Ramazan ayı

Ramazanda edilən pis vərdişlər

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Dəyərli oxucular! Şəkk yoxdur ki, Ramazan ayının müsəlmanlar üçün xüsusi yeri vardır. Bu ay, ibadət və Allaha yönəlmək ayıdır. Bu ay, şəhvətlərdən, qafilliklərdən və dünyaya bağlılıqdan qurtulma ayıdır. Bu ay, ruhi yüksəlişə, ruhi təmizliyə nail olmaq üçün fürsət olan aydır.

Buna görə də iman əhli bu ayı sevinclə qarşılayır və bu ayda rəhmət, bağışlanma və oddan qurtulma diləyirlər.

Baxmayaraq ki, bu hörmətli ayda müsəlmanların çoxu Allaha tərəf yönəlir, üz tuturlar, lakin, bir çox xətalar vardır ki, bəzi insanlar bu ayda bu xətalara yol verirlər. Bu, o həddə çatır ki, artıq bu xətalar mübarək Ramazan ayında edilən pis vərdişlərə çevrilmişdir. Bu pis vərdişlərdən bəziləri bunlardır:

1-ci vərdiş: RAMAZAN AYINI BAŞQA AYLAR KİMİ QARŞILAMAQ

Bəzi insanlar Ramazan ayına qədəm qoyduqda bu ayın fəzilətini bilmir, bu ayda tövbə etmir, nə tövbəsini təzələmir, nə bu aya xalis niyyətlə və düzgün əzmkarlıqla hazırlaşmır, nə də bu ayın onun həyatında bir təsiri olmur.

Beləcə o vərdiş şəklində oruc tutur – o da əgər tutsa – orucundan aclıq və susuzluqdan başqa bir şey bilmir. Amma, orucun hikmətlərindən, faydalarından, mənalarından və məqsədlərindən heç nəyi ağılına gətirmir, orucun hökm və ədəblərindən nə isə bir şey öyrənməyi özünə çətinlik sayır. Heç şəkk yoxdur ki, belə bir insan artıq böyük bir xeyiri və savabı əldən vermişdir.

Saleh Sələflər Ramazandan altı ay əvvəl dua edərdilər ki, Allah onları Ramazan ayına yetirsin, altı ay da (Ramazandan sonra) dua edərdilər ki, bu ayda tutduqları oruclar qəbul olunsun!

Elə insanlar da vardır ki, onlar bu aya tab gətirmir, canları sıxılır, bu ayı onları şəhvət və ləzzətlərindən ayıran düşmən hesab edirlər. Belələri ola bilsin ki, oruc tutsunlar, lakin, onların orucları könüllü, sevərək tutulan oruc deyil, məcburi və ikrahla edilən bir əmələ çevrilir. Bu iki növ oruc arasında fərq isə aydındır.

2-ci vərdiş:. YEMƏK VƏ İÇMƏKDƏ İSRAFÇILIQ ETMƏK

Ramazan ayı ilə əlaqəli pis vərdişlərdən biri də yemək və içməkdə israfçılıq etməkdir; (yeməyi) yeməkdə, (həddən çox ərzaq, qida məhsulu) almaqda, hədər etməkdə və s. İnsanlardan elələri vardır ki, bu aya yemək-içmək tədarük edib saxlamaqla hazırlaşır və sanki, o qida və su tapılmayan döyüşə və ya aclığa və ya qıtlıq ilinə hazırlaşır. (Belələri) orucun əsl məqsədinə əks olaraq hərəkət etmiş olurlar. Çünki, orucun məqsədlərindəndir ki, insan şəhvətləri azaltsın, xüsusən də qarın və övrət şəhvətlərini…bununla da onun Nöqsansız və Uca Allaha yönəlməsi və qəbini Allahın zikrinə, şükrünə və ibadətinə ayırması sağlam şəkildə baş versin.

Həmçinin, orucun məqsədlərindən; ehtiyacsız (və ya varlı) kimsənin aclığın, susuzluğun acısını dadmasıyla kasıbların və imkansızların çətinliklərini xatırlayaraq onlara rəhm etmələri, onlara yardım əlini uzatmaları, onların çətinliklərini və məhrumiyyətlərini yüngülləşdirməyə çalışmalarıdır.

Amma, o kəslər ki, səhərləri yemək içməkdən imtina edirlər, gecələri isə müxtəlif yemək-içməkləri israf edir və həddən artıq miqdarda yemək-içmək qəbul edirlər, belələrinin halı çox zaman ibadətə etməyə və Allaha yönələ bilməmək olur. Çünki, çox yemək- içmək halsızlıq, tənbəllik və rahatlıq axtarmaqla nəticələnir.

HƏMÇİNİN, PİS VƏRDİŞLƏRDƏN: Bu yemək-içməkdən qalan artıqların zibil yeşiklərinə atılmasıdır; Əgər o şəxslər işlərini daha da nizamlı etsəydilər, yeməyi ehtiyacları olan qədər hazırlayardılar və yaxud da istədikləri yeməkləri hazırlayar, (qazanlarda) ehtiyaclarından artıq qalan yeməkləri kasıblar üçün ayıra bilərdilər. Bununla da Peyğəmbərin (salləllahu aleyhi va səlləm) bu hədisinə əməl etmiş olardılar: «Kim bir oruclunu yedizdirərsə, ona onun misli qədər savab yazılar.» (Tirmizi rəvayət etmiş və səhihləşdirmişdir)

3-cü vərdiş: RAMAZAN SƏHƏRLƏRİ ÇOX YATMAQ.

Bir çox insanlar Ramazan səhərlərində oruc vaxtını azaltmaq üçün səhərləri çox yatmaq adətinə qurşanmışlar ki, bununla da aclıq və susuzluq hissindən qurtulsunlar. Belə kimsələr ola bilsin ki, bir neçə problemli hala düşsünlər:

– Savab məşəqqətin (çətinliyin) miqdarı qədərdir. Necə ki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) Aişəyə (radıyəllahu ənhə) demişdir: «Lakin onun (Ümrənin) savabı sənin yorğunluğun nisbətindədir.» (Buxari, Muslim)

Hədisdə «nəsab» sözü keçir ki, bu da «yorğunluq və məşəqqət» anlamındadır. (Deməli) Belə insanlar oruc gününün səhərini yatmaqla keçirərlərsə, bəs nə ilə orucluların savabına çatacaqlar?!

– Həmçinin, Şərəfli zamanı zay etmək;
Hansı ki, bu insanın dəyərli sərmayəsidir. Beləcə, bu vaxtda öz nəfsini Allaha itaət, Onun Kitabını (Quranı) oxumaq və ayələrini düşünmək əvəzinə, vaxtını xeyir gətirməyən yuxuda keçirir. Əksinə, ola bilsin ki, bunun pis nəticələri olsun; O halda ki, əgər namaz və s. kimi Allahın fərz etdiyi əməllərin tərkinə səbəb olarsa…

4-cü vərdiş: GECƏNİ YUXUSUZ QALIB, FAYDASIZ KEÇİRMƏK.

Heç bir şəkk yoxdur ki, pis əməl özü ilə özü mislində olan pisliyə gətirib çıxarır. Necə ki, o insanlar Ramazanın səhərlərini yatmaqla və qəflətlə keçirirlər, eləcə də onlar Ramazanın gecələrini yuxusuz qalmaq, tənbəllik və insanlara əziyyət verməklə keçirərlər. Onlar ya küçələrdə, ya tində-dalanlarda, ya çayxanalarda, ya bazarlarda istirahət və vaxt keçirməkdə və ya evlərində ekranların və əyləncə cihazlarının qarşısında vaxtlarını qəflət bıçağı ilə kəsirlər. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur:

«Qiyamət günü qul dörd şey barəsində soruşulmayınca ayaqları heç yana tərpənməz: Ömrü barəsində (soruşular), onu nəyə sərf etdi? cavanlığı barəsində (soruşular), onu nə üzərində keçirdi? malı barəsində (soruşular), onu haradan qazandı və haraya xərclədi? əməli barəsində (soruşular), (dünyada) hansı əməlləri etdi?» (ət-Tirmizi və əl-Bəzzər rəvayət etmiş, şeyx Albani isə «həsən» demişdir)

İbnul-Qayyim (rahiməhullah) demişdir: «Bu itkilərin ən böyüyü qəlbi və vaxtı zay etməkdir. Qəlbi zay etmək dünyanı axirətdən önə keçirməklə olur, vaxtı zay etmək isə uzun-uzadı arzu-xəyallarla (ümidlərlə) olur.» (İbnul-Qayyimin “əl-Fəvaid” kitabından)

5-ci pis vərdiş; Çoxlu televizora baxmaq

İslam düşmənləri insanları azdırmaq və Ramazan ayında insanları Uca Allahın ibadətindən yayındırmaq üçün bir sıra yollara baş vurmuşlar. Bu yollardan bəziləri də müəyyən kinoları və s. teleserialları bu vaxtlarda istehsal edib qəsdli şəkildə Ramazan boyunca yaymalarıdır. Ramazan ayını sanki, teleseriallar (kinolar) və əyləncə proqramlarından ibarət imiş kimi unutdururlar ki, insanlar bu filmlərin əsirinə çevrilsinlər. Hətta, elə bir saat olmur ki, televiziyalarda hansısa yeni film nümayiş etdirilməsin. Beləcə insan bir televiziya kanalından başqa birinə, bir filmdən başqa birinə keçir, hətta, Ramazan ayı bitir, o isə bu pis vərdişindən əl çəkmək bilmir.

Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Müsəlmanların üzərinə Ramazandan daha xeyirli bir ay gəlmiş deyildir. Münafiqlər üçün isə Ramazandan şərli ay yoxdur. Möminlər bu ayda ibadətə qüvvət toplamalarıyla tədarük görürlər. Münafiqlər isə bu ayda insanların qəflətləri və eyibləriylə (məşğul olmaqla) tədarük görürlər. Bu ay möminlərə qazanc, facirlərə isə müsibətdir.»(Əhməd və Beyhəqi rəvayət etmişdir. Əhməd Şakir isnadının səhih olduğunu demişdir, 8350; Şeyx Albani isə bu hədisi zəif görmüşdür)

6-cı pis vərdiş; Bəzi oruc tutanların pis əxlaqı

Ramazanda edilən pis vərdişlərdən bəzi oruc tutanların -Allah onları hidayət etsin – pis əxlaqlı davranışlarıdır. Onlar tez qəzəblənir, söyüşü və lənətləməyi çoxaldırlar, əxlaqsız sözlər, yalan, böhtan və insanlara qarşı həddini aşan sözlər işlədilər. Təəccüb doğuran məsələ budur ki, əgər sən belə birisini tənbeh etsən, sənə oruclu olduğunu hüccət gətirəcəkdir. Sanki, oruc pis əxlaqın, çirkin sözün və boşboğazlığın səbəbidir! Allaha and olsun ki, onlar bu iddialarında doğru deyildirlər. Belə danışmaq yalnız onların orucun həqiqətindən və hikmətindən cahil olduqlarına dəlildir.

Allah Elçisi (salləllahu aleyhi va səlləm) həqiqi oruclunun insanların səhvlərindən keçən və orucu salamat qalsın deyə Xaliqini razı salmaq üçün öz haqqını belə istəməyən olmasını bəyan etmiş və buyurmuşdur: «Əgər sizdən birinizin oruclu günü olarsa, çirkin söz söyləməsin və cahillik etməsin. Əgər bir kəs onunla savaşar və ya onu söyərsə, qoy desin: Mən orucam, mən orucam.» (Buxari, Muslim)

Həmçinin, Peyğəmbər (salləllahu aleyhi va səlləm) orucun həqiqətini bəyan edərək demişdir: «Oruc tutmaq yemək və içməyi (tərk etməkdən) ibarət deyildir. Əslində faydasız işlərdən və çirkin sözdən oruc tutulur. Əgər bir kəs səni söyər və ya sənə qarşı cahillik edərsə, de ki: Mən orucam, mən orucam.» (İbn Xuzeymə və əl-Hakim rəvayət etmiş, Şeyx Albani səhih demişdir)

Həmçinin, Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Kim yalan danışmağı, yalanla əməl etməyi və cahilliyi tərk etməzsə, (bilsin ki) Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur.» (Buxari)

7-ci vərdiş; İşlədiyi işi yaxşı yerinə yetirməmək

Bu ayda (bəzi) insanlar məsul olduqları işləri yerinə yetirməkdə tənbəllik edirlər, hansı ki, bu işin qarşılığında məvacib alırlar. Görürsən ki, bir işdə işləyən görəvli kimsə işində səhlənkarlığa yol verir, insanların xeyirinə olan işini və müamiləsini gecikdirir, işə də gec gəlir, işin qurtarma vaxtından da tez çıxır, buna isə orucu bəhanə edir.

Həmçinin, görərsən ki, (bəzən) müəllim olan şəxs də məsuliyyət daşıdığı işi lazımınca yerinə yetirmir, dərsi gözəl şəkildə başa salmır, dərslərə gəlmir, tələbələrə diqqət göstərmir, onlara heç bir fayda vermir, bunun da bu işdəki üzürü kimi yenə oruc olması bəhanə gətirilir!

Bu hal (oruc tutmaq səbəbilə işinə laqeyd yanaşmağı bəhanə gətirmək) bir müəssisədə işləyən işçiyə, xəstəxanadakı həkimə, iş başındakı mühəndisə keçir. Bütün o şəxslər gərək işlərini ən yaxşı şəkildə yerinə yetirsinlər və orucu bəhanə etməsinlər. Çünki, yalnışlıq onların gecəni yuxusuz qalmasından və vaxtlarını düzgün tənzimləmədiklərindən dolayı baş vermişdir. Uca Allah buyurmuşdur: «Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.» (əl-Bəqara, 195)

Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) isə buyurmuşdur: «Həqiqətən də Allah sizdən birinin bir iş gördükdə onu gözəl bacarmasını Sevər.» (Hədisi əl-Beyhəqi rəvayət etmiş, Şeyx Albani «həsən» görmüşdür)

8-ci pis vərdiş; Səhur etməyi tərk etmək və ya tezləşdirmək

Bir çox insanların səhur yeməyini yemədən oruc tutmaları geniş yayılmış yalnışlardandır. Onlar sadəcə gecənin ortasından bir az əvvəl yedikləri axşam yeməyi ilə kifayətlənirlər.

Peyğəmbər isə (Allahın Ona salavatı və salamı olsun) bir çox hədislərdə səhur yeməyinə rəğbətləndirmiş, səhur yeməyini əmr etmiş və bunun fəzilətini bəyan etmişdir; bundan da Onun bu sözünü (hədisini) qeyd etmək olar: «Səhur edin. Çünki, səhur etməkdə bərəkət vardır.» (Buxari, Muslim) Həmçinin, buyurmuşdur: «Bizimlə kitab əhlinin orucu arasındakı fərq səhur yeməyidir.» (Muslim)

Səhuru gecikdirmək və səhurun gecə yuxusundan sonra olması da sünnədəndir. Peyğəmbərin (AllahınOna salavatı və salamı olsun) səhabələri iftarı ən tez edən, səhuru isə ən gec edənlər idilər.

Zeyd ibn Sabitdən (Allah ondan razı lsun) rəvayət olunur ki, o dedi: Peyğəmbərlə birgə səhur yeməyini yedik. Sonra o namaza qalxdı. Ənəs (Allah ondan razı olsun) Zeydə dedi: «Əzanla səhur arası vaxt nə qədər idi. Dedi: «Əlli ayə (oxunacaq müddət) qədər.» (Buxari, Muslim)

9-cu vərdiş; Həmçinin, geniş yayılmış xətalardan biri də Ramazanın axır on günündə meydana gələn tənbəllikdir.

İnsanlar ayın əvvəlini Uca Allaha yönələrək tövbə ilə, Allah qorxusu ilə başlayır, məscidlərdə insanların sayı artır və onların çoxu Qurana bağlı olur, lakin, bu hal üzərində davam etmirlər. Əksinə, onlara yorğunluq və tənbəllik halı yavaş-yavaş üstün gəlir.

Hər dəfə ay sona yaxınlaşdıqca onların tənbəlliyi də artır, ta ki, iyirmi yeddinci gecəyə çatdıqda və itirdiklərini qaytarmaq istədikdə bu gecədə çalışar, sonra isə əvvəlki hallarına və ya bundan daha betər hala qayıdarlar. Sanki, onlar üçün artıq Ramazan ayı başa çatmışdır. Bütün bunların hamısı Allah Elçisinin (salləllahu aleyhi va səlləm) üzərində olduğu hala müxalifdir. Çünki, o axır on gündə digər günlərdən daha çox (ibadətdə) əzmkar olar, çalışardı. Sahihu Muslim’də Aişədən (radıyəllahu ənhə) olan rəvayətdə gəlib ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) axır on gündə digər günlərdən daha çox əzmkarlıq göstərərdi.

Buxari və Muslimdə Aişədən (radıyəllahu ənhə) rəvayət olunub ki, axır on gün gəldiyi zaman Peyğəmbər (salləllahu aleyhi va səlləm) qurşağını bağlayar, gecəni ibadətlə keçirər və ailəsini də (ibadətə) oyadardı.

Ona görə də gərək mömin kimsə bu azsaylı günlərdə və gecələrdə Allaha itaətdə səbrli olsun ki, hətta, Qiyamət günü böyük əcrə və çoxlu savaba nail olsun!

10-cu vərdiş; Təravih namazlarına laqeyd yanaşmaq

Geniş yayılmış xətalardan biri də bir çox insanların təravih namazlarına laqeyd yanaşmalarıdır. Onlardan bəziləri heç təravih namazı qılmır, halbuki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Kim Ramazanı imanla və savabını Allahdan gözləyərək (ibadətə) durarsa, onun keçmiş günahları bağışlanar.» (Buxari, Muslim)

Onlardan bəziləri imamla bir və ya iki təsliməni (yəni, iki rükəti və ya dörd rükəti) qılıb getməklə kifayətlənir. Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Əgər bir kişi imam ayrılıb gedənə kimi onunla bərabər namaz qılarsa, ona gecəni ibadətlə keçirməyin savabı yazılar.» (Əhməd və Sünən əhli rəvayət etmiş, Albani «səhih» demişdir)

11-ci vərdiş; Davamlı olaraq etikafı üzürsüz olaraq tərk etmək:

Bir çox insanlar etikaf etməyi ağıllarından belə keçirmirlər, hətta, ömürlərində bir dəfə etikaf etməyi də düşünmürlər. Etikaf etmək Allah Elçisindən (Allahın Ona salavatı və salamı olsun) varid olmuş elə bir sabit sünnədir ki, bu əməli etməyə səy göstərənlər və buna rəğbət bəsləyənlər azdır. Möminlərin anası Aişə (Allah ondan razı olsun) demişdir: «Allah Elçisi (salləllahu aleyhi va səlləm) Allah Elçisi vəfat edincəyə qədər Ramazanın axır on gününü etikaf etdi, ondan sonra isə zövcələri etikaf etdilər.» (Buxari, Muslim)

Xalid Əbu Salihin “Əədəətun Seyyi`ətun fi Ramədan” adlı risaləsindən (mədərul vatən lin-nəşr – nəşriyyatı)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us