Hədislər

Şəfaət hədisi

  Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

 Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olaca­ğam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları — əvvəlkiləri və sonrakıları — elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin. Günəş insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onların buna tab gətirməyə və dözməyə gücü çatmayacaq. Onda onlar bir-birlərinə deyəcəklər: “Başınıza gələn­ləri görmürsünüzmü? Bəlkə, Rəbbiniz yanında sizin tərəfi­nizi saxlayan bir adam tapasınız?” Bəziləri deyəcək: “Gərək Adəmdən xahiş edəsiniz!” Onlar Adəmin yanına gəlib deyəcəklər: “Sən bəşəriyyətin atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış, Öz Ruhundan sənə üfürmüş və mələklər Onun əmri ilə sənə səcdə etmişlər. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et (şəfa­ətçi ol)! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Adəm deyəcək: “Bu gün Rəbbim elə qəzəblən­mişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki O, mənə ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Nuhun yanına!” Onda onlar Nuhun yanına gəlib deyə­cəklər: “Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə oldu­ğumuzu görmürsənmi?!” Nuh deyəcək: “Bu gün Uca Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənmə­miş və bun­dan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İbrahimin yanına!” Onda onlar İbrahimin yanına gəlib deyəcəklər: “Ey İbrahim! Sən həm Allahın peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” İbrahim deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblən­mə­miş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən üç dəfə yalan danışmı­şam. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Musanın yanına!” Onda onlar Musanın yanına gəlib deyəcəklər: “Ey Musa! Sən Allahın elçisisən, Allah Öz risalətilə, üstəlik səninlə bilavasitə danışmaqla səni digər insan­lar­dan üstün etmişdir. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmür­sən­mi?!” Musa deyəcək: “Bu gün Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblən­məyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki, onu öldürmək mənə əmr edilməmişdi. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İsanın yanına!” Onda onlar İsanın yanına gəlib deyəcəklər: “Ey İsa! Sən həm Allahın Elçisi, həm Onun Məryəmə göndərdiyi Kəlməsi, həm də Onun Ruhun­dansan. Sən hələ körpə ikən, beşikdə insanlarla danışırdın. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmür­sənmi?!” İsa deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblən­məyəcəkdir”. İsa öz xətasını onlara bildir­məyəcək, sadəcə belə deyəcək: “Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqası­nın yanına. Gedin Muhəmmədin yanına!” Onda onlar Muhəmmədin yanına gəlib deyəcəklər: “Ey Muhəm­məd! Sən həm Allahın Elçisi, həm də peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmür­sən­mi?!” Onda mən Ərşin altına gəlib, Uca Rəbbimin qarşısında səcdə edəcəyəm. Sonra Allah mənə elə təriflər və alqışlar göndə­rəcək ki, məndən əvvəl heç kəsə belə təriflər və alqışlar göndər­məmişdir. Sonra da belə deyəcək: “Ey Muhəmməd! Başını qaldır və istə, sənə istədiyin veriləcəkdir; şəfaət et, şəfaətin qəbul olunacaqdır”. Mən başımı qaldırıb deyəcəyəm: “Ümmətim, ey Rəbbim! Ümmətim, ey Rəbbim!” Onda belə deyiləcək: “Ey Muhəmməd! Ümmətin­dən sorğu-suala çəkilməyəcək kimsə­ləri Cənnətin sağ qapılarından içəri daxil et. Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin) digər qapılarından da keçə bilərlər”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Canım Əlində Olana and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə Məkkə ilə Himyər (yaxud Məkkə ilə Busra) arasındakı məsafə qədərdir”. (əl-Buxari, 4343, 4435, 4712; ət-Tirmizi, 2434).

 Digər rəvayətlərdə belə deyilir: “…(Onda Allah) buyuracaq: “Get, qəlbində arpa dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən deyəcə­yəm: “Ey Rəbbim! Ümmətim, ümmətim!” Allah buyura­caq: “Get, qəlbində zərrə qədər və ya xardal dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. On­da mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən deyəcəyəm: “Ey Rəbbim! Ümmətim, üm­mə­tim!” Allah buyuracaq: “Get, qəlbində xardal dənəsi ağırlı­ğın­dan daha az, daha az, daha az imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Mən dör­dün­cü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyə­cəyəm və Onun qarşısında səc­dəyə qapanaca­ğam. Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asıla­caq, istə, sənə istədiyin verilə­cək, şəfaət et, şəfaətin qəbul oluna­caq”. Mən deyəcəyəm: “Ey Rəbbim! Mənə izn ver “lə iləhə illəllah” deyən kimsə­lərə (şəfaətçi) olum”. Allah buyuracaq: “Mənim İzzəti­mə, Əzəmə­timə, Böyüklü­yümə və Ululuğuma and olsun ki, Mən “lə iləhə illəllah” deyən kəsləri oddan çıxardaca­ğam”. (əl-Buxari, 7510).

“Ravi Qatədə (Allah ona rəhm etsin) deyir: “Həmçi­nin, onun belə dediyini eşitdim: “Onları Cəhənnəmdən çıxarıb Cənnətə salacağam, hətta Cəhənnəmdə Quranın tutduqların­dan, yəni haqlarında əbədi əzab vacib olanlardan başqa heç kim qalmayacaq”. Sonra bu ayəni oxu­du: “Ola bilsin ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin” (əl-İsra, 79).

Peyğəmbərimizə salləllahu aleyhi və səlləm vəd olunmuş “Mə­qam­ul-Mahmud (Tərifə­layiq Məqam)”- budur”. (əl-Buxari, 7440).

Şəfaətə aid olan digər hədisdə belə deyilir:

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) demişdir: “Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbbləri ilə haqlarını tələb etmələri sizdən birinizin dünyada haqq uğrunda müca­dilə etməsindən daha şiddətli olacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnə­mə sal­dın”. Allah buyuracaq: “Gedin və tanıdıqlarınızı oradan çıxar­dın!” Möminlər gəlib onları görkəmlərindən tanıya­caq­lar. Od onlar­dan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz ! Artıq Sənin bizə əmr etdiyin kəs­ləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağır­lığında”- hətta “zərrə ağırlığında”- deyə buyuracaq”. Əbu Səid əl-Xudri y dedi: “Kim inanmırsa, bu ayəni oxusun: “Şübhə­siz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”. (ən-Nəsai, 5010, 5027. əl-Albani hədisi səhih olduğunu bildirmişdir).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us