Müxtəlif

Allahı zikr etmək

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

 İzzət və əbədiyyətin yeganə sahibi, yerin və göyün RƏBB`i ALLAH`a həmd olsun. Yaxşı və pis gündə həmd Onadır. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Səltənət və əzəmət sahibidir. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. Peyğəmbərlərin ən üstünüdür. ALLAH`ım! Qulun və Rəsulun Muhəmmədə, əhli-beytinə və səhabələrinə xeyir-dua və salam et; onları bərəkətli et.

Bundan sonra;

ALLAH`dan layiqincə qorxun və Ona itaət edin! Qəzəbindən və əzabından çəkinin! Çünki ALLAH`ın  qəzəbi şiddətli və əzabı da dəhşətlidir. Heç bir əməliniz, RƏBB`iniz üçün gizli qalmaz.

ALLAH`ın qulları! RƏBB`iniz  belə buyurur:

“Ey iman gətirənlər! ALLAH`ı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin![1]

Hörmətli müsəlmanlar! ALLAH`ı  zikr etmək, ALLAH`ın  həvəsləndirdiyi və daima etməyi buyurduğu bir işdir. ALLAH , zikri, Ona  yaxınlaşdıran bir vasitə edib ALLAH`ı  zikr edən üçün böyük savab və əzabdan qurtuluş vəd etmişdir. ALLAH  belə buyurur:

ALLAH`ı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır![2]

Zikr, dilə asan, amma çəkidə ağırdır. Rəsulullah (sallallahu aleyhi və səlləm) bunun belə olduğunu və ALLAH`ı  zikr etməyin, əməllərin ən fəzilətlisi və sözlərin ən yaxşısı olduğunu bildirir. Əbu`d-Dərdadan , Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət edilir:

“Əməllərinizin ən xeyirlisini, Məlikinizin qatında ən dəyərli olanı, dərəcələriniz içində ən yüksəyi, sizin üçün qızıl və gümüş yığmaqdan daha xeyirli, düşmənlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boynunuzu vurmasından daha xeyirli olan bir şey sizə bildirimmi?”

 Səhabələr: “Bildir ey ALLAH`ın Rəsulu!” dedilər.Belə buyurdu:

“ALLAH`ı zikr etməkdir.[3]

ALLAH`ı  zikr etmək; ALLAH`a  isim və kamal sifətləri ilə tərif etmək, Ondan  istəmək və ALLAH`ı  Ona layiq olmayan şeylərdən tənzih etməkdir. ALLAH`ı  zikr etmək, bədəni ibadətlərdə olduğu kimi, fel (davranış), dil və qəlb ilə olur. Zikrin ən üstünü, qəlbin ixlaslı olduğu, fel və dillə edilən zikrdir. Namaz, həcc, ALLAH  yolunda cihad kimi… Sonra dil ilə qəlbin birlikdə etdiyidir. Sözlə edilən zikrin ən fəzilətlisi Quran-i Kərim oxumaqdır. Çünki Quran-i Kərim, qəlblərin həyatı, ağılların nuru və doğru yoldur. ALLAH`ın razılığını və Nəim cənnətlərini qazandırır. Şeytandan qoruyur və RAHMAN`a yaxınlaşdırır. Quran oxumaq ibadət, mənası haqda düşünmək isə qurtuluş və səadətdir.

İbn Məsud , Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Kim ALLAH`ın Kitabından bir hərf oxusa, ona bir həsənə verilir. Həsənə, on misli ilədir. “Əlif, Ləm, Mim” bir hərfdir demirəm. Deyirəm ki, Əlif bir hərfdir, Ləm bir hərfdir, Mim bir hərfdir.[4]

Əbu Sə`id əl-Xudridən , Rəsulullahın (sallallahu aleyhi və səlləm) qüdsi bir hədisdə belə buyurduğu rəvayət edilir:

“ALLAH belə buyurur: “Quran (oxumaq) kimi, məni zikr etməyə və məndən bir şey istəməyə mane olarsa o kimsəyə istəyənlərə verilənlərin ən üstününü verərəm. ALLAH`ın kəlamının digər sözlərə üstünlüyü, ALLAH`ın yaratdıqları üzərindəki üstünlüyü kimidir[5].”

 ALLAH`I zikr etmək, Rəsulullahdan (sallallahu aleyhi və səlləm) sabit olduğu şəkildə edilməlidir. “Subhan`ALLAH / ALLAH`ı hər növ nöqsandan tənzih edirəm”, “Əlhəmduli`lləh / ALLAH`a həmd olsun”, “Lə ilahə ill`ALLAH / ALLAH`dan başqa haqq ilah yoxdur”, “ALLAH`u Əkbər / ALLAH ən böyükdür”, “Lə havlə vələ quvvətə illə billəhi`l-ALİYYİ`lAZİM / Güc və qüvvət ancaq ulu və uca ALLAH ilədir” və buna bənzər Saf Sünnədə sabit olan zikr növləri kimi…

Səmura ibn Cundubdan , Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət edilir:

“ALLAH`ın ən sevimli dörd sözü bunlardır: “Subhan`ALLAH / ALLAH`ı hər növ nöqsandan tənzih edirəm”, “Əlhəmduli`lləh / ALLAH`a həmd olsun”, “Lə ilahə ill`ALLAH / ALLAH`dan başqa haqq ilah yoxdur”, “ALLAH`u Əkbər / ALLAH ən böyükdür”. Hansı ilə başlasan sənə heç bir zərəri yoxdur[6].”

Yenə Səmura ibn Cundubdan rəvayət edilən bir hədisdə, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurur: “Bunlar, Qurandan sonra sözlərin ən fəzilətlisidir və bunlar Qurandandır.[7]

Əbu Musa əl-Əş`ari , Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Lə havlə vələ quvvətə illə billləh / Güc və qüvvət ancaq ALLAH ilədir” de. Çünki bu, cənnət xəzinələrindən bir xəzinədir.[8]

Bəşəriyyətin Seyyidinə (sallallahu aleyhi və səlləm) xeyir-dua və salam etmək də ALLAH`I zikr etməkdir. ALLAH`ı, bidət şəkillərdə və sonradan uydurulmuş sözlərlə zikr etmək olmaz! Aişənin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət etdiyi bir hədisdə belə buyurulur:

“Kim, əmrimiz olmayan bir əməl etsə, o, rədd edilmişdir.[9]

Zikrin bir qismi müəyyən saylarla və vaxtlarla məhdudlaşır. Namazlardan sonra edilən zikrlər, səhər və axşam edilən zikrlər və müəyyən səbəblərlə edilən zikirlər kimi… Zikrin bir qısmi isə heç bir sayla və ya vaxtla məhdudlaşmır. Müsəlman, önə keçənlərdən ola bilmək üçün hər halda daima ALLAH`I zikr etməyə çalışmalıdır. Muazın belə dediyi rəvayət edilir: Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurur: “

Adəm oğlu, ALLAH`ı zikr etməkdən daha çox onu ALLAH`ın əzabından qurtaracaq bir əməl etmədi.” Dedilər ki: “ALLAH yolunda cihad etmək də mi?” “

ALLAH yolunda cihad etmək də; ancaq qılıncı ilə, öldürülənə qədər vuruşmasından başqa” buyurdu[10].”

Müsəlmanın, böyük savab qazanmaq üçün səhih yollardan nəql edilən və bir çox mənanı əhatə edən zikr sözlərinə, digər zikr növləri ilə birlikdə davam etməsi daha gözəldir. Cuveyriyədən bu rəvayət edilir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhər namazını qıldıqdan sonra Cuveyriyənin yanından getdi. O, ALLAH`I zikr edirdi. Zöhr namazına yaxın o, eyni şəkildə oturarkən Rəsulullah (sallallahu aleyhi və səlləm) geri döndü və “Hələ də, səni tərk etdiyim haldamı oturursan?” buyurdu. Cuveyriyə “Bəli” deyincə belə buyurdu:

 “Səndən sonra üç dəfə bu dörd sözü söylədim ki, əgər onlar sənin gün ərzində söylədiklərinlə tərəzidə çəkilsə, onlardan daha ağır olardı: Yaratdıqlarının sayısı, Onun rizası, ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək, ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm.[11]

Əbu Umamədən , Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət edilir:

“Sənə, gündüz-gecə və gecə-gündüz zikr etməkdən daha üstün və daha xeyirli olanını xəbər verimmi? Belə deməndir: “Yaratdıqları sayısı qədər ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm. Yaratdıqları dolusunca ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm. Yerdə və göydə olanların sayısı qədər ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm. Yerdə və göydə olanların dolusunca ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm. Kitabı`nın saydığı sayı qədər ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm. Hər şeyin sayısı qədər ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm. Hər şeyin dolusunca ALLAH`ı bütün nöqsanlardan tənzih edirəm.” Əlhəmdulilləh də eyni şəkildə söylə.”[12]

Başqa bir rəvayətdə isə “Eyni şəkildə təkbir gətir” buyurur.[13]

Ey müsəlman! Şübhəsiz sən ALLAH`I nə qədər zikr etsən də, Onunə qədər tərifləsən də, Ona olan tərifi saya və Onu layiqincə zikr edə bilməzsən. Ülvi və süfli aləmlərin, ALLAH`I daima zikr və təsbih etdiyini xatırla! Ümumiyyətlə, ancaq insanların və cinlərin kafirləri bu qulluğun şərəfindən və izzətindən uzaqdırlar. ALLAH belə buyurur:

 “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) ALLAH`ı təqdis edir. Elə bir şey yoxdur ki, ALLAH`a tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (ALLAH) həqiqətən, həlimdir, bağışlayandır!”[14]

Ey ALLAH`ın qulu! Zikr edənlərdən və xeyirdə önə keçənlərdən ol! ALLAH belə buyurur:

“Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBB`ini yad et və qafillərdən olma!”[15]

ALLAH məni və sizi uca Quran ilə bərəkətli etsin!

Aləmlərin RƏBB`i ALLAH`a həmd olsun. O, RAHMAN və RAHİM`dir. Din gününün sahibidir. RƏBB`imə həmd və şükr edirəm. Ona tövbə edir və Ondan bağışlanma diləyirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. Vədində doğru və etibarlıdır. ALLAH`ım! Qulun və Rəsulun Muhəmmədə, ailəsinə və bütün əshabına xeyir-dua və salam et; onları bərəkətli et.

Bundan sonra, ALLAH`dan layiqincə qorxun ey müsəlmanlar! Arzu və istəklərinizin sizi azdırmasından çəkinin! Bilin ki, ey ALLAH`ın qulları; ALLAH, Onu zikr etməyə görə, kəlmələrin ifadə edə bilməyəcəyi qədər, sayısız savab vermişdir. Mömin, ALLAH`I zikr etməyin nəticəsini bu dünyada görür. Axirətdəki mükafatı isə daha böyük və daimidir. ALLAH`I zikr etməyin bir qarşılığı da, ALLAH`ın Onu zikr edəni  mələkləri yanında xatırlamasıdır. ALLAH belə buyurur:

“Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın![16]

ALLAH, zikr edənlərlə bərabər olur. Əbu Hureyrə , Rəsulullahın (sallallahu aleyhi və səlləm)  belə buyurduğunu rəvayət edir: “ALLAH belə buyurur: “Mən, qulumun haqqımda zənn etdiyi kimiyəm. Məni zikr etdikcə onunlayam. Məni öz nəfsində xatırlasa, mən də onu öz nəfsimdə xatırlayaram. Məni bir topluluq içində xatırlasa, mən də onu onlardan daha xeyirli bir topluluq içində xatırlayaram.[17]

Zikrin mükafatlarından biri də, qəlbin hüzura qovuşması, sabit və yəqin olmasıdır. ALLAH belə buyurur: “O kəslər ki, ALLAH`a iman gətirmiş və qəlbləri ALLAH`ı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız ALLAH`ı zikr etməklə aram tapar![18]

Zikrin bir başqa nəticəsi isə qəlbdə ALLAH sevgisinin yetişməsi və imanın artmasıdır. Bununla işlər asanlaşar və könüllər rahatlaşar. Müsəlman, bununla özünü şeytanın hiylələrindən qoruyar. Haris ibn əl-Haris əl Əş`aridən , Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət edilir:

“ALLAH, Yəhya ibn Zəkəriyyaya, İsrail oğullarına buyurması üçün beş söz əmr etdi. Onlardan biri, ALLAH`ı zikr etməkdi. Şübhəsiz bu, düşmənin sürətlə arxasınca gələn bir adam misalında olduğu kimidir. Möhkəm bir qalaya çatdıqda özünü onlardan qoruyar. Qul da belədir. Özünü şeytandan ancaq ALLAH`ı zikr etməklə qoruya bilər.[19]

Zikrin mükafatlarından biri də günahlara kəffarə olması və çətinlikləri yox etməsidir. Ümumi olaraq söyləmək lazımdır ki, zikrin savabı, sayıla bilinməyəcək qədər çoxdur. ALLAH`ın qulları!

 “Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın![20]

 Əli ibn Abdu`r-RAHMAN əl-Huzeyfi 10.02.1422 hicri

_________________________________________________________

[1] əl-Əhzab surəsi, 33/41-42.

[2] əl-Əhzab surəsi, 33/35.

[3] ət-Tirmizi. Əhməd ibn Hənbəl. əl-Hakim.

[4] ət-Tirmizi.

[5] ət-Tirmizi.

[6] Muslim.

[7] Əhməd ibn Hənbəl.

[8] əl-Buxari. Muslim.

[9] əl-Buxari. Muslim.

[10] İbn Əbi Şeybə. ət-Tabərani.

[11] Muslim.

[12] ən-Nəsai. İbn Hibban.

[13] ət-Tabərani.

[14] əl-İsra surəsi, 17/44.

[15] əl-Ə`raf surəsi, 7/205.

[16] əl-Bəqərə surəsi, 2/152.

[17] əl-Buxari. Muslim.

[18] ər-Ra`d surəsi, 13/28.

[19] ət-Tirmizi. İbn Hibban.

[20] əl-Əhzab surəsi, 33/56.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us