Mənhəc

Sələf alimlərinin rəhbərlərə tabe olmaq haqda sözləri

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Müsəlman olan hər bir kəs öz rəhbərinə qulaq asıb itaət etməlidir. Həmçinin, onun ünvanına təhqiramiz sözlər deməkdən çəkinməlidir. Çünki, rəhbərlərə olan itaətsizlik həm dini, həm də dünyəvi məsələlərdə pis sonluğa gətirib çıxarır. Bu hallardan biri də müsəlman dövlətinin daxildən zəifləməsidir ki, İslam dövlətlərinin düşmənlərinin öz hiyləgər planlarını həyata keçirmək üçün gözəl fürsət yaradır. Əgər müsəlman rəhbər öz dövlətində sevilən biridirsə və onun əmrləri Allahın buyurduğu qaydalar üzrə öz dövlətində həyata keçirsə, İslam düşmənləri onlardan qorxar və onlara hörmət edərlər. Əgər müsəlmanlar öz dövlətlərinə və bu dövlətin başında duran rəhbərə qarşı hörmətsizlik və soyuq münasibət bəsləyərlərsə, onların düşmənləri də onlara bu cür pis münasibət bəsləyər. Buna görə də hər bir müsəlman ağır yükün altına girməklə dövlət başçısına hörmətlə yanaşmalıdır. Həmçinin də Allah onlara itaətin vacibliyini bildirmiş və onlara itaət etməyi əmr edərək: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərinə və özünüzdən olan rəhbərlərə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisə, 59).

İxtiyar sahibləri kimlərdir? Bu ayənin təfsiri haqqında bir çox fikirlər mövcuddur.

Əbu Hureyra, İbn Abbas, Zeyd ibn Əsləm, əs-Suddi, Muqatil (Allah onlardan razı olsun) qeyd edirlər ki, bunlar hakimiyyətdə olan rəhbərlərdir.

İbn Abbas, Əbu Talhə, Cabir ibn Abdullah, Həsənul-Bəsri, Mucəhid, Nəhəi, Dəhhəq (Allah onlardan razı olsun) qeyd edirlər ki, bunlar alimlərdir.

İbn Kəsir (Allah ona rəhm etsin) isə belə deyir: “Bu ayədə həm müsəlman rəhbər, həm də müsəlman alimlər nəzərdə tutulur. Daha doğrusunu isə Uca Allah bilir”. (“Təfsir İbn Kəsir” 1/ 519).

İbn Teymiyyə (Allah ona rəhm etsin) belə qeyd edir: “Allaha və Onun Rəsuluna itaət etmək vacib olduğu kimi, rəhbərlərə də itaət Allahın əmrinə görə vacibdir. Rəhbərlərə Allah xatirinə itaət edən Allaha və Onun Rəsuluna itaət etmiş olur. Rəhbərlərə Allah xatirinə itaət edənlərin mükafatı Allah qatındadır. Belələri Allaha və Onun Rəsuluna itaət etmiş olurlar. Rəhbərlərə, yalnız onların verdikləri mal və vəzifəyə görə itaət edib vermədikdə isə onlara asi olanların Axirətdə heç bir payı olmaz”. (Məcmuul-Fətəva,  35/ 16,17).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) belə deyir: “Rəhbərlərə itaət məsələsində İslam alimlərinin yolu və üslubu çox mühümdür. Belə ki, rəhbərlərin səhvləri, insanların onlara qarşı çıxması və nifrət edərək onlardan uzaqlaşması üçün səbəb olmamalıdır. Çünki bu gələcəkdə fitnə-fəsadın törəməsinə səbəb ola bilər. İnsanlar alimi və rəhbəri nüfuzdan salmağa çalışarsa, şəriət və əmin-amanlıq itər. Çünki, insanlar alimlərin dediklərinə inanmaz, rəhbərin dediklərinə qarşı çıxar və beləliklə də fitnə-fəsad yaranar. Bizə vacib olan isə sələflərin rəhbərlərə münasibətdə tutduqları mövqeyi tutmaq, özümüzü fitnə-fəsaddan qorumaq və rəhbərə qarşı çıxmağın pis sonluğunu bilməkdir. İnsan bilməlidir ki, üsyan etməklə İslamın düşmənlərinə xidmət etmiş olur. İslah isə üsyan və qəzəbdə yox, əksinə hikmət və səbirli olmaqdadır”. (Hakim və tabeçiliyindəkilərin hüquqları risaləsi).

İzz İbn Abdus-Sələm (Allah ona rəhm etsin) belə deyir: “Rəhbərlərə itaət etməyin ən fəzilətli əməllərdən olması barəsində müsəlmanlar icma (yekdillik, həmfikirlik) etmişdirlər” (“Qavaid” 1/ 104).

Səhl ibn Abdullah ət-Tustəri(Allah ona rəhm etsin) belə deyir: “İnsanlar rəhbərə və alimlərə hörmət etdikləri müddətcə xeyir içində olarlar. İnsanlar onlara hörmət edərsə, Allah da onların dünya və Axirət həyatlarını islah edər. Əks təqdirdə isə onlar özlərinin dünya və axirət həyatlarını puç etmiş olarlar”. (əl-Qurtubi “Təfsir” 5/ 260-261).

Səhl ibn Abdullah ət-Tustəri (Allah ona rəhm etsin) buyurur: «Bu ümmət yetmiş üç firqədir, ondan yetmiş ikisi — hər biri sultana (rəhbərə) qəzəb etdiyinə görə həlak əhlidir. Nicat tapan firqə isə sultanla (rəhbərlə) bir yerdə olanıdır». («Qəlblərin Payı» 2/ 242).

Əhməd ibn Abdul-Həlim (Allah ona rəhm etsin) belə deyir: “Hökmdarların ədalətsizliyinə (etdikləri səhvlərə) səbr etmək, Əhli Sünnənin təməl əsaslarından  biridir”.

Bütün bunlar onu sübut edir ki, dünyada və Axirətdə səadətə çatmağın ən müdrük yolu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərinə əsasən rəhbərlərin ədalətsizliyinə səbr edib və onlara qarşı çıxmamaqdadır. Hər kəs bilərəkdən və ya səhvən bu yoldan kənara çıxarsa, yaxşı nəticə əldə etməz, əksinə müsəlman aləmindəki vəziyyəti daha da pisləşdirər.

Əbu Bəkra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)  belə buyurdu: “Kim bu dünyada Uca Allahın təyin etdiyi rəhbərə ehtiram göstərib məqamını uca tutarsa, Allah da Qiyamət günü onun məqamını yüksək tutub şərəfləndirər. Kim də Uca Allahın təyin etdiyi rəhbəri alçaldaraq gözdən salarsa, Allah da Qiyamət günü həmin adamı alçaldar”. (İmam Əhməd, 20450, 20705; əl-Albani “Silsilətul-Əhədisis-Səhiha” 2297).

Hənnəd (Allah ona rəhm etsin) demişdir: “Bir gün əz-Zibriqani, Əbu Vail Şəqiq ibn Sələmənin (Allah ona rəhm etsin) yanında olarkən Həccacı söyüb onun pis əməllərini xatırlatdı. Əbu Vail dedi: “Onu söymə, nə bilirsən bəlkə o: “Allahım məni bağışla!” deyib,  Allah da onu bağışılayıb”. (“əz-Zuhd” kitabı,  2/ 464).

İbn Mubərak (Allah ona rəhm etsin) deyir: “Alimlərini qiymətləndirməyənin Axirəti puç olar, rəhbərləri qiymətləndirməyənin dünyası puç olar, qardaşını qiymətləndirməyənin isə əxlaqı puç olar”. (İbn Asəkir “Tərixud-Diməşq” 32/ 444).

İmam Tahəvi (Allah ona rəhm etsin) belə deyir: “Rəhbərlər xəta edərək ədalətsiz olsalar belə, biz onlara qarşı çıxmağı qadağan edir, lənət oxumur, bəd dua etmir və onlara tabe olmağı da tərk etmirik. Biz inanırıq ki, onlara itaət etməklə Uca və Böyük olan Allaha itaət etmiş olururuq. Allaha asiliyə aparan əməllər istisna olmaqla, rəhbərlərə itaət etmək hər bir məsələdə vacibdir. Əllərimizi Uca Allaha qaldıraraq dua edirik ki, Allah onları doğru yola müvəffəq etsin və onları bu yolda sabit etsin”.

Bir məsələni də unutmayaq ki, Uca Allahın bizim üzərimizə təyin etdiyi günahkar, zalım rəhbərlər yalnız və yalnız bizim günahlarımızdandır. İnsana Allah tərəfindən verilən cəza günahın növünə görədir. O, halda bizim üzərimizə düşən Uca Allahdan bağışlanma diləmək, Ona tövbə etmək və əməllərimizin islah olunmasını istəməkdir. Uca Allah buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyniz əməllərin) ucbatındandır”. (əş-Şura, 30), “Siz (Bədr müharibəsində) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Uhud müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: Bu haradan gəldi? – dediniz. (Ya Məhəmməd!) Söylə ki: Bu sizin özünüzdəndir. Həqiqətən Allah hər şeyə qadirdir”. (Ali-İmran, 165), “Beləliklə qazandıqları günahlara görə zalimlərin bəzisini digərinə hakim edərik”. (əl-Ənam, 129).

Qatədə (Allah ona rəhm etsin) deyir: “Əgər itaət edənlər zalım rəhbərin zülmündən qurtulmaq istəyirlərsə, ilk növbədə özləri zülm etməkdən çəkinməlidirlər”.

Rəhbərlərin yaxşı əməl sahibi, haqq yolda və hidayət üzrə olmaları üçün dua etmək Əhli-Sünnənin etiqadlarındandır.

Həsən əl-Bəsri (Allah ona rəhm etsin) belə deyərdi: “Unutmayın ki, hökmdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamların qarşısı dua, tövbə, istiğfar, Allaha dönüş və günahlardan çəkinmək ilə alınır. Allahın intiqamı qılıncdan daha da kəskindir”. (İbn əl-Cəuzi “Ədəbul-Həsənul-Bəsri”, səh, 119). Başqa bir rəvayətdə isə Həsən əl-Bəsri (Allah ona rəhm etsin) Həccəcə bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə deyir: “Allah sənə rəhmət etsin, belə dua etmə! Əslində bu müsibətlər sizə öz əllərnizlə etdikləriniz günahlara görə gəlmişdir. Biz qorxuruq ki, Həccac gedər, onun yerinə meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar”. (İbnul-Cəuzi “Ədəbul-Həsənul-Bəsri” səh. 119).

İmam əl-Bərbəhəri (Allah ona rəhm etsin) deyir: “Sən bir kimsənin rəhbərə qarşı bəd dua etdiyini görsən bil ki, o bidət sahibidir (dində yenilik edəndir). Əgər bir kimsənin rəhbərin islah olması üçün dua etdiyini görsən bir ki, o Əhli Sünnədəndir”. (“Şərhus-Sunnə”, səh. 116).

Sələflər deyirlər: “Allah bir millətə xeyir vermək istəsə, idarəçiliyi həlim olanlara, xəzinələri də comərd olanlara verər. Bir millət pis işlərlə məşğul olsalar idarəçiləri ağılsız və səfehlər, xəzinədarları isə simic və paxıllar olar”. (Bu rəvayətlər üçün İbn Qeyyimin “Cəvabul Kəfi” kitabına baxa bilərsiz).

Fudeyl ibn İyad (Allah ona rəhm etsin) isə belə deyir: “Əgər mənim qəbul ediləcək bir duam olsaydı, onu mütləq rəhbər üçün edərdim. Çünki, bizə onların islah olunmaları üçün dua etmək əmr, bəd dua etmək isə qadağan olundu. İstərsə haqsızlıq, istərsə zülm etsinlər. Çünki, onların zülm və ədalətsizlikləri özlərinin əleyhinədir. Ədalətli olmaları isə həm özlərinin, həm də müsəlmanların xeyrinədir. Digər tərəfdən onların islah olunmaları ilə ümmət də islah olur. Çünki mənim yaxşı əməl sahibi olmağım yalnız özümün, rəhbərin yaxşı əməl sahibi olması isə bütün müsəlmanların xeyrinədir”. Bu sözləri eşidən İbn əl-Mubarək (Allah ona rəhm etsin) onun alnından öpərək: “Ey xeyir işlərin müəllimi! Bunu sənin kimi gözəl şəkildə kim çatdıra bilərdi?” (“Şərhus-Sunnə”, səh. 114; Əbu Nueym “Hilyətul-Əuliyə”, 8/ 91).

əl-Xalləl (Allah ona rəhm etsin) İmam Əhmədin (Allah ona rəhm etsin) rəhbərlər haqqında belə dediyini rəvayət edir: “Mən gecə-gündüz rəhbər üçün müvəffəqiyyət arzulayır və Allahın ona yardım etməsi üçün dua edirəm və bunu özümə vacib bilirəm”. (“əs-Sunnə” 1/ 83).

Saleh Abdul-Aziz (Allah ondan razı olsun) öz Fitnələr kitabında belə deyir: “Əhli Sünnəni, bidət əhlindən fərqləndirəcək xüsusiyyətlərdən biri də, üzərlərinə təyin edilmiş başçıya nəsihət və onun üçün çoxlu (xeyir) dua etmələridir. Hətta onlar öz başçılarında xoşa gəlməyən günahlar görsələr belə, yenə də Allahdan başqa heç kimdən nə bir mükafat, nə də bir təşəkkür istəmədən ona çoxlu xeyir dua və nəsihətlər edərlər. Əgər bu məsələ bizim də qəlbimizdə beləcə qərar tutarsa artıq biz də həqiqi şəkildə Əhli Sünnə vəl-Cəmaat toplumundan sayılmış olarıq”. Digər bir yerdə isə deyilir: “Əhli Sünnə vəl-Cəmaat təsdiqləyir ki, asi (böyük günah sahibi olan) başçının rəhbərliyi ilə aparılan cihadın (döyüş hökmünün) həmişəlik qüvvədədir. (Bir daha təkrarlayıram): İstər əməli saleh, istərsə də asi olan başçının rəhbərliyi ilə aparılan cihadın (hökmü) həmişə öz qüvvəsindədir. Zəmanəsindən asılı olmayaraq başçısının günahlarını səbəb və bəhanə gətirərək döyüşdən yayınmasına heç kəsə icazə verilmir”.

Şeyx Saleh əl-Fovzana (Allah onu qorusun) verilən sualda deyilir: «Bəzi elm tələbələri deyirlər ki, zalım rəhbərə qarşı çıxmaq ixtilaflı məsələdir. Bu haqda nə deyə bilərsiniz?»

Şeyx cavabında buyurur: «Bunu söyləyən elm tələbəsi yox, fitnə tələbəsidir. Elm tələbəsi belə deməz, fitnə tələbəsi belə deyər. Bu məsələ ixtilaflı deyil, ittifaq olan məsələdir, icmadır. Rəhbərlərə itaət vacibdir. Uca Allah buyurur: “Ey iman edənlər Allaha və onun elçisinə itaət edin, aranızdan olan əmr sahiblərinə də itaət edin”. (ən-Nisa, 59). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizə Allahdan qorxmağı, hətta kölə sizə rəhbərlik etsə də eşidib itaət etməyi tövsiyə edirəm”. Bu məsələ ixtilaflıdır» deyən adamın sözu heç uyğun gəlmir. O, ya bilmir, ya da insanları haqq yoldan azdırmaq istəyir». (Şeyxin səsli yazısından).

Əhli Sünnənin bu məsələdə mövqeyi belədir. Əgər müsəlmanlar inanclarına sadiq qalsalar, inandıqları kimi yaşasalar heç bir şey onların imanına xələl gətirə bilməz. Əks təqdirdə, yəni inandıqları kimi yaşamasalar, yaşadıqları kimi inanmağa başlayacaqlar.  Uca Allah buyurur: «Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız) onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir». (Ali-İmran, 120).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us