə görə isə bu iş əmr sahibinin, dövlət başçısının əlindədir. O, şəriət dəlilləri əsasında dediyi vaxt oruc tutulur və iftar edilir ki, insanlar arasında ikitirəlik və ixtilaf düşməsin. Bu alimlərin dəlili isə budur: «Orucluq oruc tutduğunuz gündür, iftar isə iftar etdiyiniz gün». Amma sualın ikinci hissəsinin cavabı isə belədir: Kafir ölkələrdə yaşayıb ayı görə bilməyən müsəlmanlar isə onlara yaxın olan ölkələrdən götürməlidirlər.

(Əd-Dəvət kitabı, 5-ci cild, İbn Useymin, (2\ 152-156))

    1. Sual: Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu islam ölkələrində fərqlidir. Həmin dövlətlərin hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?

Cavab: Yeni ayın görsənməsi haqda alimlər ixtilaf ediblər. Bəziləri deyirlər ki, əgər hansısa ölkədə şəriət qanunlarına uyğun olaraq ramazanın yeni doğmuş ayı görsənibsə bütün müsəlmanlar oruc tutmalı, şəvval ayının yeni doğmuş ayı görsənibsə onda bütün müsəlmanlar oruclarını açmalıdırlar (iftar etməlidirlər). Bu fikir imam Əhmədin (Allah ona rəhmət etsin) məşhur rəyidir. Bu rəyə görə, əgər ramazan ayının daxil olmasını və ya bitməsini bildirən yeni ay doğuşunu Səudiyyə Ərəbistanında görsələr, onda bütün dünya müsəlmanlarına oruc tutmaq və ya iftar etmək vacib olmalıdır. Bu məsələdə onların əsas dəlilləri Allah təalənin ayəsidir: «(ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar;…» (əl-Bəqərə: 185). Hədislərdən olan dəlilləri isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünün ümumi mənasıdır: «Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də iftar edin».

Digər alimlər isə deyirlər: Bir ölkədə Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən ayın doğuşunu gördükdə digər ölkələrə oruc tutmaq və ya iftar etmək vacib deyildir. Yalnız ayı görənlərə və ayın çıxış nöqtələrində bir-birləri ilə eyni olanlara vacibdir. Çünki mütəxəssislərin yekdil rəylərinə görə ayın çıxış nöqtələri dəyişikdir. Əgər ayın görsənməsi ixtilaflı olarsa onda hər ölkənin öz görməsi ilə hökm verilməlidir. Həmin hökmlər ayın çıxışlarında müttəfiq olan ölkələrə də şamil edilir. Bu rəy Ibn Teymiyyənin (Allah ona rəhmət etsin) ixtiyar etdiyi rəydir. O bu məsələyə dəlil olaraq Allah təalənin bu ayəsini: «(ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar» (əl-Bəqərə: 185) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu hədisini: «Onu gördükdə oruc tutun və onu gördükdə də iftar edin» – buyurmuşdur. Ibn Teymiyyənin gətirdiyi dəlil birinci rəyin dəlili ilə eynidir. Fərq sadəcə olaraq dəlillərin başa düşülməsindədir. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: Ramazan ayının daxil olmasını bildirən ayın görünməsi onu görən və şahidlik edənlə bağlıdır. Dəlilə əsasən məsələnin hökmü ayı görməyən və şəhadətlik etməyənlərə aid deyildir. Ona görə də hansısa ölkədə (ramazan ayının daxil olmasını bildirən və s.) ayın görsənməsi bütün ölkələrə aid edilə bilməz. Bu dəlildən çıxarılmış çox güclü mənadır. Bu mənanı nəzəriyyə və müqayisə də təsdiq edir.

Şeyx Ibn Useymin.

Şeyx Albani (Allah ona rəhmət etsin!) «Təmamul Minnə» adlı kitabında ramazan ayının başlayıb bitməsi haqda alimlərin üç müxtəlif rəyinə münasibət bildirir və cümhurun rəyini (yəni, ayın başlayıb bitməsi təzə doğmuş ayın görsənməsi ilə edilir.) — daha üstün tutur. Və harada yaşamasından asılı olmayaraq ayın görsənməsi xəbərini eşidən hər bir kəs bu xəbərə əməl etməlidir. Lakin mən hesab edirəm ki, İslam dövlətləri buna əməl edənə qədər mən hər bir dövlətin əhalisinə öz dövləti ilə oruc tutub açmasını məsləhət edirəm. Bəziləri öz ölkəsi, bəziləri isə başqa ölkə ilə oruc tutaraq öz aralarında parçalanma yaratmasınlar. Çünki bu bir millət arasında ixtilafları daha da genişləndirir. Biz artıq bir neçə ildir ki, bəzi ərəb dövlətlərində bunun şahidi olmuşuq. Allah daha yaxşı biləndir!»[1].

 

İbn Teymiyyənin (Allah ona rəhmət etsin) ayın görünməsi haqda rəyi.

Şeyxul İslam Əhməd İbn Əbdül Həlim İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə bir sual ilə soruşulmuşdur:

Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir?

Cavabında buyurdu: Əlhəmdulilləh… Bu məsələ haqda üç rəy vardır.

Birinci rəy:  O, Ramazan ayının daxil olmasını bildirən təzə ayı gördükdə oruc tutmalı və ya Ramazan ayının bitməsini bildirən təzə ayı gördükdə iftar etməlidir. Bu imam Şafiinin məzhəbidir.

Ikinci rəy: O, orucu tutmalı, amma iftarı isə camaat ilə etməlidir. Bu rəy imam Əhməd, Malik və Əbu Hənifənin rəyidir.

Üçüncü rəy: Camaat ilə oruc tutur və camaat ilə də iftar edir. Bu rəy İmam Əhməddən rəvayət olunur və bu da Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünə əsasən haqqa daha yaxın olan rəydir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür». Bu hədisi Tirmizi, Əbu Davud və İbn Macə rəvayət etmişlər. Tirmizi hədisi rəvayət etdikdən sonra demişdir: «Bəzi elm adamları bu hədisin açıqlamasını belə vermişlər: Hədisin mənasına görə iftar və oruc camaat və çoxluqla edilməlidir» (Tirmizinin sünən kitabı, Oruc bölməsi, 11-ci fəsil).

Həmçinin belə bir sual ilə də soruşulmuşdur:

Şəhər əhalisinin bir hissəsi Zül Hiccə ayının daxil olmasını bildirən yeni ayı görmüşlər, amma şəhərin hakimi isə ayın daxil olmadığını demişdir. Belə halda həmin camaat zahirən doqquzuncu gün olub batinən onuncu gün sayılan gündə oruc tutmalıdırlarmı?

Cavabında buyurmuşdur: Bəli, onlar ümumən hamıya məlum olan və camaat arasında yayılan doqquzuncu gün oruc tutmalıdırlar. Hətta həqiqətdə bu gün onuncu gün olsa da yenə camaata tabe olunmalıdır.

Çünki sünən kitablarında Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir:«Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür». Bu hədisi Tirmizi, Əbu Davud və İbn Macə rəvayət etmişlər. Tirmizi həmçinin bu mənada olan digər hədisi Aişədən (Allah ondan razı olsun) də rəvayət etmiş və bildirmişdir ki: Bütün islam alimləri bu hədisə əməl etməkdədirlər.

Alimlərin yekdil rəyinə görə: Əgər camaat səhvən onuncu gün Ərafada dayansalar onların həccləri doğru sayılır. Həmin gün onların haqqında Ərafa günü sayılır. Əgər onlar səkkizinci gün Ərafada dayansalar, onların həccinin doğru olması məsələsində alimlər arasında fikir ayrılığı vardır. Amma doğru rəy odur ki, belə halda da onların Ərafa günü məqbuldur. Bu rəy İmam Malik və Əhmədin məzhəbində iki rəydən biri kimi qeyd edilir.

Aişə (Allah ondan razı olsun) deyir: «Ərafa, camaata bəlli olan, camaatın bildiyi gündür». Çünki Allah təalə hökmü yeni görsənən ay və ya ilin aylarına bağlamış və buyurmuşdur: «(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir….» (Əl-Bəqərə: 189). Ərəb dilində Hilal (yeni doğan ay) sözü məlum olan və aşkar görsənənə deyilir. Əgər təzə ay səmada doğar amma camaat onu görməsələr və ya bilməsələr deməli bu Hilal (yeni doğan ay)sayılmır. Həmçinin Şəhr (ay, ilin on iki ayı) sözü də şöhrət və məşhurlaşmaq sözündən götürülmüşdür. Əgər təzə ayın daxil olması camaat arasında məşhurlaşmayıbsa deməli hələ ay daxil olmamışdır. Çox insanlar belə məsələlərdə səhv edirlər. Onlar elə zənn edirlər ki, camaatın bilib-bilməməsindən asılı olmayaraq, əgər ay (Hilal) səmada görsənsə deməli yeni ay daxil olmuşdur. Həqiqətdə isə belə deyil! Yeni ayın daxil olmasını mütləq camaat bilməli və yayılmalıdır. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür». Yəni, bütün camaat bu günlərin oruc, iftar və ya qurban günü olmasını bilməlidirlər. Əgər onlar bu günləri bilmirlərsə məsələnin hökmü də onlara aid edilmir… Allah daha yaxşı biləndir!.

Ramazan ayını 28 gün oruc tutmağın hökmü.

Sual: Ramazan ayında yalnız 28 gün oruc tutmaq olarmı?

Cavab: Səhih hədislərə əsasən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hicri ayların 29 gündən az olmadığını qeyd etmişdir. Ona görə də Şəvval ayının daxil olması tam bəlli olduqda müsəlmanlar əgər 28 gün oruc tutublarsa onda onlar bir gün əlavə oruc tutmalıdırlar. Çünki, deməli onlar Ramazan ayının ilk günündə iftar ediblər. Ona görə də həmin günün qəzasını mütləq tutmaq lazımdır. Çünki hicri ayların 28 gün olması mümkün deyildir. Hicri ayları 29 və ya 30 gün olmalıdır.

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

31 gün oruc tutmaq: Ayın görsənməsini nəzərə almadan daimi adət olaraq Ramazan ayını 30 gün oruc tutmaq.

Sual: Daimi adət olaraq Ramazan ayını 30 gün oruc tutmaq nə dərəcədə düzgündür?

Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə, səhabələrin və tabiinlərin mötəbər sözlərinə əsasən hicri ayları 29 və ya 30 gündən ibarət olur. Kim ayın görsənməsinə əhəmiyyət vermədən daimi olaraq Ramazan ayını 30 gün oruc tutarsa Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərinə və alimlərin ittifaqına müxaliflik edər, beləliklə Allahın buyurmadığı bir işi dinə bidət olaraq əlavə etmiş olar. Bu haqda Allah təalə buyurur: «Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın.» (əl-Əraf: 3) «Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir» (əl-Həşr: 7) «Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir» (ən-Nisa: 13-14). Ümumiyyətlə bu mənada olan ayələr çoxdur. Buxari və Müslimin səhih kitablarında İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir:  «Onu (yeni doğmuş ayı) görməklə oruc tutun və onu görməklə də iftar edir. Əgər onu görə bilməsəniz onda ayın günlərini (30 gün) sayın». Müslimin rəvayətində deyilir ki, «Ayın günlərini 30 gün hesablayın». Buxari və Müslimin digər rəvayətində deyilir: «Yeni doğmuş ayı gördükdə oruc tutun. Və onu gördükdə iftar edin. Əgər yeni doğmuş ayı görə biməsəniz onda olduğunuz ayı otuz gün hesablayın». Buxari və Müslimin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə deyilir: «Ayı görməklə oruc tutun və onu görməklə də iftar edin. Əgər ayı görə  bilməsəniz onda otuz gün hesablayın». Hüzeyfə Ibn əl-Yəmən (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: «Yeni doğmuş ayı görənə qədər və ya (şaban ayını) otuz gün hesablayana qədər oruc tutmayın» (Hədisi Əbu Davud və Nəsai səhih isnadla rəvayət etmişlər). Başqa səhih hədislərdə də deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «(Hicri) Ayı iyirmi doqquz gün olur. Siz yeni doğmuş ayı görənə qədər oruc tutmayın nə də iftar etməyin. Əgər ayı görmək mümkün olmasa onda ayın günlərini otuz hesablayın». Başqa bir hədisdə isə buyurmuşdur: «Ay belədir, belədir, belədir» — deyərək, əl barmaqlarının hamısı ilə işarə etdi və heç bir barmağını qatlamadı. Bununla da ayın bəzi hallarda otuz gün olmasına işarə edirdi. Səhabə və tabiinlərdən olan alimlər və onlardan sonra yaşayan digər elm əhli də bütün bu hədisləri səhih saymış və onları tətbiq etmişlər. Onlar Ramazan və ya Şəvval aylarının başlamasını və ya bitməsini bilmək üçün ayın doğuşunu izləyərdilər. Bununla da onlar həmin ayları hesablayardılar. Ona görə də bütün müsəlmanlar bu üslubdan istifadə etməli və insanların özlərindən ixtira etdikləri üsulları tərk etməlidirlər.  Bununla onlar Allahın cənnətlik saydığı bəndələrin sıralarına qoşula bilərlər. Allah təalə buyurur: «(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!» (ət-Tövbə: 100).

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

 

Ramazan ayının daxil olmasını yalnız Fəcr (sübh) vaxtı çıxdıqdan sonra eşitmək.

Sual: Yatıb qalmaq və ya başqa səbəbə görə Ramazan ayının daxil olmasını yalnız Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adamın orucunun hökmü nədir?

Cavab: Ramazan ayının daxil olmasını Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adam həmin günü oruc tutmalıdır. Lakin həmin günün əvəzinə bir gün qəza tutmalıdır. Çünki o, Ramazan orucunu tutmaq üçün niyətini fəcrin açılmasına qədər etməli idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinin birində buyurulur: «Kim Fəcrdən öncə oruc tutmağı niyət etməzsə onun orucu düzgün sayılmaz». Bu rəyi əl-Muvaffəq İbni Qudamə (əl-Muğni) kitabında nəql etmişdir və bu rəy əksər fiqh alimlərinin rəyidir. Deyilən şərt fərz oruclara aiddir. Nafilə orucları isə, fəcrdən sonra qidalanmamaq şərti ilə, gündüz vaxtı da niyət etmək olar.

(Şeyx: Əbdül Əziz İbn Bəzz)

 

Orucu müvəqqəti yaşadığın dövlət ilə bərabər tutmaq.

Sual: Ramazan ayının daxil olması Səudiyyə Ərəbistanı və ya başqa hansısa bir müsəlman ölkəsində elan edilib, amma mən yaşadığım dövlətdə isə hələ Ramazan ayının daxil olması elan edilməmişdir. Belə halda biz nə etməliyik. Səudiyyə ilə oruc tutaq, yoxsa yaşadığımız ölkə ilə oruc tutaq və onlarla da iftar edək? Həmçinin Ramazan ayının bitməsində də onlara tabe olaqmı? Ümumiyyətlə iki dövlət arasında belə ixtilaf olduqda nə etməli?

Cavab: Müsəlmana yaşadığı ölkə ilə birlikdə oruc tutmaq və onlarla da iftar etmək vacibdir.  Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Oruc, oruc tutan gününüz, iftar, iftar edən gününüz, qurbanlıq da qurban kəsən gününüzdür». Allah doğru yola yönəldəndir!

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

______________________________________________________

 

[1] Təmamul Minnə: cild 1, səh 398. (Fətva dəqiq, müxtəsər tərcümə edilmişdir).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Hazırladı www.TAQVA.NET saytı

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us