Peyğəmbərlərin həyatı

Saleh peyğəmbər (aleyhissəlam)

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Bundan sonra:

Bu çox tanınmış qəbilə idi. Cədisin qardaşı olan Səmud babalarının adı ilə bağlı onlara da Səmud tayfası deyirdilər. Onlar ərəb tayfalarından biri idilər. Hicaz ilə Təbuk arasında əl-Hicr adlı yerdə məskunlaşmışdılar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlmanlarla birlikdə Təbuka gedərkən bu yerdən keçmişdi. Səmud tayfası Ad tayfasından sonra yaşayıb. Onlar da Ad tayfası kimi bütlərə ibadət edirdilər. Uca Allah özlərindən onlara bir nəfər göndərdi. Bu Allahın qulu və elçisi Saleh peyğəmbər idi. O, onları şəriki olmayan tək Allaha ibadət etməyə çağırır, bütləri və havadarlarını tərk etməyə dəvət edir, Allaha şərik qoşmamağı təbliğ edirdi. Tayfanın bəzi adamları ona iman gətirdi, əksər insanlar isə küfr etdilər. Ona söz və əməldə əziyyət verdilər. Hətta onu öldürmək də istəyirdilər. Uca Allahın onlara dəlil-sübut göndərdiyi dəvəni qətlə yetirdilər. Sonda Uca Allah onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla həlak etdi.

QURANİ-KƏRİMDƏ SALEH PEYĞƏMBƏR (aleyhissəlam) HAQQINDA DEYİLƏNLƏR

Uca Allah əl-Əraf surəsində buyurur:

«73. Səmud tayfasına da qardaşları Salehi göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!

  1. Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”
  2. Saleh tayfasının iman gətirməyi özlərinə sığışdırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?”.  deyə soruşdular. Onlar: “Bəli, biz onunla göndərilən hər bir şeyə inanırıq!” – deyə cavab verdilər.
  3. (Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: “Sizin inandığınıza biz inanmırıq!” – dedilər.
  4. Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (əzabı) gətir görək!” – dedilər.
  5. Buna görə də onları dəhşətli, tükürpədici bir səs bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar.
  6. (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”» (əl-Əraf: 73-79).

Uca Rəbbimiz Hud surəsində buyurur:

  1. Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. O sizi torpaqdan yaradıb orada sakin etdi. Allahdan bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, qəbul edəndir!”
  2. Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”.
  3. (Saleh onlara) belə cavab verdi: “Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir möcüzəm olsa, O mənə Özündən bir mərhəmət lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!
  4. Ey camaatım! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!”
  5. Onlar dəvəni tutub kəsdilər. (Saleh də onlara) dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz!”
  6. Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!
  7. O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar.
  8. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar edildi! (Hud: 61-68).

 Əl-Hicr surəsində isə belə deyilir:

  1. Həqiqətən, Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar.
  2. Biz onlara möcüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər.
  3. Onlar salamat qurtarmaq üçün dağları yonub evlər qurdular.
  4. Səhər çağı dəhşətli səs onları bürüdü.
  5. Gördükləri tədbirlər onlara heç bir fayda vermədi. (əl-Hicr: 80-84).

Uca Allah əl-İsra surəsində buyurur:

  1. Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar  bir möcüzə olaraq dişi bir dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk. (əl-İsra: 59)

 Əş-Şuəra surəsində isə belə buyurur:

  1. 141. Səmud tayfası da peyğəmbərləri təkzib etdi.
  2. O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?
  3. Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!
  4. Artıq Allahdan qorxun və mənə itaət edin!
  5. Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
  6. Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?
  7. Bağlar və çeşmələr içində,
  8. Əkinlər və lətif çiçəkli xurmalıqlar içində?
  9. Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
  10. Artıq Allahdan qorxun və mənə itaət edin!
  11. Həddi aşanların əmrinə tabe olmayın!
  12. O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!
  13. Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan!
  14. Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!”
  15. (Saleh) dedi: “Bu, dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir!
  16. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar!”
  17. Amma onlar dəvəni tutub kəsdilər, sonra da peşman oldular.
  18. Artıq əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
  19. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (əş-Şuəra: 141-159).

Ən-Nəml surəsində deyilir:

  1. Biz Səmud tayfasına Allaha ibadət edin deyə, qardaşları Salehi göndərdik. Onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar.
  2. (Saleh) dedi: “Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”
  3. Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, imtahan olunursunuz.
  4. (Səmud tayfasının yaşadığı Hicr adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə–fəsad törədər, əsla yaxşı bir iş görməzdilər.
  5. Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!”
  6. Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik.
  7. Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.
  8. Bu, zülmləri üzündən onların bomboş qalmış evləridir. Həqiqətən, bunda anlayıb bilən bir qövm üçün ibrət vardır!
  9. İman gətirib qorxanları isə xilas etdik! (ən-Nəml: 45-53).

 Fussilət surəsində deyilir:

  1. 17.  Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.
  2. İman gətirib qorxanları isə xilas etdik. (əl-Fussilət: 17-18).

 Əl-Qəmər surəsində deyilir:

  1. Səmud təhdidləri yalan saymışdı.
  2. Onlar demişdilər: “Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
  3. Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”
  4. “Onlar kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!
  5. Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və döz!
  6. Və onlara suyun onlar arasında bölüşdürüldüyünü xəbər ver! Hərə öz növbəsində hazır olsun!”
  7. Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub kəsdi.
  8. Mənim əzabım və qorxutmağım gör bir necə oldu!
  9. Biz onlara bircə dəhşətli səs göndərdik, dərhal heyvanlar üçün ağıl[1]düzəldənin istifadə etdiyi quru ota döndülər.
  10. And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?! (əl-Qəmər: 23-32).

 Uca Allah buyurur:

  1. Səmud qövmü azğınlığı üzündən təkzib etmişdi.
  2. Onların ən rəzili dəvəni öldürməyə qalxdığı zaman
  3. Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın.
  4. Lakin onlar Salehi yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.
  5. Allah bu işin aqibətindən qorxmaz!» (əş-Şəms: 11-15).

KİTAB ƏHLİ (YƏHUDİ VƏ XAÇPƏRƏSTLƏR) AD VƏ SƏMUDUN HEKAYƏSİNDƏN BİXƏBƏRDİRLƏR

Uca Allah Öz kitabında bir çox məqamlarda Ad və Səmud tayfalarının adlarını birlikdə xatırladır. Bunu ət-Tövbə, İbrahim, əl-Furqan, Sad, Qaf, ən-Nəcm və əl-Fəcr surələrində görmək olar.

Deyilənə görə kitab əhli bu iki tayfanın hekayəsindən bixəbərdirlər. Hazırki Tövrat kitabında bu iki tayfa haqqında heç bir məlumat yoxdur. Amma Quranda, Musanın bu tayfalar haqqında onlara xəbər verməsinə dəlalət edən ayə vardır. Uca Allah İbrahim surəsində buyurur: «8. Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah möhtac deyildir. O tərifə layiqdir!” 9. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər…»

Görünür ki, bu, Musa peyğəmbərin öz tayfası ilə etdiyi söhbətin ardıdır. Amma bu iki tayfa ərəblərdən olduğu üçün kitab əhli onların hekayəsinə önəm verməyib, qorumağa diqqət ayırmayıblar. Buna baxmayaraq Musanın vaxtında hər iki tayfanın hekayəsi məşhur idi.

Biz təfsir kitabımızda bu haqda daha əhatəli yazmışıq. Həmd olunmaq və minnət qoymaq Allaha məxsusdur.

Burada məqsədimiz onların hekayəsini xatırlamaq, başlarına gələnləri yada salmaq, Uca Allahın Salehi və ona iman gətirənləri xilas etməsini bilmək, peyğəmbərlərinə küfr edib, inadkarlıq və müxaliflik göstərib özlərinə zülm edən tayfanın necə məhv olduğunu öyrənməkdir.

SALEH (aleyhissəlam) ÖZ QÖVMÜNÜ TƏK ALLAHA (TÖVHİDƏ) VƏ YALNIZ ONA İBADƏT ETMƏYƏ DƏVƏT EDİRDİ

Biz yuxarıda qeyd etmişdik ki, Səmud qövmü ərəb idi. Onlar Ad tayfasından sonra yaşayıb, amma onların başına gələnlərdən heç bir ibrət dərsi almamışdılar. Elə buna görə peyğəmbərləri onlara belə demişdi: «“Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız! 74.  Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”» (əl-Əraf: 73-74). Yəni Ad tayfasından sonra sizə yer üzündə yaşamaq üçün imkan yaradıldı ki, onların başlarına gələn müsibətlərdən ibrət alasınız, onların etdiklərinin əksini edəsiniz. Düzəngahlarda imarətlər ucaldasınız«dağlardan məharətlə evlər yonub düzəldəsiniz» (əş-Şuəra: 149)  deyə, Allah yer üzünü sizə bəxş etmişdir. Yəni bu bacarığı və məharəti də sizə O vermişdir. Elə isə Allahın nemətlərini şükrlə, saleh əməllərlə, heç bir şeyi Ona şərik qoşmadan Ona ibadət etməklə qarşılayın. Nəbadə Ona qarşı çıxasınız, itaətindən boyun qaçırasınız. Çünki, bunun aqibəti çox acınacaqlıdır.

Elə buna görə o öz qövmünə bu sözlərlə xitab edirdi: «146.  Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? 147.  Bağlar və çeşmələr içində, 148.  Əkinlər və lətif çiçəkli xurmalıqlar içində? 149.  Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? 150.  Artıq Allahdan qorxun və mənə itaət edin! 151.  Həddi aşanların əmrinə tabe olmayın! 152.  O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!» (əş-Şuəra: 146-152).

O həmçinin onlara belə deyərdi«“Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. O sizi torpaqdan yaradıb orada sakin etdi. Allahdan bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, qəbul edəndir!”» (Hud: 61). Allah sizi yaratdı və yerdən çıxartdı, sizi yer üzünün varisləri etdi. Yeri içindəki meyvələrlə, bitkilərlə birlikdə sizə əta etdi. O yaradan və ruzi verəndir. İbadətə layiq olan Odur, başqa heç kəs! Elə isə «Allahdan bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin.» (Hud: 61). Yəni, etdiyiniz əməllərdən əl çəkin, Ona ibadət etməyə yönəlin. Belə etsəniz O sizi bağışlayar«həqiqətən, Rəbbim (elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (yaxşı əməllərini) qəbul edəndir!» (Hud: 61)

«62.  Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin.» (Hud: 62). Bu iddiandan əvvəl səni tam ağıl sahibi olan bir insan kimi qəbul edirdik. İbadəti tək Allaha ünvanlamağı, əvvəllər ibadət etdiyimiz ilahlarımızdan imtina etməyi və dədə-babamızın yolunu tərk etməyi bizə təbliğ etdikdən sonra sənin barəndə başqa cür düşünürük. «İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”.» (Hud: 62).

«63.  (Saleh onlara) belə cavab verdi: “Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, O mənə Özündən bir mərhəmət lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!» (Hud: 63). Bu ifadələr Salehin  onlarla xoş danışmasına, mülayim davranmasına və dəvətdə hikmətli olmasına nümunədir. Saleh peyğəmbər burada demək istəyir ki, əgər işin sonu mənim dediyim və dəvət etdiyim kimi olsa, necə olar?! Bəs bu halda sizin Allah qarşısında nə bəhanəniz olacaq?! Siz məndən Allahın ibadətinə təbliğ etməkdən imtina etməyimimi tələb edirsiniz?! Bəs buna görə sizi Allahın əzabından nə qurtara bilər?! Mən bu işdən imtina edə bilmərəm. Çünki, bu iş mənə vacib əmr olunub. Əgər bu işdən imtina etsəm o zaman nə siz, nə də başqası məni Allahın əzabından xilas edə bilər. Allah təalə məni və sizi mühakimə edənə qədər mən sizi şəriki olmayan Allaha dəvət etməyə davam edəcəyəm.

Onlar həmçinin Salehə deyərdilər ki, «Həqiqətən, sən əməlli başlı ovsunlanmışlardansan!» (əş-Şuəra: 153). Yəni sənə sehr[2] olunub deyə nə danışdığını bilmirsən, bizi tək Allahın ibadətinə və Ondan savayı ilahlardan imtina etməyə dəvət edirsən.

Ayənin bu məna ilə açıqlanması, yəni sözü «ovsunlanmış» mənasında açıqlamaq cumhurun rəyidir. Digər mənaya görə ayədəki söz «sehrbaz» mənasındadır. Elə bil onlar deyirdilər ki, sən sehrbazsan. Onların Salehə bəzi sözlərə görə birinci məna daha yaxın görünür. Onlar Salehə deyərdilər: «154.  Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!» (əş-Şuəra: 154). Onlar Salehdən dediklərinin doğru olmasını isbat edən möcüzə tələb edirdilər (əgər onu sehrbaz hesab etsəydilər belə müraciət etməzdilər. Tərc.).

 SALEH PEYĞƏMBƏRİN (aleyhissəlam) MÖCÜZƏSİ

 «155.  (Saleh) dedi: “Bu, dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! 156.  Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar!”» (əş-Şuəra: 155-156). «…Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!» (əl-Əraf: 73). « Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi bir dəvə verdik, lakin onlar ona zülm etdilər.» (əl-İsra: 59).

Təfsir alimləri belə rəvayət edirlər ki, bir gün Səmud qövmü bir araya toplanmışdılar. Allahın elçisi Saleh gəlib onları Allah yoluna dəvət etdi. Onlara Allahın nemətlərini xatırlatdı, günahlardan çəkindirdi, vəz edib Allahın əmrlərini onlara bildirdi. Qövmü isə ona dedi: Əgər sən bu daşdan – əlləri ilə işarə edib bir daş göstərdilər – bizim üçün bu və bu vəsflərlə bir dəvə çıxarsan səninlə razılaşarıq. Onlar ifrata varıb tam dəqiqliyi ilə bir dəvə vəsf etdilər. Saleh peyğəmbər dedi: «Əgər mən sizin istədiyinizi eynilə yerinə yetirsəm siz mənim gətirdiyim şəriətə iman gətirər, mənim gətirdiklərimi təsdiq edərsinizmi?» Onlar dedilər: Əlbəttə. Saleh peyğəmbər bu barədə onlardan əhd-peyman aldı.

Sonra namazgahına gedib qədərinə yazılan sayda Allah üçün namaz qıldı. Allaha dua edib qövmünün istədiyini verməyi dilədi. Uca Allah həmin daşa əmr etdi ki, yarılıb deyilən vəsflərə uyğun şəkildə əzəmətli bir dəvə çıxartsın. Qövmü istədiklərini olduğu kimi görəndə dəhşətə gəldilər, heyrət onları bürüdü. Bu böyük qüdrət nümunəsi və açıq-aşkar  sübut idi. Qövmünün bir çox adamı ona iman gətirdi, amma əksəriyyət yenə də öz küfrlərinə, azğınlıqlarına və inadkarlıqlarına davam etdilər. Buna görə Uca Allah buyurur: «lakin onlar ona zülm etdilər.» (əl-İsra: 59). Yəni, əksəriyyət bu möcüzəni inkar etdi və onu gördükdən sonra da haqqa boyun əymədilər.

Bu səbəbdən Saleh peyğəmbər də onlara belə müraciət etmişdi: «64.  Ey camaatım! Allahın bu dişi dəvəsi» (Hud: 64). O dəvəni şərəfləndirmək və onun əhəmiyyətini xatırlatmaq üçün onu Allaha nisbət edirdi. Allahın evi, Allahın qulu və sairə bu kimi ifadələr də eyni mənanı daşıyır. «sizin üçün bir möcüzədir.» (Hud: 64). Bu mənim dediklərimi təsdiq edən bir möcüzədir. «Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!» (Hud: 64).

İş elə gətirdi ki, dəvə onlarla qalası oldu. Dəvə onların ərazisində istədiyi yerdə otlaya bilər, günaşırı isə su içməyə gələ bilərdi. Su içməyə gələndə quyunun həmin günə olan suyunu içərdi. Camaat öz növbələri olan gün, ertəsi gün üçün ehtiyaclarını ödəyəcək qədər su yığırdılar. Deyilənə görə onlar dəvənin südündən kifayət qədər istifadə edirdilər. Elə buna görə ayədə deyilir«Su içmək növbəsi bir gün onun, bir gün sizindir!» (əş-Şuəra: 155).

Uca Allah buyurur ki«Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik.» (əl-Qəmər: 27). Bu onların iman gətirib-gətirməyəcəklərini bildirən bir imtahan idi. Əlbəttə Allah onların nə edəcəklərini əvvəlcədən bilir, sən isə «Onların nə edəcəyini gözlə» (əl-Qəmər: 27) başlarına nə gələcəyini görərsən. Onlardan gördüyün əzab-əziyyətə də «döz!» (əl-Qəmər: 27). Onların xəbəri sənə apaydın çatacaq. «Və onlara suyun onlar arasında bölüşdürüldüyünü xəbər ver! Hərə öz növbəsində hazır olsun!» (əl-Qəmər: 28).

 SƏMUD QÖVMÜ ALLAHIN DƏVƏSİNİ ÖLDÜRÜR.

Bu vəziyyət uzun sürdükcə onların səbir kasası daşırdı. Onlar yekdil fikrə gəlib dəvəni öldürməyi qərara aldılar. Bununla onlar canlarını ondan xilas etmək və suya tam sahib olmaq istəyirdilər. Şeytan onların bu əməllərini daha da gözəl göstərirdi. Uca Allah buyurur: «77.  Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (əzabı) gətir görək!” – dedilər.» (əl-Əraf: 77).

Dəvəni qətlə yetirən kürən başçıları Qədar idi. Hamısı dəvənin qətlinə razılıq verdikləri üçün qətl ittihamı da onlara ünvanlan­mış­dır.

Uca Allah buyurur: «29.  Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub kəsdi. 30.  Bir görərdin, Mənim əzabım və qorxutmağım necə oldu!» Digər surədə Uca Allah buyurur: «12.  Onların ən rəzili dəvəni öldürməyə qalxdığı zaman 13.  Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın. 14.  Lakin onlar Salehi yalançı saydılar və onu tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi. 15.  Allah bu işin aqibətindən qorxmaz!» (əş-Şəms: 11-15).

Abdullah ibn Zəm`ə deyir ki, Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə oxudu və xütbədə dəvədən danışdı, onun kim tərəfindən qətlə yetirildiyini xatırladıb dedi: «Onların ən rəzili dəvəni öldürməyə qalxdığı zaman» (əş-Şəms: 12). Əbu Zəm`ə kimi öz qövmü arasında güclü və itaət olunan rəhbər fərd dəvəni öldürməyə qalxdı«[3].

Ammar ibn Yasir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əliyə (Allah ondan razı olsun) belə demişdi: «Sənə ən bədbəxt insanın kim olduğunu bildirimmi?»

Əli (Allah ondan razı olsun): Bəli.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Onlar iki nəfərdir: Biri Səmud qövmündən dəvəni öldürən kürən adam, digəri isə sənin başına vurub[4] qanınla saqqalını isladan adamdır.»[5]

Uca Allah buyurur: «77.  Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (əzabı) gətir görək!” – dedilər.» (əl-Əraf: 77). Onlar bu sözlərində küfrün bir çox növlərini ehtiva etmişdilər.

Onlar Allah tərəfindən möcüzə olaraq göndərilmiş və öldürülməsi qəti şəkildə qadağan olunmuş dəvəni öldürməklə Allaha və rəsuluna asi olmuşdular.

Onlar vəd olunmuş əzabın tezləşdirilməsini istədilər. İki əsasa görə onlar buna layiq görüldülər:

Birinci əsas: Qoyulmuş şərt: Uca Allah buyurur: «…ona bir pislik etməyin, yoxsa yaxın bir əzaba düçar olarsınız!» (Hud: 64)«…yoxsa böyük günün əzabı sizi yaxalayar!”» (əş-Şuəra: 156). Digər ayədə isə belə deyilir: «…yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!» (əl-Əraf: 73). Bütün bu deyilənlər haqdır.

İkinci əsas: Əzabın tezləşdirilməsini istəməkləri.

Onlar peyğəmbərliyinin doğruluğuna dəlalət edən möcüzələr gətirən bir elçini yalançı hesab edirdilər. Onlar bunu tam yəqinliklə bilirdilər, amma küfrləri, azğınlıqları və inadkarlıqları onları haqqdan uzaqlaşdırıb əzaba məhkum etdi.

SƏMUD QÖVMÜNÜN HƏLAK OLMASI VƏ MƏSKƏNLƏRİNİN ƏZABA DÜÇAR QALMASI

Uca Allah buyurur: «65.  Onlar dəvəni tutub kəsdilər. (Saleh də onlara) dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz!”» (Hud: 65).

Dəvəyə ilk zərbəni endirən Qədar ibn Seyf – Allah ona lənət etsin – oldu. O dəvənin ayaq damarlarını kəsdikdə dəvə yerə yıxıldı. Sonra digərləri dəvənin üzərinə atılıb ona zərbələr endirdilər. Dəvənin balası bu mənzərəni müşahidə etdikdə onlardan aralanıb yaxınlıqdakı ən hündür təpəyə çıxaraq üç dəfə nərilti çəkdi. Bu səbəbdən Saleh peyğəmbər onlara dedi: «Daha üç gün yurdunuzda yaşayıb kef çəkin…» yəni, bu gündən savayı üç gün. Amma onlar Salehin yəqinliklə dediyi bu sözünə də inanmadılar. Əksinə, gecə düşəndə Salehi qətlə yetirmək fikrinə düşdülər. Onu da dəvənin yanına göndərmək istədilər«Onlar dedilər: «Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək,» (ən-Nəml: 49). Yəni, onu və ailəsini evində qətlə yetirib sonra bu qətli inkar edəcəyik. Onun qəyyumları qan qisasını tələb etsələr özümüzün bu işdən bixəbər olduğunu deyəcəyik. Bu səbəbdən onlar belə deyirdilər: «sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik».» (ən-Nəml: 49).

Uca Allah buyurur: «50. Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. 51. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. 52. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. 53. İman gətirib Allahdan qorxanları isə xilas etdik.» (ən-Nəml: 50-53). Uca Allah Saleh peyğəmbəri öldürməyə gedənləri əzabla göndərdiyi daşlarla daşlayıb Səmud qövmündən öncə öldürdü.

Səmud qövmü cümə axşamı – möhlət verilən ilk gün – səhərə çıxdıqda Saleh peyğəmbərin xəbərdarlıq etdiyi kimi, üzləri saralmışdı. Axşam olduqda isə hamı deyirdi: «Əcəlimizin bir günü keçdi!» Onlar möhlət verilən ikinci gün – həftənin cümə günü – səhərə çıxdıqda üzləri qırmızı olmuşdu. Axşam olduqda hamı deyirdi: «Əcəlimizin iki günü keçdi!» Vəd olunan üçüncü gün – həftənin şənbə günü – səhərə çıxdıqda üzləri qaralmışdı. Axşam düşəndə hamı: «Əcəlimiz çatdı!» – deyirdi.

Bazar günü səhər açılanda hamı ətirlənib, hazır vəziyyətdə oturub başlarına hansı əzabın və bəlanın gələcəyini gözləyirdilər. Onlar başlarına nə gələcəyini, əzabın hansı istiqamətdən göndəriləcəyini bilmirdilər.

Günəş işıq saçanda başları üzərində səmadan bir səs eşidildi, ayaqlarının altından bir təkan hiss edildi. Bu zaman bədənlərdəki ruhlar çıxdı, nəfslər boğuldu, hərəkət dayandı, səslər kəsildi, həqiqət öz yerini tapdı. «onlar öz evlərində üzüqoylu düşüb qaldılar.» (əl-Əraf: 78). Ruhsuz və hərəkətsiz cəsədlər qaldı. Onlardan heç bir kimsə də sağ qalmadı.

Uca Allah buyurur: «Sanki onlar heç yaşamamışdılar.» (Hud: 68). Elə bil onlar bu evlərdə naz-nemət içində yaşamamışdılar«Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (mərhəmətdən) kənar oldu!» (Hud: 68). Qəza-qədər dili (qəza-qədər ilə başlarına gələn müsibət) ilə onlara bu sözlər deyilmişdi.

ƏBU RƏĞAL HAQQINDA DEYİLƏNLƏR

Cabir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hicr vadisindən keçəndə dedi: «Möcüzə göstərilməsini istəməyin! Salehin qövmü də möcüzə istəmişdi. O – yəni, dəvə – bu tərəfdən vurur, digər tərəfdən çıxırdı. Qövmü Allaha asilik edib dəvəni öldürdülər. Dəvə bir gün onların suyunu, onlar isə bir gün dəvənin südünü içirdilər. Sonda onlar dəvəni qətlə yetirdilər. Onlardan kim vardısa hamısını güclü bir səs məhv etdi. Yalnız əl-Hərəm evində (Kəbədə) olan bir nəfərdən başqa.» Səhabələr dedilər: Ey Allahın elçisi, o kim idi? Peyğəmbər (sallallahu aleyhi və səlləm)  dedi: «O, Əbu Rəğal idi. Əl-Hərəm evindən çıxanda o da qövmü görən əzabı gördü.»[6]

İsmail ibn Umeyyə deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Rəğalın qəbirinin yanından keçdikdə dedi: «Bilirsiniz bu kimdir?» Səhabələr dedilər: Allaha və rəsulu daha yaxşı bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu Səmud qövmündən olan Əbu Rəğal adlı bir nəfərin qəbiridir. O Allahın əl-Hərəm evində olduğu üçün Allahın əl-Hərəm evi də onu Allahın əzabından qorumuşdu. O evdən çıxdıqda qövmünə verilən əzaba düçar oldu. Sonra o bir külçə qızıl ilə birlikdə burada basdırıldı. Bir dəstə insan bu yerə gəlib qılıncları ilə onu axtarmağa başladılar və qızılı tapıb çıxartdılar.»[7]

Əbdürrəzzaq adlı alim deyir: «Müəmmər deyir ki, Zuhri deyirdi: Əbu Rəğal, Əbu Səqif adı bir adam idi. Bu mursəl[i] rəvayətdir.»

Eyni rəvayət başqa isnadla muttasil* rəvayət olunmuşdur. Muhəmməd ibn İshaq «əs-Siyra» kitabında eyni rəvayəti qeyd edir. İsmail ibn Umeyyədən, o da Buceyr ibn Əbu Buceyrdən rəvayət edir ki, mən Abdullah ibn Amrın belə dediyini eşitdim. O deyirdi ki, biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə Taifə gedərkən bir qəbirin yanından keçdikdə onun belə dediyini eşitdim: «Bu Əbu Rəğalın qəbiridir. O Əbu Səqifdir, Səmud qövmündən idi. Əl-Hərəm ərazisində olduğu müddətdə əzabdan qorunurdu, oradan çıxdıqda, qövmünün başına gələn əzab onu bu yerdə yaxaladı. Sonra o burada dəfn olundu. Bunu sübut edəcək dəlil budur ki, onunla birlikdə bir külçə qızıl da basdırılıb. Əgər siz onun qəbrini qazısanız onunla birlikdə qızılı da taparsınız.» Bunu eşidən insanlar dərhal işə başlayıb oradan qızılı çıxartdılar.

Şeyximiz Hafiz Əbul Həccac əl-Mizzi deyir: «Bu hədis, həsən* əziz* hədisdir».

Mən isə deyərdim ki, bundan öncəki mürsəl rəvayətdə və Cabirin (Allah ondan razı olsun) hədisində bu rəvayətə şahidlik vardır. Daha doğrusunu Allah bilir.

SALEH PEYĞƏMBƏRİN (aleyhissəlam) ƏZAB DİYARINDAN HİCRƏT ETMƏSİ

Uca Allah buyurur: «Saleh onlardan üz çevirib dedi: «Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz«.» (əl-Əraf: 79). Bu, Saleh peyğəmbərin qövmü həlak olandan sonra onlara etdiyi müraciətdir. O yaşadığı yerdən köçməyə hazırlaşır və deyirdi«»Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim.» (əl–Əraf: 79). Yəni, mən sizin hidayətə qovuşmanız üçün əlimdən gələni etdim. Sözüm, əməlim və niyyətim ilə buna çalışdım.

«Lakin siz nəsihət verənləri sevmirsiniz.» (əl-Əraf: 79). Siz haqqı qəbul etmir və heç bunu istəmirdiniz. Bax buna görə də hazırda şiddətli əzaba düçar olmusunuz. Bu sizin üçün əbədi davam edəcək bir əzabdır. Bundan sonra sizə kömək etmək üçün edəcəyim heç bir vasitə yoxdur. Boynuma düşən vacib əməl şəriəti sizə çatdırmaq və öyüd-nəsihət vermək idi ki, bunu da lazımınca etmişəm. Amma Allah nə istəyirsə onu da edir.

Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) də Bədr döyüşündə həlak olub quyuda basdırılanlara üç gündən sonra bu mənada müraciət etmişdi. O, gecənin sonunda yola düşməyi əmr edib miniyi üzərində dayanmış halda quyuda basdırılmış müşriklərin yanına gəlib dedi: «Ey quyu əhli! Siz Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən Rəbbimin mənə vəd etdiyinin haqq olduğunu gördüm[8]

TƏBUK DÖYÜŞÜNƏ GEDƏN İL PEYĞƏMBƏRIN (sallallahu aleyhi və səlləm) SƏMUD QÖVMÜNÜN YAŞADIĞI HİCR VADİSİNDƏN KEÇMƏSİ

İbn Ömər (Allah ondan razı olsun) deyir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) camaat ilə Təbuka çatanda Səmud qövmünün evlərinin qarşısında yerləşən Hicr vadisində düşərgə saldı. Camaat Səmud qövmünün istifadə etdiyi quyulardan su içir, xəmir yoğurur və qazan qaynadırdılar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə onlara qazanları boşaltmağı əmr etdi. Yoğrulmuş xəmiri isə dəvələrə yedirtməyi tapşırdı. Sonra camaatı oradan qaldırıb dəvə su içən quyuya apardı. Əzaba düçar olmuş qövmün yanına daxil olmağı camaata qadağan edib dedi: «Onların başına gələnin sizin də başınıza gəlməsindən qorxuram. Onlar olan yerə girməyin».»[9]

İbn Ömərin (Allah ondan razı olsun) digər rəvayətində deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hicr vadisində olanda deyirdi: «Əgər ağlamırsınızsa, onda əzaba düçar olmuş bu insanların evlərinə girməyin. Əgər ağlamırsınızsa onda evlərinə girməyin. Sizə də onlara gələn əzab gələr.»[10]

Bəzi rəvayətlərdə deyilir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların evlərinin yanından keçəndə başını aşağı salıb miniyini tələsdirdi. Camaata onların evlərinə daxil olmağı qadağan etdi. Yalnız ağladıqları halda oraya girməklərinə icazə verdi.»

Başqa rəvayətdə deyilir: «Əgər ağlamırsınızsa onda onların başına gələn əzabın sizin də başınıza gəlməsindən qorxub ağlayın.»

Muhəmməd ibn Əbu Kəbşə əl-Ənmari atasından rəvayət edir ki, o Təbuk döyüşündə olarkən camaat Hicr vadisindəki evlərə girməyə tələsirdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu eşidəndə insanların «camaat namazına» toplaşmasını əmr etdi. Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldikdə o dəvəsindən tutub deyirdi: «Allahın qəzəbinə düçar olmuş qövmün evinə nə üçün daxil olursunuz?» Bu zaman bir nəfər: Ey Allahın elçisi, onların halına təəcüblənirik? – deyə səsləndi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bundan daha maraqlısını sizə deyimmi? Aranızdan bir nəfər əvvəllər baş verənlər haqqında sizə xəbərdarlıq edir. Haqq yol ilə gedin, möhkəm olun. Həqiqətən Allah sizə verilən əzabın qarşısını almaz. Bir  qövm gələcəkdir ki, onlar özlərindən heç nəyi dəf edə bilməyəcəklər.»[11]

                    • İstifadə olunmuş kitab: Peyğəmbərlərin həyatı
                      • Müəllif: İbn Kasir
                  • Tərcüməçi: AbdurRəhman Muradlı

________________________________________________________ 

[1] Ev heyvanlarını qurd və digər vəhşi heyvanlardan qorumaq üçün kol-dosdan, yaxud taxtadan hasara alınan yer. (tərc.)

[2] Sehr cadu deməkdir. Yəni cadugər hər hansı üsulla Allaha küfr, təhqiramiz söz və əməllərdən istifadə edərək özünü cin və şeytanlara yaxın edir və bunun müqabilində onların vasitəsi ilə kiməsə təsir (cadu, sehr) etməyə çalışır. (tərc.)

[3] Əhməd: 4/17; Buxari: № 4942; Muslim: № 2855.

[4] Bu Əlini (Allah ondan razı olsun) qətlə yetirib Allahın lənətinə gəlmiş Əbdürrəhman ibn Mülcəm idi. (tərc.)

[5] Səhihdir. Əhməd: 4/263; İbn Əbu Hatim «ət-Təfsir»: 10/3438/19352; Hakim: 3/140; Əbu Yələ 569; Təbəranidə 1/106/173 fərqli sənədlə Əlidən (Allah ondan razı olsun) rəvayət olunan şahidlik edən rəvayət də vardır. Həmçinin Təbəranidə 8/38/7311 Suheybdən rəvayət olunan digər bir rəvayətdə mövcuddur.

Rəvayət bütün şahidləri ilə birlikdə səhihdir. Bunu şeyximiz əl-Albani «Əs-Səhihə» əsərində № 1743 qeyd etmişdir.

[6] Səhihdir. Əbdürrəzzaq «ət-Təfsir» 1/2/231-232; Əhməd: 3/296; 5/555; İbn Cərir «Cəmiul Bəyan» 8/162; İbn Əbu Hatim «ət-Təfsir»: 5/1516/8685; 8686; Hakim: 2/320, 340, 341. Əbu-z-Zubeyrin sənədi ilə.

Hakimin rəvayətində 2/567 Əbu-z-Zubeyr rəvayəti eşitdiyini qeyd etmişdir. Amma orada Əbu Rəğalın hadisəsini qeyd etmir.

Abdullah ibn Amrın hədisi bu rəvayətə şahidlik edir. Əbu Davud: № 3088. Beyhəqi: 4/156. Mizzi «Təhzibul Kəmal» 4/11. Bu rəvayətin sənədi zəifdir. Çünki orada Buceyr ibn Əbu Buceyr adlı məchul insan var. Amma bu rəvayətə əsaslanmaq olar. Bununla Əbu Rəğal haqqında deyilənlər doğru hesab olunur. Bunun üçün Səlim əl-Hiləlinin «Səhihul əzkar və dəifuhu» adlı kitabına 1/440/485 bax.

[7] Əbu Davud: № 3090.

[8] Buxari: № 3976; Muslim: № 2874. Ənəsin (Allah ondan razı olsun) rəvayəti ilə.

[9] Əhməd: 2/9/58, 66, 72, 74, 91, 96, 113, 117, 137; Buxari: № 133; Muslim: № 2980; № 2981.

[10] Hədislərdə ağlamaq dedikdə kədərli olmaq, sevinməmək, onların başına gətirilən əzabı xatırlayıb özünə ibrət dərsi götürmək nəzərdə tutulur. (tərc.)

[11] Hədis həsəndir. Əhməd: 4/231; Təbərani «əl-Kəbir» 22/340/851; 852. Şahidlik edən digər sənədlərlə həsən dərəcəsinə yüksəlmiş sənədlə rəvayət etmişdir. İbn Kəsir /və əl-Heysəmi «Məcməu-z-Zəvaid» kitabında 10/293 hədisin həsən olduğunu bildirmişlər.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Materialı hazırladı www.TAQVA.NET saytı

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us