OrucRamazan ayı

Ramazana hazırlıq

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Usəmə ibn Zeyddən rəvayət olunan hədisdə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə deyir: “Ey Allahın Rəsulu, mən səni Şaban ayında oruc tutduğun kimi (və ya Şaban ayındakı qədər çox oruc tutduğun kimi) oruc tutan heç vaxt görmədim”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə cavabında buyurdu: “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın”. (Əhməd. Şeyx Albani hədisi səhih adlandırmışdır)

Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm də Ramazana hazırlıq baxımından bu ayda oruc tutardı. Çünki bu cür xeyir mövsümlərinə yaxınlaşdıqca şeytan insanı tənbəlləşdirir və ona vəsvəsələr edir ki, “Tərk etdiklərinin əvəzini Ramazanda çıxarsan… Ramazanda daha çox ibadət edərsən.”. Ramazan ayı girdikdən sonra isə insan artıq o aydakı xeyirləri əldə edə bilmir. Ramazan ayına heç bir xeyir əldə etmədən, girdiyi kimi çıxır. Səbəb də insanın tənbəllik düyününü açmaması olur. Buna görə Ramazanın bərəkətini əldə etmək istəyən, Allahın məğfirətini qazanmaq istəyən Şaban ayından artıq hazırlığa başlamalıdır.

İman əhli qətiyyətli olmalı, Allahla əhdlərini möhkəmləndirməli və daha çox çalışmalıdır. İndidən çalışmalıdır ki, Ramazan ayındakı xeyirlərə müvəffəq ola bilsin. Ömür sürətlə ötüb keçdiyi kimi, bu ilki Ramazan ayı da beləcə ötüb keçəcək və insan bu fürsətdən istifadə etmədiyinə görə peşmançılıq çəkəcəkdir. Sonrakı peşmançılıq isə insana fayda verməz. Uca Allah buyurur: “O gün insan törətdiklərini xatırlayacaqdır.” (ən-Nəziət, 35)

Lakin o gün xatırlamağın faydası olmayacaq və insan “kaş ki, mən həyatım üçün əməl edəydim” deyəcək. Dünya həyatı da bir həyatdır, lakin Qiyamət günü insan dünya həyatını həyat adlandırmayacaq. Həqiqi həyat Axirət olduğu üçün insan “kaş ki, mən əsl həyatım üçün əməl edəydim” deyəcək. Ona görə insanın nicatı ömrünü səmərəli istifadə etməkdədir. Ömür insanı Cənnətə aparan bir nemətdir və bu barədə insan Qiyamət günü soruşulacaqdır. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Qiyamət günü insan bu 4 şey barəsində soruşulmayınca yerindən tərpənməz: ömrünü nəyə sərf etdiyi, cavanlığını necə keçirtdiyi, malını necə qazandığı və nəyə xərclədiyi və bildiyi elmdən nəyə əməl etdiyi barəsində.” (Şeyx Albani hədisi “Həsən li-Ğayrihi” adlandırmışdır, bax: “Sahihut Tərğib vat Tərhib”, 1/127)

İnsan ömrünü faydalı keçirərsə, bu onun üçün ən böyük nemət sayılar. Ona görə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Bu iki nemət; sağlamlıq və boş vaxtdır.” (Buxari, 1, 60). Hədisdə gələn “əs-Sıhhətu kəliməsi – sağlamlıq, “əl-Fərağ” kəliməsi isə – boş vaxt deməkdir. “Ğabn” isə ərəbcə insanın şiddətlə aldanmasına deyilir. Bunların ikisi cəm olunarsa, insan əməlləri baxımından ziyana uğrayanlardan olar.

Bununla yanaşı Allahın bu ümmətə olan nemətindəndir ki, elə fəzilətli günlər, gecələr təyin etmişdir ki, insan o günlərdən istifadə edərsə, əvvəlki ümmətlərdən uzun ömür sürmüş insanların qazandığından daha çox savablar əldə edə bilər. Qədr gecəsi haqqında Quranda deyilir ki: “Qədr gecəsi min aydan xeyirlidir.” (əl-Qadr, 3) Bu isə 83 ilin ibadətinə bərabərdir. İnsan 30-40 il boyunca Qədr gecəsini yaxalayarsa, 2000-3000 il yaşamış kimi sayılar. Nuh Peyğəmbər min il və ya min ildən artıq yaşayıb. Bu ümmətin yaşı haqqında isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Ümmətimin yaşı 60 və 70 arası olacaqdır. 70-i aşanlar da az olacaqdır.” (Səhih İbn Məcə)

Buradan da ömrün nə qədər əhəmiyyətli bir nemət olması ortaya çıxır. Ağıl sahibi insan bu fürsətdən istifadə etməlidir. İnsan orta hesabla 24 saatının 7 saatını yuxuya, 8 saatını iş vaxtına, 2 saatını yola, 1 saatını telefona, 1 saat yarım yeməyə, 1 saat ehtiyaclarını ödəməsinə, 1 saat istirahətə, 1 saat dostları ilə oturmağa ayırır və 22 saatını beləcə keçirir. İnsan gün ərzində 5 dəqiqəsini xeyirə və ya düzgün olmayan bir işə sərf edərsə, 70 il ərzində bu 3 ay edir. Həmçinin bir saatını faydalı keçirər və ya zay edərsə, 70 ildə sanki 3 ilini zay etmişdir. Sərf edilən bu saatlara baxdıqda görürük ki, 22 saat 70 ildə 66 il edir. Deməli əgər insanın Qədərinə 70 il yaşamaq yazılıbsa, 70 ildən ona qalan 4 il olur. Bu 4 ilə onun namaz qılması, qohumlarını ziyarət etməsi və digər xeyirli işlər aiddir. Buradan da vaxtın nə qədər mühüm olması üzə çıxır. Vaxtın düzgün idarə olunması üçün tövsiyyə olunur ki, insan vaxtını zay etmək əvəzinə, əvəzləsin, məsələn yuxu saatını azaltsın, yola, telefona sərf etdiyi vaxtı azaltsın.

İnsan xatırlamalıdır ki, ölüm hər an gələ bilər. Lakin hər kəsin öləcəyini bilməsinə rəğmən, insanlar ölümü uzaq görürlər. Şeytan insana vəsvəsələr verir ki, “hələ vaxt var.. sonra edərsən.. sonra çalışarsan…” və beləcə ölümü insana unutdurur. Odur ki, “sonra”, şeytanın ən böyük qoşunlarından sayılır. Müdriklər deyir ki, “Sonra”, müflislərin sərmayəsidir” – “sonra edərəm, sonra başlayaram..” və s. kimi bəhanələr.

Şaban ayında insanın üzərinə düşən əsas vəzifələrdən biri şeytanın bu hiylələrinə qarşı müəyyən yollara baş vurmasıdır: Allaha təvəkkül etməsi, qarşısına hədəf qoyması (bağışlanma hədəfi), xeyirli işlərə girdiyi zaman işin sonundan qorxmaması. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Şabanı bütövlükdə və yaxud az bir qismi istisna olmaqla çoxunu oruc tutardı. Və möminlər də Peyğəmbəri (salləllahu aleyhi və səlləm) nümunə götürərək oruc tutmağa çalışmalıdırlar. İnsan oruc tutduğu zaman onun hazırlığına mane olan vəsvəsələr gəlir, şeytan ona “sonra” sözünü təlqin edir – “Şaban ayını oruc tutsan, zəifləyəcəksən, sonra Ramazan orucunu yaxşı tuta bilməyəcəksən, hazırlaşa bilməyəcəksən” və s. İnsan çalışmalıdır ki, bu vəsvəsələrə məhəl qoymasın. Çünki oruc tutmaqla insan daha çox xeyirlər əldə edir. Şeytan bütün bu vəsvəsələrlə insanı qorxudur ki, onu xeyirdən çəkindirsin və hər bir maneə ilə gəlir ki, insan ibadətə yönəlməsin. Çünki şeytan üçün ən ağır şeylərdən biri Adəm övladının itaətə yönəlməsi, Ramazan ayına hazırlaşmasıdır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gün ərzində nə qədər işləri olurdu, o, yaxşılığı əmr edir, pislikdən çəkindirir, ümmətin işləri ilə məşğul olur, lakin buna rəğmən oruc tuturdu, çünki Allaha təvəkkül edirdi.

Şeytanın vəsvəsələrinin qarşısını alan səbəblərdən biri insanın ibadətə yönəldikdən sonra Allaha təvəkkül etməsidir. İnsan Allaha təvəkkül edərsə, ibadətlər ona ağır gəlməz. Buna görə insan xeyirə müvəffəq olmaq istəyirsə, Allaha təvəkkül etməli, qarşısına hədəf qoymalı və ona çatmalıdır (hədəf – Allahın onu bağışlaması, məğfirətə nail olmasıdır). İnsan bilməlidir ki məğfirət, bağışlanma qarşısında onun sərf etdiyi səylər, çalışdığı şeylər böyük əməl sayılmır. İnsan nə qədər Allaha yönələrsə, Ona təvəkkül edərsə, Allah onu qoruyar, ona yardım edər, ona kifayət edər. Necə ki, əz-Zumər surəsinin 36-cı ayəsində Uca Allah buyurur: “Məgər Allah Öz quluna kifayət deyilmi?” Bəli, Allaha öz quluna kifayət edən, ona yardım edən, çətinlikdən çıxarandır. Lakin bu, qulun qulluğundan, ibadətindən asılıdır. İnsan qulluğunu, ibadətini artırmaqla düşünməməlidir ki, işi çətinləşir, əksinə bununla Allahın o insana bir o qədər də yardımı gəlir.

İnsan xeyir əməllərə yönəlməli və bu işdə pis aqibətdən qorxmalıdır. Çünki xeyirli işlərin aqibəti yaxşı olur, bu da Allahın əlindədir. Allah ibadət, itaət qapısını insan üçün açıbsa, ona gedən yolları da insan üçün asanlaşdırır və ona yardım edir. Musa və Harun (əleyhuməssələm) Allahın əmrində olduqlarına görə bir növ Firon tərəfindən onlara üz verəcək pis aqibətdən qorxdular: “Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.(Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!” (Ta Hə, 45-46) – yəni, Allahın əmrində olduqları üçün Allahın yardımı da, Allah da onlarla bərabər idi. Ona görə insan yaxşı əmələ başlayarkən şeytanın maneələrinə məhəl qoymamalı və bilməlidir ki, Allah ona bu əməldə yardım edəcəkdir.

Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) Rəbbindən rəvayət etdiyi bir hədisdə buyurmuşdur ki, “Uca Allah: “Qulum Mənə bir qarış yaxınlaşarsa, Mən ona bir arşın yaxınlaşaram. O, Mənə bir arşın yaxınlaşarsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyə-yeriyə gələrsə, Mən ona tərəf yüyürərək gedərəm”- buyurdu.” (Buxari). Bunu bildikdən sonra insan yəqin üzərində olmalıdır ki, əgər o Allaha doğru yönələrsə, Allah ona daha çox yönələr, ona yardım edər, gücləndirər, onu müvəffəq edər.

İnsan xatırlamalıdır ki, Allaha nə qədər yaxınlaşarsa, Allahın yardımı da ona yaxın olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecəni ibadətdə keçirər, gündüz isə xeyli işlər görərdi. Yəni, insan maneələri aşmaq üçün çalışmalı, boş oturmamalıdır. İnsan çalışdıqca, şeytana qarşı vuruşduqca, o maneələri aşa bilər. Çünki Allah buyurur: “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik” (əl-Ənkəbut, 69). Şaban ayı da çalışmaq üçün bir fürsətdir. İnsanın cəhdi, iradəsi nə qədər güclü olarsa, şeytana, nəfsi istəyinə qarşı bir o qədər güclü vuruşar və bilər, ki Allahın yardımı yaxındır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) İbn Abbasa tövsiyəsində deyir ki, “Allahı qoru, Allah da səni qorusun”. Məlumdur ki, Allahın qorunmağa ehtiyacı yoxdur və burada nəzərdə tutulan odur ki, insan Allahın qadağalarından çəkinərək, Onun hədlərini aşmayaraq Allahı qorumalıdır ki, Allah da onu qorusun. Burada 2 cür qoruma var: birincisi Allah insanın dünyasını, malını, ailəsini qoruyar, ikincisi isə onun dinini qoruyar, onu iman üzərində sabit edər ən mühümü isə ölüm anında ona yardım edər. Allah Subhənəhu və Təala Muhəmməd surəsi 7-ci ayədə buyurur: “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər”. Deməli, yardımın gəlməsi qulun Allahın əhkamlarını yerinə yetirməsinə bağlıdır. İnsan Allahın əhkamlarını nə qədər yerinə yetirərsə, yardım da bir o qədər gələr. Yox əgər yerinə yetirməzsə, yardım gəlməz. Çünki Allah burada şərt qoyur: “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz” – nəticə etibarilə insan dini əhkamları tətbiq etməzsə, Allahın yardımı da gəlməz.

Şeytanla müharibə artıq başlayıb, insan bu müharibəyə hazırlaşmalı və möhkəm olmalıdır. Çünki Allah Təala Fətir surəsi 6-cı ayədə buyurur: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır”.

Deməli Şaban ayı hazırlıq üçün böyük bir fürsətdir. İnsanın qafil olduğu əməlin savabı, əcri də böyük olur. Məsələn insanlar gecə yuxuda olduğuna görə gecə namazının savabı böyükdür. Gecə namazı fərz namazlardan sonra nafilələr içində ən əfzəl namazdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanlar bu aydan qafil olduğu və əməllər Allaha qaldırıldığı üçün oruc tutduğunu deyir. İnsan öz əməllərinin yaxşı hal üzərində qaldırlmasına müvəffəq olmağa çalışmalıdır. Bu ay ilin sonu olduğu üçün deyilir ki, Şaban ayı Axirət təqviminə əsasən sanki sonuncu, Ramazan ayı isə növbəti ilin birinci ayıdır. İnsan çalışmalıdır ki, ilin sonunu yaxşı əməllərlə, tövbə ilə bitirsin, növbəti ilin əvvəlinə isə yeni səhifə açaraq başlasın.

Şaban ayında möminlərin vəzifələrindən biri qəflət anlarını itaətlə keçirməkdir. Mömin insan Rəbbindən necə qafil qala bilər? Bir daha Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözünə qayıdırıq: Usəmə ibn Zeyddən rəvayət olunan hədisdə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə deyir: “Ey Allahın Rəsulu, mən səni Şaban ayında oruc tutduğun kimi (və ya Şaban ayındakı qədər çox oruc tutduğun kimi) oruc tutan heç vaxt görmədim”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə cavabında buyurdu: “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın”. (Əhməd. Şeyx Albani hədisi səhih adlandırmışdır)

Şaban ayı insanların qafil olduğu bir aydır. İnsanlar bu ayda qafil olsa da, möminlər qafil olmamalıdır. Möminlərdən tələb olunan digər insanların qəflətdə keçirdiyi anları zikrlə, Allaha yaxınlaşdıran əməllərlə keçirmələri və qafillərdən olmamamalarıdır. Necə ki, Allah əl-Ə`raf surəsi 205-ci ayədə buyurur: “…qafillərdən olma”. İnsanlar qafil olduğu zaman möminlərə qafil olmaq yaraşmaz. Çünki möminlər ayıq olan, ehtiyatlı, daim Allaha tərəf yönələn, Rəbbindən qırılmayan, ölənə qədər ibadət üzərində davamlı olan kimsələrdir. Lakin insanların qəlbi Allahdan uzaq düşdüyünə görə onlar qəflət içində olurlar. Buna görə də mömin insanlara Rəblərindən uzaq düşmək, qafil olmaq, Allahın yolundan uzaqlşamaq onlara ağır gəlir. Qəflətə düşmək mömin üçün sanki bir ölümdür. Buna görə də mömin insan daim ayıq olmalı və Rəbbinə tərəf yönəlməlidir. Çünki Allah onun sevimlisi, onu tərbiyə edən, böyüdəndir, ona nicat yolunu göstərəndir. Allah onu peyğəmbərlərlə Cənnətdə məskun etmək üçün Axirətdə onu gözləyir. Belə olan halda insan necə qafil ola, Rəbbini necə unuda bilər? Əgər insan zikrdən, itaətdən uzaq olarsa, onun halı sudan ayrılmış balığın halı kimi olar. Rəbbindən uzaq olan insanın qəlbi ölür. Təəssüflər olsun ki, bu gün müsəlmanlar bu ölümü, qəlbdə olan zəifləməni hiss etmirlər. Necə ki, Allah əl-Ən`əm surəsi 122-ci ayədə buyurur: “Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi”.

İnsanların Allahdan uzaq düşməsi onların ziyana düşmələrinə gətirib çıxarmışdır. Necə ki, Munəfiqun surəsi 9-cu ayədə Allah buyurur: “Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır”.

İnsanlar bilir ki, qəlbləri islah edən Allahdır, insanların yaşayışını idarə edən, ruzisini genişləndirən Allahdır. Belə olduğu halda insan necə düşmənə sığına, Rəbbindən qafil ola, tənbəllik edərək ibadətdən və itaətdən yatıb qala bilər?! Halbuki bu itaət onların nicat yolu, Allahın sevgisinə aparan, izzət və ucalıq yoludur. Allah qatında olana yalnız Allaha itaətlə, boyun əyməklə nail olunur. Möminlərin halı Allaha yaxınlaşmaq və Allahın qapısında duraraq Ona yalvarmaqdır. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur, “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın”. İnsan da çalışmalıdır ki, bu ayda ən gözəl əməlləri Allaha qaldırılsın. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bununla möminlərə bəyan edir, izah verir ki, insanlar qafil olsalar da, möminlər qafil olmamalı, daim ayıq olmalı, insanlar üz çevirdiyi zaman Allahı zikr edənlərdən olmalı, insanlar zəlalətdə ikən onlar hidayət üzərində olmalıdırlar. Çünki onlar bir vadidə (tərəfdə), insanlar isə başqa bir vadidədirlər. Mömin insan Allaha yaxınlaşmalı, yalvarmalı, sınmalı və zəlil olmalıdır. Əgər bu sadalananlar olmazsa, insana məhrumiyyət üz verər. Möminlərin əsl yanğısı Allah sevgisi üçün olmalıdır.

Şaban ayında möminlərin öz vaxtını itaətlə keçirməsinin böyük faydaları vardır. Bu həm Ramazana hazırlıq, həm də möminin özünü Allahın rəhməti üçün hazırlamasıdır. İnsan üçün ən böyük nemət Allahın rəhmətinə nail olmaqdır, Allahın sevgisini qazanmaqdır. İnsanlar qəflətdə ikən mömin kimsə Allahı yad edər, o vaxtları ibadətlə, itaətlə keçirərsə, bütün bunlar Allahın sevgisini qazanmağa səbəb olar. Bu insanların əldə etdiyi ilk qazanc Allahın sevgisidir. Bir çox hədislərdən görürük ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəflət anlarını zikrlə keçirməyə və bununla dində uca dərəcələri və Allahın sevgisini qazanmağa həvəsləndirmişdir.

Dəlillərdən biri də, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gecə yarısı insanların qəflətdə olması barədə hədisidir: “Əgər gecənin yarısı və ya üçdə biri Allahı zikr edənlərdən olmağı bacarırsansa bunu et, Allahı zikr edənlərdən ol”. İnsanlar yuxuda ikən, o sakit anları insanın oyanması, nəfsi istəklərini tərk edərək Rəbbinin qarşısında durması Allahın sevgisini qazandırır. Çünki gecənin boşluğu da insanların qəflətdə olduğu bir andır. Möminlər isə o anda Allahı zikr edərlərsə, Allahın sevgisinə nail olarlar. İnsanlar qəflətdə ikən Allahı zikr etmələri, insanlar üz çevirdikləri zaman Allaha tərəf yönəlmələri möminlərə xas bir xüsusiyyətdir. Odur ki, insan bu əməllərlə Allahın rəhmətini, Allahın sevgisini qazandığını bilməlidir.

Əbu əd-Dərdə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və alihi və səlləm) demişdir: “Üç adam vardır ki, Allah onları sevir, onlara gülümsəyir və onlarla sevinir. Onlardan biri o kimsədir ki, (bir dəstənin tərkibində döyüşə gedər, dəstə düşmən tərəfindən) aşkar olunduqda dəstənin arxasından canı ilə Allah Subhənəhu və Təalə üçün döyüşər, ya öldürülər, ya da Allah Subhənəhu və Təalə ona yardım edər və onu qoruyar”. Bu zaman Allah buyurar: “Bu qulumun Mənim üçün necə səbr etdiyinə bir baxın!” Həmçinin o kimsə ki, gözəl zövcəyə (həyat yoldaşına) və rahat yatağa sahib olub gecə vaxtı (yatağından ibadətə) qalxar. Bu zaman Allah buyurar: “O, şəhvətini tərk edib Məni zikr edir, əgər istəsəydi, yatardı». Həmçinin o kimsə ki, yoldaşları ilə birlikdə səfərdə olub, oyaq qalaraq onların qarovulunu çəkər, sonra da yatar, yaxşı və pis gündə sübh çağı (ibadətə) qalxar”. (Şeyx əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 629) və “Silsilətul-Əhədisis-Sahihə” əsərində (№ 3478) bu hədisə həsən demişdir)

Yəni, insanlar yuxu onlara hər şeydən şirin olduğu bir vaxt başlarını qoyaraq yatır, mömin qul isə qalxaraq Allaha yalvarır, namaz qılır, dua edir, Onun ayələrini oxuyur. İnsanın insanlar yatdığı zaman qalxaraq namaz qılması Allahın sevgisini qazandıran əməllərdəndir. Yəni, o insan yorğun halda, ona ağır, çətin gəldiyi bir anda yuxunu tərk edir. O anda yuxu ona hər şeydən sevimli olur. Lakin o, yuxuya məhəl qoymur, Rəbbinə yönəlir, yalvarır, dua edir, Rəbbinin ayələrini oxuyur. Bu sevinc ona çəkdiyi məşəqqətləri, yorğunluqları unutdurur. Çünki o elə bir ləzzət, elə bir rahatlıq hiss edir ki, digər yorğunluqlar onun gözünə görsənmir.

Digər kimsə isə, bir dəstə düşmənlə qarşılaşıb məğlub oluduqda və qaçdıqda sinəsini qabağa verərək öldürülənə və yaxud fəth olunana qədər vuruşan kimsədir. Belə bir kimsəni Rəbbi sevir. Çünki insanlar Allahdan qaçır, Allahın dinini yardımsız buraxaraq qaçır, bu insan isə sinəsini qabağa verərək şəhid olanadək vuruşur.

Üçüncü kimsə isə bir qövmün yanına gəlir, Allah xatirinə onlardan bir şey istəyir və ona istədiyini vermirlər. Onlardan biri isə gizlincə geri çəkilərək ona istədiyini verir və onun verdyini Allahdan başqa heç kəs bilmir, verdiyi sədəqə özü ilə Allah arasında qalır, Allahın ona verdiyi, bəxş etdiyi ruzidən xərcləyir. Bu hədis Allahın sevgisini təsvir edir. Bu kimsələr öz rahat yaşayışını, yuxusunu, yorğanını tərk edərək Allaha yönələn, Allah üçün vuruşan və öz nəfslərini Allah üçün qurban verən və həmçinin Allah yolunda xərcləyən kimsələrdir. İnsanların qafil qaldığı Şaban ayında insanlar qaçdığı bir halda, sən Rəbbinə tərəf yönəlməli, insanlar xəsislik etdiyi zaman sədəqə verməli və insanlar yatdığı zaman namaza qalxmalısan. Bunlar Allahın Öz qulunu sevməsini qazandıran səbəblərdəndir. Bu əməllər ilk öncə ağır olmalarına baxmayaraq, tədricən asanlaşa bilirlər. Elə əməllər var ki, fitrətən insana asan gəlir, elə əməllər də var ki, insan o əməllərdən uzaqdır, lakin alışmaqla o əməllərə yönəlir.

İnsanların qəflətdə ikən vaxtı ibadətdə keçirməyin faydalarından biri də başqalarından bəlanın qaldırılmasıdır. Necə ki, əl-Bəqara surəsi 251-ci ayədə Allah buyurur: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı”. Təfsirlərdən birində gəlir ki, Allah möminlərə görə başqalarından bəlanı çevirir, namaz qılan səbəbilə qılmayandan bəlanı qaldırır. Kəhf surəsində də keçir ki, o iki uşağın atası saleh idi: “Onların atası əməlisaleh adam olmuşdur”. (əl-Kəhf, 82) Yəni, o iki uşağın malının qorunmasına səbəb, valideynlərinin saleh olmasıdır. Deməli valideynin saleh olması və ya möminlərin ibadəti, başqalarından bəlanın qalxmasına səbəb olur. Buna görə də insanlar bu səbəbləri doğrultmağa çalışmalı və bu günlərdən bacardığı qədər istifadə etməlidir.

Munəfiqun surəsi 10-cu ayədə Allah buyurur: “Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin”. Qiyamət günü insan, sədəqə verənlərdən olması üçün dünyaya qayıtmaq istəyəcək. Əgər Allah insana bir xeyir, ibadət, itaət qapısı açıbsa, insan bundan istifadə etməlidir. Talaq surəsində Allah buyurur: “…Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. Allahdan qorxmaqla çıxış yolu hasil olur və Allah bununla insanlara təvəkkülü, itaətə yönəlməyi, xeyirə tələsməyi öyrədir, Allahın məğfirətinə çatmağa və bu yolda yarışmağa yönəldir. Bütün bunlardan sonra insan başqa şeylərə məhəl qoymamalıdır. Çünki Allah buyurur ki, kim Allaha təvəkkül edərsə Allah ona yetər.

İnsanın başqaları qəflətdə ikən ibadətə yönəlməsinin digər bir faydası isə, əməllərin savabının adi vaxtlara nisbətdə qat-qat artıq olmasıdır. Həmçinin insanlar qəflətdə ikən ibadət nəfsə daha ağır olur. Mühit ibadət edənlərdən ibarət olarsa, insana ibadət etməsi asanlaşar. Amma insanlar bir tərəfə, sən isə bir tərəfə gedirsənsə, ibadətlər nəfsə ağır olur və ona görə də savabı çox olur. Məhz bu səbəbdən Peyğəmbər (sallallahu aleyhi və səlləm) imtahan günlərində, fitnə günlərində ibadət edənlərin savabının daha çox olmasını buyurmuşdur: O (sallallahu aleyhi və səlləm) səhabələrə qəriblər haqda buyuraraq demişdir: “Onlardan birinə əlli nəfərin savabı var”. Ondan: “Ey Allahın Elçisi, bizlərdən əlli nəfərin, yoxsa onlardan?” – deyə soruşduqda, O: “Sizlərdən” – buyurmuşdur. (Şeyx Albani “Səhih hədislər silsiləsində” (494) bu hədisin səhih olduğunu bildirmişdir). Digər rəvayətdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunun səbəbini belə açıqlamışdır: “Çünki siz xeyir əməllərdə yardımçılar tapırsınız, onlar isə tapmayacaqlar”.

Ona görə insan bu fürsətdən istifadə etməlidir. Digər bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur ki, “İslam qərib olaraq başladı və başladığı kimi də qərib olaraq qayıdacaqdır. Nə xoş halına o qəriblərin!”. Əhmədin İbn Məsuddan (radiallahu anhu) rəvayət etdiyi hədisdə: “Qəriblər kimlərdir” deyə soruşulduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Öz vətənindən, əhlindən və yaxınlarından uzaqda olanlardır”. İbn Məsudun (Allah ondan razı olsun) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) gələn başqa rəvayətində belə demişdir: “Qəriblər o kəslərdir ki, insanlar fəsad törətdikdə onlar islah edərlər”. Yəni, mömin diqqətli olan, nə qədər ağır olsa da, insanlar qəflətdə ikən ibadətə yönələn, ibadətini artıran, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsindən möhkəm yapışan kəslərdir.

Digər bir hədisdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Hərc-mərclik baş qaldırdığı zaman ibadətlə məşğul olan adam, mənim yanıma hicrət edən kimsəyə bənzəyir”. O vaxt insanlar evlərini, vətənlərini, mallarını tərk edərək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına hicrət etmişdilər və hicrət böyük bir əməl idi. Sonrakılar üçün isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur ki, hərc-mərclik olunan ibadət mənə tərəf olunan Hicrətə bərabərdir.

Bu dəlillər onu bildirir ki, insanlar qəflətdə ikən edilən əməlin savabı daha böyükdür. Şaban ayında edilən əsas əməllər oruc tutmaq, ibadətləri artırmaq və həmçinin Quran oxumaqdır. Səhabələr Şaban ayını Quran oxuma ayı adlandırar, dükanlarını bağlayaraq Quran oxuyardılar. Şaban ayı “Şəhrul Qurrai”, yəni qarilərin ayı, çoxlu Quran oxuyanların ayıdır.

Bu yazının yazılmasında Muhəmməd əd-Dubeysi`nin “Həlul Mu`mini fi Şə`bən” adlı kitabından istifadə edildi

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us