Şirk

Pirə gedənlərə ikinci məktub!

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

 Evdəki dua, pirdəki duadan yaxşıdır!

«De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!» (əl-Ən’əm, 162)

1- Giriş:

Əziz həmvətənlərimiz, möhtərəm müsəlmanlar! İslam dini tövhid dinidir, təkallahlıq dinidir. Tövhidi və təkallahlığı, ümimiyyətlə Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəvətini anlamayan insanlar bu gün İslamı da yanlış təmsil edirlər. İslamı bu cür təmsil etməyi Uca Allah bizdən istəmir.

Uca Allah bizdən istəyir ki, biz dinimizi xalis Allaha məxsus edək və şirkin bütün növlərindən uzaq olaq. Uca Allah buyurmuşdur: «Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!» (Bəyyinə, 5)

Bütün müsəlmanlar ittifaq ediblər ki, tək Allaha ibadət etmək lazımdır. Lakin, əməl etməyə gəldikdə biz Allahdan qeyrilərinə dua edənləri görürük! Allahdan qeyrilərindən Allahdan çox qorxanları da görürük. Qəlbləri Allahdan başqalarına bağlı olanları görürük!

2 – Şirkin təhlükəsi:

Həqiqətən də şirk çox təhlükəli əməldir. Təkcə bu üç təhlükəni bilmək bizə şirkin necə böyük təhlükə olmasını anlamağımıza bəs edə bilər:

  1. A) Şirk ən böyük günahdır;

Loğman (Əleyhissalam) oğluna nəsihət edərək onu şirkdən çəkindirir, ona tək Allaha ibadət etməyi öyrədərək buyurur: «“Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”» (Loğman, 13).

Həmçinin, Uca Allah şirkdən başqa kiçik günahları (tövbə edildiyi təqdirdə) bağışlayır, dəlil isə Allahın bu ayəsidir.

«Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.» (Nisə, 48).

Başqa bir ayədə isə Uca Allah belə buyurur: «Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.» (Nisə, 116).

Belə olduğu halda, şirk bu qədər təhlükəli əməl olduğu halda görəsən insanlar niyə pirlərə bu qədər rahatlıqla gedirlər? Sanki, onların əlində səmanın yeddi qat yuxarısından gəlmiş xəbər var ki, guya “pirə getmək Allahı qəzəbləndirmir!”. Şirkin ən böyük günah olduğunu bilə-bilə pirə gedən insanlar doğurdan da nə etdiyini dərk etməyən insanlardır. Allahdan onlara hidayət diləyirik!

  1. B) Şirk əhlinə cənnət haram edilər;

Şirkin təhlükəsi olaraq cənnətdən məhrum edilmək də ibrət almaq üçün bəs edir. Görün Uca Allah Qurani-Kərimdə nə buyurur?

«Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”». (Maidə, 72)

  1. C) Şirk edənin əməlləri batil olar;

Bu isə pirə gedənlərin öz əməllərinin batil olmadan öncə oyanmaları üçün mühüm bir mesajdır. Pirdəki insanları, qəbirləri, əşyaları və s. Allaha şərik qoşaraq əməllərinizi puç etməyin. Görün Uca Allah nə buyurur?

«Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.» (əl-Ən’əm, 88).

İnsan nə qədər zəlalətdə, nə qədər azğınlıqda olmalıdır ki, Qurani-Kərimdə şirkin təhlükəsini bəyan edən bu qədər ayələr olduğu halda o təsirlənməsin, üstəlik də mənəviyyatını korladığı bəs deyilmiş kimi, həmin yerlərə cibinin pulunu da israf etsin, nəzirlərini xurafatı yayan kəslərə, qafilliyin dayağı olan insanlara versin! Allahdan istəyirik ki, bu cür insanlara həqiqəti göstərsin, elmin, tövhidin nuru ilə onların qəlblərini, bəsirətlərini nurlandırsın!

3 – Tövhidin səmərəsi isə:

Tək Allaha ibadət edib Ona heç bir şeyi şərik qoşmamağın bir çox faydaları vardır, bu faydalardan bəziləri bunlardır:

1– Tövhid dünya və axirət xeyirlərini qazandırar.
2– Tövhid Allahın razılığını, cənnəti qazandırar.
3– Tövhid insanın kədərinin dağılmasına və nemətlərin artmasına səbəbdir.
4– Tövhid əhli kamil hidayətə və xeyirlərə müvəffəq olar.
5– Allahu Təala məhz onların günahlarını bağışlayar və onlara bol rəhmət əta edər.
6– Lə iləhə illəllahı kamil şəkildə deyən (bütün qəlbi ilə deyib buna əməl etməyə əzm edən) kimsə cəhənnəmdə əbədi qalmaz.
7– Allah tövhid əhlinə imanı sevdirər və onu onların qəlbində bəzəkli edər, küfrü bə asiliyi isə pis göstərər.

4 – Pirə gedənlər haqqında üç iddiamız var:

1) Siz “Allahı sevirəm deyirsiniz, lakin, Allahın buyurduğunu etmirsiniz” .

2) Siz “Peyğəmbəri sevirəm” deyirsiniz, lakin, onun yoluyla getmirsiniz”.

3) Siz “Əhli beyti sevdiyinizi iddia edirsiniz, lakin, onların yolundan uzaqsınız!”.

Gəlin görək indi bu sözlər doğrudur? Ya yox?

1) Siz “Allahı sevirəm deyirsiniz, lakin, Allahın buyurduğunu etmirsiniz”.

Həqiqətən də “Allahı sevirəm” desəniz də, bu sevgini sübut edə bilmirsiniz. Əksinə, bəziləriniz ya Allahdan başqalarını Allaha tay tutur, Allah kimi sevirsiniz, ya da Allahdan çox sevirsiniz. Çünki, əməlləriniz bunu göstərir. Əgər Allahı hər şeydən çox sevirsinizsə, nə üçün Həcc vaxtı, Arafa günü Allahı zikr etmək zamanı, duaların qəbul olan vaxtı belə imamların adlarını zikr edir, mərsiyələr oxuyursunuz? Nə üçün ən fəzilətli zamanda Allahı unudur, imamları yad edirsiniz! Budurmu Allaha sadiqliyiniz? Budurmu Allaha olan sevginiz? Əsil Allah sevgisi beləmi olur?! Gör Allah Qurani-Kərimdə nə buyurur:

«İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.» (Bəqərə, 165).

Əgər bir insan avtobusa minəndə «bismilləh» sözü yerinə «ya Əli» deyirsə, artıq onun Allah sevgisinin yalan olduğunu görürük. Çünki, insan sevdiyini çox xatırlayar. Halbuki, İslam şəriət bizə bir xeyirli iş görəndə Allahın adıyla başlamağın bəyənilən əməl olduğunu öyrədir. Sonra isə kimsə Allahın adını çəkmir, ona əvəz olaraq hansısa “imamın” və ya “seyidin” adını çəkirsə, onda qoy yuxarıdakı ayə barədə bir də düşünsün, qəlbindəki sevginin halını bir də nəzərdən keçirsin! Sonra Allaha qoyduğu hörməti, Allahı təzim etməyi nə dərəcə yerinə yetirdiyini fikirləşsin. Onu aldadanların “imamı zikr etmək Allahı zikr etməkdir” sözünə aldanmasın. Biz də deyirik ki, bəs Allahı nə vaxt zikr edəcəksən? Bu din Allahın deyilmi?! Allahla yanaşı başqasını çağırmağın qadağan olduğunu bilmirsənmi? Uca Allah gör nə buyurur?

«Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsi çağırmayın!» (əl-Cinn, 18).

Sən isə Allahdan başqalarını çox rahatlıqla çağırırsan, bir iş görəndə Allahın adını deyil, imamların adını zikr edirsən.

2) Siz “Peyğəmbəri sevirəm” deyirsiniz, lakin, onun yoluyla getmirsiniz.

Peyğəmbərdən çox imamlardan və əhli beytdən danışırsınız. Dini gətirən, dinin ustası, dinin müəllimi bir qıraqda qalıb, gecə-gündüz ən çox Peyğəmbərdən deyil, ondan başqalarından danışırsınız. Ona görə də şiələrdən Ğurabilər demişlər ki, «Əli peyğəmbərə qarğanın qarğaya, milçəyin milçəyə bənzədiyi kimi bənzəyirdi. Allah Cəbrayılı Əlinin yanına göndərəndə Cəbrayıl çaşıb peyğəmbərliyi təbliğ etmək vəzifəsini Muhəmmədə (salləllahu aleyhi və alihi və səlləm) verdi.» (Əli Bərucərdi, Tataiful-Məqal, 2/232)

Şiə alimlərindən Muhəmməd Musiri əş-Şirazi də «Pişəvər gecələri» kitabında şiələrdən belə deyənlərin olduğunu etiraf etmişdir ki, bu sünnilərin iftirası deyildir.

 Zahiri sünnələri (saqqal, isbal və s) alimləriniz edir, sıraviləriniz tərk edir. Sanki, peyğəmbərin sünnələri sıravi insanlara aid deyilmiş kimi.

Peyğəmbərin səhabələrini söyür, təhqir edirsiniz. Bununla kifayətlənməyib onun həyat yoldaşını da söyür və təhqir edirsiniz. Peyğəmbəri sevən belə işlər görəmi?

3) Siz “Əhli beyti sevdiyinizi iddia edirsiniz, lakin, onların yolundan uzaqsınız!”.

Əhli beyt nümayəndələri peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri ilə düşmən olmamış, əksinə, öz övladlarına Əbu Bəkr, Ömər və Osman adları qoymuşlar. Siz isə səhabələri sevmir və onlara nifrət edirsiniz.

Əhli beyt (Allah onlardan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnələrinə əməl ediblər, şiə ayətullahları isə “sünnilərə müxalif olmaq özü sünnədir” deyir və Əhli beytin getmədiyi yolu gedirlər.

5 – Evdə dua etmək, pirdə dua etməkdən yaxşıdır:

Evinizdə dua edin, pirə getməyə ehtiyac yoxdur!
Mütləq hara isə getməli olsanız, onda məscidə gedin, namaz qılın, orada da dua edin. Lakin, Allahın bizə ən yaxın olduğu yeri axtarırsınızsa, onda bilin ki, Allah bizi hər yerdə eşidir. Əksinə, kim desə ki, Allah bizi burda yaxşı eşitmir, pirdə yaxşı eşidir, o kimsə Allaha iftira etmiş olar. Çünki, Uca Allah buyurmuşdur: «Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir.» (əl-Bəqərə, 115).

Sizə qəbirdəkilərin vasitəçilik etdiklərini deyirsiniz. Əvvəlki bütpərəstlər də ölülərinin bütlərini düzəldib vasitə edirdilər. Deyin görüm bu ikisinin fərqi nədir?! Əsas odur ki, hər iki tayfa Allahla öz aralarında saleh insanları və ya taleh insanları vasitə edirlər.

Qəbirlərdəkilərin eşitdiyini deyirsiniz. Tutalım ki, eşidirlər (qeyd: bu mövzumuz olmasa da) məgər eşitməyin faydası varmı? Nə üçün Allaha dua edib birbaşa ondan istəmirsiniz?! Tutalım ki, eşidirlər, görün Allah nə buyurur?

«Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.» (Fətır, 14).

Eşidirsinizmi Uca Allah nə deyir?

«Onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər.» O zaman yaxşı olmazmı ki, yalnız Allaha dua edək? Bilin ki, dua ibadətdir. Duanı Allahdan başqasına yönəltmək şirkdir. Çünki, dua ibadətdir, Allahdan başqasına məhz buna görə dua etmək olmaz. Buna görə tövhid əhli deyir ki, Allahdan başqasına dua etməyin! Çünki, dua, ibadət Allahın haqqıdır, məxluqun deyil!

Duaya gəldikdə fikir versək Qurani-Kərimdə çox möhtəşəm bir misal çəkilir ağıl sahibləri üçün. Allah Təala bu növbəti ayədə duadan danışarkən Allahın qullarına yaxın olduğunu bildirir və onları birbaşa özünə dua, etməyə rəğbətləndirir, gəlin ayəni diqqətlə oxuyaq: «Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.» (Bəqərə, 186).

Allah bu ayədə heç bir vasitəyə bizi yönəltmir.

Bu ayədə başqa böyük bir fayda da var ağıl sahibləri üçün; Bu ayə Qurani-Kərimdə yeganə ayədir ki, sual ilə başlayan ayədə Allah “قُل ” (de ki) sözünü işlətmir. Başqa bütün «يَسْألُونَك» (Səndən soruşurlar) bu cür formada başlayan sual cümlələrində isə cavab «قُل» (de ki) sözü ilə başlayır. Məsələn:

1) «Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De ki…» (əl-Bəqərə, 215)

2) «Səndən yeni doğan aylar haqqında soruşurlar. De ki…» (əl-Bəqərə, 185)

3) «Səndən ruh haqqında soruşurlar. De ki…» (əl-İsra, 85)

4) «Səndən yetimlər haqqında soruşurlar. De ki…» (əl-Bəqərə, 222)

İndi isə, yuxarıda qeyd etdiyimiz əl-Bəqərə surəsi 186-cı ayəni bir daha oxu və Uca Allahın xitabındakı yeganə fərqə fikir ver. Qurani-Kərimdə təvəssül məqamına necə fərqli ifadə işlədildiyinin şahidi ol. Bir də oxuyun, «de ki» deyilmir, Allah bir başa cavab cümləsində «Mən onlara yaxınam deyir» de ki, deyərək peyğəmbəri vasitə göstərmir bu ayədə, çünki, söhbət duadan gedir, Allah isə duada vasitəni istəmir, hətta, de ki, sözünü də bu ayədə gətirmir, hətta, yalnız Allaha dua etməyə eyham olunsun, vasitə olmadan. Ayəni bir də oxuyaq və yuxarıdakı dörd ayə ilə müqayisə edək: «Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.» (Bəqərə, 186).

Qurban kəsəndə də onu Allah yolunda kəsmək lazımdır. Çünki, bəzi insanlar elə bilirlər ki, Qurbanları qəbirlərin, pirlərin üstündə kəsmək yaxşı əməldir. Halbuki, bu əməl də şirkdir, bu cür pirdə, qəbir üstündə kəsilən ətlər də yeyilməz. Qurbanlarını Allahdan başqaları üçün kəsənlər Allahın bu ayəsini qoy yaxşı oxusunlar və düşünsünlər: «De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.» (əl-Ən’əm, 162-163).

Gedib orada qurban kəsirlər, heç özləri də bilmirlər nə üçün qurban kəsirlər!

Sən isə evdə dua etmirsən, lakin, Allahla səmimi olsaydın pirə getməzdin! Əksinə, pirə getməklə Allahın başqa yerlərdə sanki, səni eşitmədiyini iddia etmiş olursan! Məgər evdə dua etsən, Allah səni eşitməyəcəkmi?

Gəl bu gündən gec olmadan həqiqi İslama dön! Gəl, İslamla, Quranla, səhih hədislərlə birbaşa ziddiyyətdə olan bu yoldan uzaq dur. Sən də haqqın yanında ol! Muhəmməd peyğəmbərin (Sallallahu aleyhi və səlləm) gətirdiyi həqiqi İslamı yaşayanlardan ol! İnsanlar, dostlarım “bu yoldadır deyə mən ayrıla bilmərəm onlardan” demə, haqq sənin üçün ən əziz şey olmalıdır! Biz də əhli beyti sevirik. Lakin, onlara ilahi vəsflər verib onları şişirtmirik!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

2 şərhlər

  1. salam aleykum ua rahmatuLlahi!
    düzəliş verin məqaləyə
    3) «Səndən ruh haqqında soruşurlar. De ki…» (əl-İsra, 86)

    85-ci ayə olmalıdır in şa Allah

    1. Vaaleykum assalam və rahmətullahi və bərakətuh…CəzəkəAllahu xayran…Düz fikir vermisiniz..Allah elminizə bərəkət versin

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us