Töhvid

Allaha nə üçün inanmalıyıq?!

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Əvvəla, sual verilsə ki, Allahın varlığına Maddi dəlil axtarmaq doğrudurmu?

Cavab belə olacaq ki, xeyr. Çünki, dinin cavabı belədir ki, Allah bizə bu dünyada özünü göstərmək istəməmişdir. Əgər Allah bizi sınaqdan keçirmək üçün özünü göstərmək istəməmişdirsə, onda Onun varlığına maddi dəlil axtarmaq doğru deyil. Bu zaman dəlilin digər növlərinə baxmaq lazımdır. (Fitri, hissi, şəri və elmi dəlillər kimi) Maddi dəlil gözlə görməklə olduğu üçün, ateistlər yalnız dəlilin maddi növünə inanır və dəlilin digər növlərini bu məsələdə inkar edirlər. Baxmayaraq ki, bu məsələdə ancaq maddi dəlilə inanacaqlarını deyirlər, amma başqa məsələlərdə dəlillərin əqli, elmi, fitri kimi növlərini qəbul edirlər. Artıq bu barədə dəfələrlə danışılıb ki, ateist havanı görmədən havanın varlığına inanır, mikrobu görmədən də mikrobun varlığına inanır və s. Hətta, ateist bu məsələdə ziddiyyətə də düşə bilir. Bir çox hallarda yadplanetliləri öz gözüylə görmədən ateist onların varlığına inanır. Amma, sağlam ağılın tələbinə əsasən bu qədər nizamlı, möhtəşəm gözəllikdə bir aləmin Allah tərəfindən yaradıldığını qəbul etmir.

Allahın varlığına dəlalət edən dəlillər dörd qismdir.

1 — Fitri dəlillər.

2 — Hissi dəlillər.

3 — Şəri dəlillər.

4 — Elmi dəlillər. 

Söhbətimiz də elə bu istiqamətdə olacaqdır. Yəni, hansı misallar gətirsək, hamısı bu dörd məsələdən kənara çıxmayacaqdır. 

1 — Fitrət dəlili; Sağlam fitrət dəlil axtarmadan da Allahın varlığına şahidlik edir.Allaha inanmaq hər bir insanın fitrətində olan təbii hislərdir. Sağlam ağıl bir çox ilahın deyil, yalnız bir ilahın olduğunu qəbul edir. Lakin, biz fitrət dedikdə İslam fitrətini qəsd edirik. Dedik ki, İnsanın fitrəti Allahı tanımağı, qəbul etməyi gərəkdirir. Çünki, sağlam fitrətlər Allahın varlığına şahidlik edir. İnsanın bunu görməməzlikdən gəlməsi mümkün deyil. Bu yalnız insanın asi və Rəbbindən uzaq olması halında mümkün ola bilər. Əgər insanın fitrəti sağlam olarsa, o zaman o Rəbbini tanıyacaq, qəbul edəcək, özünün Ona nə qədər ehtiyaclı olduğunu, müsibət və çətinlik zamanı Ona yönəlməyin əhəmiyyətini dərk edəcək. Alimlər deyirlər ki, sağlam fitrət Allahın varlığına dəlalət etdiyi üçün, yalnız fitrəti pozulmuş insanlara Allahın varlığı üçün müxtəlif dəlillər ərz oluna bilər.

Amma, bəzən Allahı inkar edən biri də özü bilmədən Allahı təsdiqləyir. Bu barədə olmuş bir qısa hekayəni qeyd edəcəyəm.

«Bir dəfə sinif otağında ateist müəllim tələbələrinə lövhə üzərində həndəsi bir fiqur çəkdiyi zaman şiddətli zəlzələ baş verir. Ateist müəllim dərhal əlindəki təbaşiri yerə ataraq deyir: Ay Allah (kömək ol!)

Zəlzələ qurtardıqdan və qorxusu keçdikdən sonra isə tələbələri:

Sən axı zəlzələ əsnasında Allahdan kömək istəmişdin!? dedikləri zaman, əvvəl dediyini inkar etsə də, sonra etiraf edərək deyir:

Bu fitri bir şeydir ki, yaradılışdan bizdə var!» (əl-Fusul əl-Mufiydə, fi təqviyətil-Aqiydə, səh 38)

Ona görə də insanın kimliyindən asılı olmayaraq dara, sıxıntıya düşən kimi Allahı köməyə çağırması təbii bir haldır. Allah bu həqiqəti Quranda belə ifadə etmişdir:

«Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar.» (ər-Rum, 65)

Həmçinin, başqa bir misal verək; az olmayıb ki, ucsuz-bucaqsız quraq çöllərdən birində təsadüfən qədim bir şəhərin qalıqları tapılıb. Arxeoloqların əsas işi isə sadəcə o şəhəri kəşf etmək, sonda o şəhərin təxmini yaşını təyin etmək olur. Amma heç bir arxeoloq və ya bioloq çıxıb demir ki, həmin qədim şəhər təbiət amillərindən küləklərin, yağışların, istinin, soyuğun və s. təsiri ilə özü-özünə yaranıb!…Əgər bu zaman kimsə bizə desə ki, bu qədim şəhər səbəbsiz yerə öz-özünə yaranıb və ya özü-özünü yaradıb, onda biz o insanın ağlında bir problem olduğunu təxmin edəcəyik. Belə bir sözü heç kim deməz. Çünki, əslində özü olmayan bir şey nəyi isə yarada bilməz! Bu məsələ insanların ağlının şəksiz şəkildə qəbul etdiyi bir məsələdir. Çünki, bir şəhərin mövcudluğu o şəhəri tikən, quran, planlayan zəkalı şəxslərin mövcudluğuna dəlalət edir.

Eləcə də sizə deyilsə ki, böyük bir qaya özü-özünə bu binanın üzərinə qalxıb, heç kim buna inanmaz. Eləcə də bir qayanın özü-özünə binanın başından endiyini desək heç kim buna inanmaz. Çünki, cansız bir varlığın bunu etməsi mümkün deyil. Mütləq ona təsir edən, onu qaldıran və endirən varlıq barədə düşünməli olursan.

Maraqlı olan isə budur ki, insanlar təkidlə bir şəhərin onu düzəldən insanlar olmadan meydana gəlməsini mümkünsüz hesab edir və özü-özünü düzəldən şəhərin olmadığını bildirirlər, bir qayanın yüksəyə qaldırılması üçün də təkidlə kiminsə onu yüksəyə qaldırmasının gərəkdiyinə inanırlar. Lakin, onlardan bəziləri bu ehtişamlı, əzəmətli, nizamlı və rəngarəng kainatın Yaradan olmadan yarandığını mümkün sayırlar. Baxmayaraq ki, kainat bu qeyd etdiklərimizdən daha qəliz quruluşlu və daha böyük yaradılışlıdır. Allah Quranda bunu təsdiq edərək buyurmuşdur: «Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir.» (Ğafir, 57)

  • Daha bir misal; Fərz edək ki, bir insan belə deyir: Mən özümü yaratmışam. Görəsən, o şəxs iddia edə bilərmi ki, göyləri və yeri yaratmışdır?! Əgər var olmayan bir şey göyləri və yeri yarada bilmirsə, əgər göylər və yer də özü-özünü yarada bilmirsə, əgər onlar bu şeylərin hamısını yaratdıqlarını iddia edə bilmirlərsə, onda bu o deməkdir ki, bütün bunları mütləq bir yoxdan Yaradan vardır. Bu Yaradan isə Uca Allahdır.

2 — Hissi dəlillər; Kainatda baş verən bütün  hadisələr aydın bir şəkildə Allahın varlığına dəlalət edir. Bu hadisələrin ən mühümü yaradılış hadisəsidir. O baxımdan ki, Allah kainatdakı bütün varlıqları (ağacları, dənizləri, çayları, səmanı) yaratmışdır. Bu şeylərin təsadüfən yaranması və ya özü-özünü yaratması imkansızdır. Əksinə, bütün bunları yoxdan icad edən, yoxdan yaradan vardır. Necə ki, Quranda buyurulmuşdur:

«Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar» (Tur, 35-36)

Necə ki, Allah hər məxluqa onun özünə münasib qüvvə vermişdir.

Məsələn; Allah dəvəni qüvvətli yaratmış, ona yük və insan daşımaq, çətinliyə dözmək qabiliyyəti vermişdir. O bir yerdən başqa yerə agir yük daşıyır, halbuki, balıq bunu edə bilməzdi.

3 — Şəri dəlil; Bəşər övladına göndərilmiş bütün şəriətlər Allahın varlığına dəlalət edir. Həmçinin, şəriətlər Allahın Kamilliyinə, Elminə, Rəhmətinə və Hikmətinə dəlalət edir. Çünki, bu qanunlar yalnız kamilliklə vəsf olunan bir varlıq tərəfindən ola bilər ki, o da Allahdır.

4 — Elmi dəlillər; Səbəb və nəticə qanunu:

Bu qanun bəyan edir ki, hər səbəbin nəticəsi vardır. Hər nəticənin də səbəbkarı vardır. Bu isə bütün elmlərin əsasıdır. Bunun da göylərin və yerin yaranması ilə möhkəm əlaqəsi vardır. Bu məsələnin Allahın varlığına dəlil olan hissəsi isə odur ki, hər bir başlanğıcı (əmələ gəlməsi) olan varlığın mütləq şəkildə var olma səbəbi var. Kainatın var olmasının səbəbinin də Allahdan olması labüddür. Çünki, kainatın var olmasının sifətlərinin səbəbi zamanla əlaqəli deyil. Zamanın xaricində var olmaq isə Uca Allaha aid bir şeydir.

Qayə elminin qanunu: Bu qanun, təbiətdə olan varlıqları araşdıraraq bu varlıqların yaradılışındakı qayə, hədəf və funksiyalarını bəyan edərək kainatın yaradıcısına işarə etmək məqsədini daşıyır.

Yuxarıda qeyd etdiyimiz kimi, digər dəlillər də məhz bu dəlillərlə əlaqəlidir. Məsələn; təkcə suyun yaradılması Allahın varlığına elmi dəlil kimi bəs edir. Alimlər qeyd edirlər ki, başqa bir planetdə həyatın mövcud olması üçün mütləq şəkildə yer üzündəki  keyfiyyətdə suyun olması labüddür. Yəni, dünyada gördüyümüz həyat kimi bir həyatın başqa yerdə olması üçün suyun mövcudluğu mütləqdir. Bu da suyun necə mühüm bir yaradılış və yüksək dəqiqliklə düşünülmüş məqsəd üçün yaradıldığına bir işarədir. Yəni, bütün ehtimallarda bu tərkibdə və bu keyfiyyətdə suyun öz-özünə yaranması mümkünsüz görünür. Allah isə Quranda suyun yaradılış və həyatdakı əhəmiyyətini belə vurğulamışdır:

«Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər canlının su ilə canlı olmasını görmürlərmi? Yenədəmi inanmırlar?» (əl-Ənbiya, 30)

Ateistlər ilk mikro orqanizmlərin sudan yarandığını desələr də, özləri də bilmədən Qurandakı həqiqəti təsdiqləmiş olurlar. Lakin, alimlər hər canlının su ilə canlı olmasının anlamı barədə əsasən iki rəy demişlər. Bəzi alimlər buradakı «su ilə canlı olmaqdan» məqsədin su içməyə olan ehtiyac, bəziləri isə yaradılış suyunun qəsd edildiyini vurğulamışlar. Buradakı təfsilat odur ki, insan torpaqdan yaransa da, onun nəsli yaradılış suyu ilə davam etmişdir. Eyni zamanda insan da su içir. Oddan yaranan cinlərin də su içdiyi sünnədən (hədislərdən) gələn xəbərlərlə sabit olmuşdur.

Artıq müasir elm də kainatdakı həyatın varlığı və davamı üçün suyun əhəmiyyətini, canlıların su ilə necə varlığını davam etdirməsini isbatlayır.

Başqa bir misal; Günəş əgər bir azca öz yerindən daha yaxında yerləşsəydi, onda yer üzündə şiddətli istidən dolayı həyat mövcud olmazdı. O cümlədən də, əgər günəş bir azca öz indiki yerindən uzaqda yerləşsəydi, onda yer üzündə şiddətli soyuqdan dolayı həyat iflic olar və mümkünlüyünü yenə itirərdi. Göydəki milyonlarla ulduzların toqquşmadan dəqiq şəkildə hərəkət etmələri və s. bir çox həqiqətlər təsadüfi yaradılışı, xaos və qarışıqdan deyil, kainatdakı dəqiq ilahi nizamdan bizə xəbər verir.

Digər dəlillərə gəldikdə isə, bunlardan:

1 — Meyar dəlili: Bu meyar dəlilinə görə insan maddədən yaransa da, onun mənəvi aləmi, əxlaqi keyfiyyətləri, haqqı nahaqdan seçmək hisləri kimi xüsusiyyətləri Allahın bir lütfüdür. Bunu maddi aləmlə bağlamaq əqli cəhətdən mümkünsüzdür. Yəni, ateizm insanın maddədən təsadüfən yarandığını iddia etdiyi halda, insanın mənəvi aləmini, əxlaqını izah etməkdə zorlanır. Deməli, meyar dəlili həm cismin, həm də ruhun tələbatına görədir.

2 — Məxluqun (yaradılmışın) mütləq şəkildə Xaliqi (Yaradanı) olmalıdır. Hər bir işin görəni vardır. Heç nə özü-özünə baş vermir. Hər bir hadisənin də səbəbi vardır. Bu boyda kainatın özü-özünə yarandığını demək ən böyük ağılsızlıqdır.

Ona görə də heç nə səbəbsiz baş vermir. Bu sağlam düşüncəli hər bir insanın qəbul etdiyi bir şeydir. Hətta, uşaqlar belə bunu dərk edirlər. Bir misal verək; «Əgər bir uşağı onun xəbəri olmadan (onu görmədən) kimsə vurub gizlənsə, uşaq deyəcək ki: «Məni kim vurdu?!» Əgər ona deyilsə ki, «səni heç kim vurmayıb», uşağın əqli ona təsir edənin olmadığı halda ona zərbə dəyməsini qəbul etməyəcəkdir. Əgər ona deyilsə ki, səni filankəs vurub, o da onu vurub heyifini çıxarmadıqca ağlaya-ağlaya qalacaqdır.» (Məcmuul-Fətəva, 5/358) hətta hər bir işin faili (iş görəni) olmasını, səbəbsiz yerə olmadan baş verməsini heyvanlar, hətta, həşəratlar belə bilirlər. Məsələn; bir yatmış və ya qafil inəyin üzərinə daş atılsa, o dərhal oyanıb nə baş verdiyini bilmək üçün daşın atıldığı tərəfə boylanacaq və bu işi kimin etdiyinə baxacaqdır. Çünki, o bilir ki, hər bir hadisənin səbəbkarı vardır. Bu instinkt canlılarda yaradılışdan bəri mövcuddur.

 3 — Allah bu dünyada Özünü bəndələrinə göstərmək istəməmişdir. Lakin, Qiyamət günü Allahı mömin qulları görəcək və çox sevinəcəklər. Onu inkar edənlər isə Onu görməyərək həsrətə düçar olacaqlar; Uca Allah Quranda bu məqama toxunmuşdur: «O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır.» (Qiyamət, 22-23) Bu ayə dəlildir ki, Allah mömin qullarına görsənəcəkdir. Lakin, bu dünyada Allahı görmək mümkün deyildir. O zaman ki, Musa (AleyhisSələm) Allahı görmək istədi. Allah bu dünyada ikən Onu görməsinin mümkünsüz olmasını bildirdi. Quranda həmin hadisə belə hekayə edilmişdir: «Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni (bu dünyada) görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”» (əl-Əraf, 143)

Peyğəmbərimiz də (Allahın Ona salavatı və salamı olsun) möminlərin Allahı cənnətdə  görəcəklərini səhih (mötəbər) hədislərdə bildirmişdir. Deməli, Allah bu dünyada özünü qullarına göstərmək istəməmişdir. Lakin, cənnətdə mömin qullarına özünü göstərəcəkdir. Zatən, insanlar bu dünyada ikən Allahı görsəydilər, artıq imtahan dünyasının bir mənası olmazdı. Onda hər kəs Allaha inanardı və insanların mələklərdən fərqi olmazdı. Çünki, mələklər Allaha asilik etməz, Ona tam, yəqinliklə iman gətirərlər. İnsan isə şəkk və yəqinlik arasında doğru seçim etməklə mələklərdən daha yüksək məqama yüksələ bilir.

Elə bu məqamda onu da qeyd etmək yerinə düşərdi ki, bəzi ateist və deistlər deyirlər ki, olmazmiydi ki, insan bu dünyada ancaq ləzzət və nemət içində olaydı?! Bu da özlərini aldatdıqları bir sualdır. Çünki, birincisi həmin aləm cənnət deyilən yerdə olacaq, Allah tam nemətlər və ləzzətlər aləmi olaraq cənnəti yaratmışdır. Bu dünya əməl meydanıdır, cənnət və cəhənnəm isə qarşılıq, əvəz verilmə, mükafatlandırma və ya cəzalandırma aləminə aiddir. Bu şeyləri qarışdırmaq olmaz. İnsan iş vaxtıyla istirahət vaxtını qarışdırarsa, problemlə üzləşdiyi kimi, əməl meydanıyla cəza meydanını da qarışdırarsa, problemlə üzləşəcəkdir. Bütün bu cür suallar əslində dini savadsızlıqdan qaynaqlanır.

 4 — Dünyada xeyirin və şərin mövcud olması Allahın varlığına dəlalət edir.

 1) Şərin əksi olan xeyir: Şərin mövcudluğunun əqli və psixoloji cəhətdən təsdiqlənməsi, xeyirin də açıq-aydın mövcudluğunun təsdiqlənməsinə dəlildir. Xeyirin mövcudluğu isə Allahın mövcudluğuna dəlildir. Tamamilə maddə ilə əlaqəli olan bir dünyada isə xeyirin olması mümkün deyil. Halbuki, xeyir mövcuddur. Bu da Allahın varlığına dəlalət edir.

2) Şərin özü varlığın yaradılmasına dəlalət edir. Çünki, ateistlərdən bir çoxu belə Allahın qüdrətinə şəkk etmələri ilə demək istəyiblər ki, Allah kamildirsə, niyə hər şeyi kamil etməyib və niyə naqisliklər var? Lakin, əvvəlcə unudublar ki, yaradılışda hər şeyin kamil olması şərt deyil. Allah istədiyi kimi yaradır. Lakin, bir şeydə razılaşıblar ki, Allah kamil olmalıdır. Yaradılmışların naqis olması, naqis varlıqları isə Kamil olanın yaratması sağlam ağılın qəbul etdiyi həqiqətlərdəndir. Bu nahiyədən də şərin mövcudluğu Allahın varlığına dəlalət edir. Allah şərlə qullarını imtahana çəkir. Üstəlik onlara seçim də vermişdir. Məxluqlar naqis, Allah isə kamildir. Zatən, həm ateistlərin, həm də iman əhlinin ittifaqına görə əgər Allah varsa, o Kamil olmalıdır. Kamil olmayan məxluqların yaradıcısı isə yalnız Kamil olan Allah ola bilər.

3) “Xeyir və şər nəyə lazımdır?” deyənlər çirkin olmasa, gözəlin qədrini bilinməz, pis olmasa, yaxşının qədrini bilinməz, xəstəlik olmasa sağlamlığın qədrini bilinməz və s. bir-birinə tərs mütənasib bir çox misalları çəksək dərhal razılaşarlar. Onlar bu dünyanın rəngarəng və maraqlı olması üçün bu bir-birinə əks olan məfhumların var olmasının hikməti barədə düşünsələr, bunun arxasında hər şeyə Qadir olan Uca Allahın olduğunu anlayarlar.

 5 — Ağrı, əsrarəngiz gözəlliklər, bənzərsiz nizam və hikmətlər:

İnsanın ağrı hiss etməsi necə baş verir? Ağrı olmasaydı insan bədənindəki problemləri necə bilərdi və nələr baş verərdi? Bu təsadüfdürmü? Bunu insan bədənində proqramlaşdıran kimdir? Dünyadakı əsrarəngiz gözəlliklərin yaranması təsadüfdürmü? Yoxsa, bunları düşünərək Yaradan vardır? Təbiətdəki bəzi gözəlliklər bəzən insanı bihuş edir.

Həmçinin, İsaac Nyuton demişdir:

«Günəşin, planet və ulduzların əsrarəngiz dəqiq nizamının ərsəyə gəlməsi yalnız Qüdrətli, (hər şeyi hökmündə saxlayan) Hökmdar olan bir Yaradanın  tərəfindən mümkündür. O hər şeyə hökm edir.» (Newton, 1687, principia)

Albert Eynşteyn demişdir: «İnsan hər dəfə təbiətin sirlərini öyrəndikcə, Allaha olan təzimi (Onu Uca hesab etməsi) və ehtiramı çoxalır!» (Mənbə: Einstein, as cited in brian, 1996, 119)

Həmçinin, o yenə demişdir: «Hər dəfə elm öyrəndikcə Allaha olan inancım daha da artdı.» (Mənbə: Einstein, as Cited in Holf, 1997)

Bu qəbildən olan sözləri daha çox oxumaq istəsəniz bu keçidə daxil olub “İman zəkalılar üçün deyilmi?” adlı həmin məqaləmizi oxuya bilərsiniz:

Keçid düyməsi

 6 — Heyvanlardakı ibrətlər Allahın varlığına dəlalət edir:

Əgər heyvanlara, onların yaradılışına, onlara verilən müxtəlif xüsusiyyətlərə, onların ruzilərini, qidalarını qazanma yollarına baxsaq, onları yönəldən bir qüvvəni görərik.

Məsələn; bal arısı uzun məsafələrə, əvvəllər getmədiyi gül-çiçək olan yerlərə xətaya yol vermədən gedir və həmin yerləri taparaq ruzilənir. Quranda bu barədə Allah buyurur:

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.

Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.» (ən-Nəhl, 69)

Deməli, bal arısı Allahın ona verdiyi instinkt ilə ona asanlaşdırılmış yollarla öz qidasını tapmış olur. Sonra bal arısının düzəltdiyi bal da Allahın nişanələrindəndir. Bal insanlar üçün bir şəfadır. Bal pətəklərinin altıbucaqlı olması, arının yalnız həmin altıbucaqlı pətəklərə öz yığdığı balı depolaması, başqa  sayda bucaqları  olan  pətəklərə  bunu etməməsi də düşündürücüdür.

Tovuzquşunun quyruğu, əlvan və heyrətamiz görünüşü Darvini çox düşündürmüşdü. Çünki, o bilirdi ki, tovuzquşu kimi gözəl görünüşlü bir quşun təsadüfən yaranmasını demək insanlar arasında çox ağır bir iddia olaraq qarşılanıla bilər.

Qarışqanın öz azuqəsini toplaması, özünə ev qurması, özündən dəfələrcə ağır olan yemini daşıya bilməsi hamımızın bildiyi həqiqətlərdir.

Filin uzun xortumunun əl funksiyasını yerinə yetirməsiylə həm bununla su içməsi, həm də qidalanması Qüdrətli  Yaradana işarə edir.

Quşların ən sadə və rahat şəkildə havada uçması, ilk təyyarənin məhz quşların göydə uçmasına baxıb düzəldilməsi…

Yırtıcı heyvanların rahat ov etmələri üçün pəncə və caynaqlarının, kəskin iti dişlərinin olması…

Bəzi heyvanların ən peşəkar memarları belə heyrətə gətirən yuvaqurma qabiliyyəti…

İstiyə ən dözümlü heyvanlardan olan dəvənin günlərcə yemək yemədən su içmədən belindəki yağları əridib uzun məsafələri qət etməsi…

Bəzi heyvanların başqa heyvan növlərinə rəhmət və qayğı göstərməsi…

İnək, dana, qoyun və keçi kimi heyvanların südünün içiliməsi, yunu və s. istifadə olunması.

At, qatır, uzunqulaq  kimi bəzi heyvanların insanın xidmətində olması.

Uzun ayaqlı quşların (leylək kimi) su içində rahat şəkildə ov etməsi, bu uzun ayaqlar vasitəsilə diqqətini ova tərəf cəmləyib daha asan ov etməsi və ovunu asanlıqla qaçırmaması…

Ayının çayın balıq olan yeri bilməsi və həmin yerdən balıq ovlaması. Ayının heç bir şeydən qorxmadan uzun müddət qış yuxusuna getməsi…

Dənizlərdəki balıqların müxtəlif və möhtəşəm qidalanma metodları, onların havada deyil, suda yaşamasının necə təmin edilməsi və bir çox məsələlər…

O misallar ki, bu kiçik yazıda saymaqla bitməz…

Bütün bunlar heyvanların onları yaradan tərəfindən öz xeyirlərinə, qidalarına yönəldilmələrinə dəlalət edir. Onları Yaradan onların nəyə ehtiyacı olduğunu çox gözəl bilir. Ona görə də Allah Quranda buyurmuşdur:

«Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).» (Hud, 6)

Yaradılmışlar arasındakı bu heyrətamiz fərqləri, qeyri adi bacarıqları və imkanları gördükcə insan bəşər qanunlarının fövqündə olan ilahi qanunları və Allahın varlığını hiss edə bilər. 

7 — İnsanın öz yaradılışı Allahın varlığına dəlalət edir;

İnsanın öz yaradılışına baxması əslində Allahın Qüdrətini dərk etməsi üçün bəs edir. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?» (əz-Zəriat, 21)

Xromosomlarda insanın bütün genetik məlumatlarının toplanması, heç bir insanın barmaq uclarının başqasına bənzəməməsi, qan damar sisteminin mükəmməl quruluşu, insanın mükəmməl həzm sistemi, sümük və oynaqların mükəmməl quruluşu, gözün mükəmməl quruluşu və daha necə şeylər ki, bu, insan bədəninin necə böyük bir ilahi əsər olduğunu sərgiləyir. İnsanın bu barədə düşünməsi onun böyük bir yaradıcı qüvvə olan Allahın varlığını təsdiqləməsi üçün kifayət edir.

8 — Yaradılış və icad dəlili;

Birincisi; bu dəlilə əsasən canlılar var olmadan yaradılıbdır. Yəni, əvvəl olmayan şeylər sonradan mövcud olub, yaradılıblar.

İkincisi isə, hər bir şey ki, əvvəl olmadığı halda sonradan yaranmışdır, mütləq şəkildə onun bir yaradıcısı vardır.

9 — Quranda Allahı tanımaq yolları:

«əl-Fəvaid» kitabında deyilir: «Uca Allah Quranda qullarını Onu tanımaq üçün iki yola dəvət edir:

Birincisi; Onun (kainatda) etdiyi feillərinə baxmaq.

İkincisi: Onun ayələri barədə fikirləşmək, düşünmək.

  • Onun (kainatda) etdiyi feillər Quran və hədislərdə qeyd olunduğu kimi ilahi sifətləri lazımlı edir, çünki, feilin (işin) baş verməsi onu edən faili (işi görənin varlığını) gərəkdirir, bu da Allahın varlığına, Onun Qüdrətinə, İradəsinə və Elminə dəlalət edir. Ona görə ki, qüdrəti, həyatı, elmi və iradəsi olmadan var olan və ya ümumiyyətlə var olmayan bir şeyin seçim edərək iş (feil) görməsi mümkünsüzdür.

Həmçinin, müxtəlif xüsuslarda işlərin bir cür və təkrarsız görülməsi də failin (işi görənin) iradəsinə və gördüyü işin özbaşına (öz-özünə) baş vermədiyinə dəlalət edir.

Bunda Allahın hikmətinə dəlalət  edən neçə-neçə məsləhətlər, hikmətlər və tərifəlayiq qayələr vardır.

Bunda Allahın Rəhmətinə dəlalət edən neçə-neçə faydalar, yaxşılıqlar və xeyirlər vardır.

  • Onun ayələri barədə fikirləşmək, düşünmək; Allahın nişanələri (ayələri) görülən (təbiətdə olan) və (Quran oxunduğu zaman) eşidilən, anlaşılan olur.

Allahın görülən (müşahidə olunan) ayələrinə misal olaraq Quranda deyilir: «Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.» (əl-Bəqərə, 164).

Həmçinin, başqa ayədə belə deyilir: «Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.» (Ali İmran, 190).

Allahın (Quran oxunduğu zaman) eşidilən, anlaşılan ayələri barədə isə Quranda belə deyilir: «Məgər onlar Quran barəsində düşünmürlərmi?» (ən-Nisa, 82) həmçinin: «Məgər onlar bu Söz haqqında düşünmürlərmi?» (əl-Muminun, 68) həmçinin deyilir: «Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.» (Sad, 29) bu da (bu ayələr) həmçinin çoxdur. (əl-Fusul-əl-Mufiydəh, fi təqviyətil-Aqiydəh, səh 34; ixtisarla)

10 — Allaha ibadət etmək üçün yaradılmışıq:

Sonda bütün bu danışdıqlarımızdan belə bir qənaətə gəlmək olar: «“Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır”.» (İbrahim, 10)

Həyat qayəsiz deyildir. Hara qaçsaq da, bir gün öləcəyik. Biz Ona yəqinliklə inanmalı, Ona ibadət etməli və bizi yoxdan yaradan Xaliqə öz qulluq borcumuzu yerinə yetirməliyik! Allaha bu dünya və axirətdə həqiqi mənəvi həyat yaşayıb xoşbəxt olmaq üçün inanmalıyıq! Allaha inanmaq Uca Allahın haqqıdır! Allaha inanmalıyıq ki, mənasız həyatdan xilas olub mənalı, həqiqi həyat yaşayaq! Allaha Ona görə inanmalıyıq ki, biz insanlar əbəs yerə yaradılmamışıq! Uca kainatın Yaradıcısı ən çox sevilməyə və ən çox qorxulmağa layiqdir. Bəli, biz Ona ibadət etməliyik! Çünki, biz bunun üçün yaradılmışıq! Ona görə də Uca Allah buyurmuşdur:

«Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriat, 56)

Allah bizi ona ibadət üçün yaratsa da, Onun bizim Ona ibadət etməyimizə ehtiyacı yoxdur. Bu ibadət isə gündəlik həyatda çox az vaxt alır. Bununla yanaşı Allah insanlara bir çox hüquqlar vermişdir, o bizdən bütün günü ibadət etməyimizi də istəmir. O sadəcə Yaradanimizi tanıyıb Ona layiqli qul olmağımızı istəyir.

  • İstifadə edilmiş ədəbiyyat:
  • Qurani-Kərim.
  • əl-Fusul-əl-Mufiydə fi təqviyətil Aqiydə.
  • Minhəcul-Muslim, Əbu Bəkr əl-Cəzəiri.
  • Muşkilətuş-Şər va Vucudilləh. əl-Aciyri.
  • Bərahin əl-Aqliyyə alə Vucudilləh, əs-Sədi.
  • əl-Ədillətu Alə Vucudilləh, Omar Süleyman
  • Allah yətəcəllə fi Asril-İlm, nuxbətun minəl-Bəəhisin.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us