Hədislər

Əməllər ancaq niyyətlərə görədir — hədisinin şərhi

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Bundan sonra:

Rəvayət edilir ki, möminlərin əmiri, Əbul-Həfs Ömər ibn əl Xattab (Allah ondan razı olsun) demişdir: “Mən Rəsulullahın (sallallahu aleyhi və səlləm) — belə dediyini eşitmişəm: Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey qalacaqdır. Kimin hicrəti Allah və Onun Rəsulu (sallallahu aleyhi və səlləm) — üçündürsə, onun hicrəti, Allaha və Onun Rəsuluna (sallallahu aleyhi və səlləm) — aiddir. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti, hicrət etdiyi şeyə aiddir.”

 Bu hədisi, Əbu Abdullah Muhəmməd ibn İsmail ibn İbrahim ibn əl-Muğira ibn Bərdizbəh əl-Buxari və Əbul-Huseyn Muslim ibn əl-Həccac ibn Muslim əl-Quşeyri ən-Nisaburi öz “Səhih”lərində rəvayət etmişlər.[1]

Səhabələr arasında bu hədisi yalnız Ömər ibn əl-XattabL rəvayət etmişdir. Ömər ibn əl-Xattabdan (Allah ondan razı olsun)-da, bu hədisi yalnız Alqamə ibn Vəqqas əl-Leysi, rəvayət etmiş, ondan da, bu hədisi yalnız Muhəmməd ibn İbrahim ət-Teymi rəvayət etmiş və nəhayət, ondan da, bu hədisi yalnız Yəhya ibn Səid əl-Ənsari rəvayət etmişdir. Sonrakı təbəqədə isə artıq bu hədisi Yəhya ibn Səiddən eşidən ravilərin sayı çox olmuşdur. Elə bu səbəbdən də, hədis istilahında buna “səhih-ğarib” hədis deyilir.

İmam Buxari öz “Səhih”ini bu hədislə başlamış və Peyğəmbərin (sallallahu aleyhi və səlləm)-: “Mərhəmətli Allaha sevimli, tələffüzü asan və tərəzidə ağır gələn iki kəlmə var ki, bunlar: “Sübhanəllahi və bihəmdihi, subhanəllahil-azim!” kəlmələridir” hədisi ilə tamamlamışdır. İmam Buxari bu üslubu ilə bildirmək istəyir ki, əməlin başlanğıcı niyyət, sonu isə bu əməlin, Qiyamət günü tərəzidə çəkilməsidir.

Bir çox alimlər də, öz kitablarını bu hədislə başlamışlar. Məsələn: Abdulğani əl-Məqdisi “Umdətul-Əhkam” kitabını, Bəğəvi “Məsabihus-Sunnə” və “Şərhus-Sunnə” kitablarını və Suyuti “əl Camius-Sağir” kitabını bu hədislə başlamışdır.

Bu hədis dinin əsas üç təməlindən biri sayılır.

Bu xüsusda İmam Şafii (rahimahullah) demişdir: “Bu hədis elmin üçdə birini təşkil edir və fiqh elminin yetmiş fəslinə aid edilir.[2]” İmam Şafii demək istəyir ki, bu hədis şəriətə aid olan hər bir məsələdə müsəlmanın yanında olmalıdır, yəni hər bir əməlin başlanğıcında onu Allah üçün yerinə yetirəcəyinə niyyət etməlidir. Rəvayət edilir ki, Abdurrəhman ibn Məhdiy demişdir: “Əgər mən şəriət elminə aid bir kitab yazsam, bu hədisi hər bir fəsilin başlanğıcına yazaram.” Alim demək istəyir ki, əgər istənilən bir əməli yerinə yetirən kimsənin o əməli yerinə yetirəcəyinə dair niyyəti olmazsa, bu əməl ona heç bir fayda verməz.

Həmçinin, İmam Əhməd (rahimahullah) belə demişdir: “Üç hədis var ki, bunlar dinin əsasını təşkil edir: Ömərin (Allah ondan razı olsun)-rəvayət etdiyi: “Əməllər ancaq niyyətlərə görədir” hədisi, Aişənin (Allah ondan razı olsun): “Hər kim dinimizə aid olmayan bir əməli ona əlavə edərsə, bu əməl rədd edilər[3]” hədisi və bir də Nomən ibn Bəşirin (Allah ondan razı olsun):“Halal da bəllidir, haram də bəllidir[4]” hədisi.”[5]

İmam Əhmədin (rahimahullah) bu sözünü izah edib demək olar ki, İslam dini əmr və qadağalardan ibarətdir, yəni halal və haramlardan. Əmrləri yerinə yetirdikdə, habelə, qadağalardan çəkindikdə onların ibadət sayılması üçün niyyətin olması lazımdır və nəhayət, niyyət edilmiş əməlin qəbul olunması üçün onun Sünnəyə uyğun olması vacibdir. Beləliklə də, aydın olur ki, bu üç hədis dinin əsasını təşkil edir.[6]

Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm)-: Əməllər ancaq niyyətlərə görədir”– deyir. Yəni, əməllərin qəbul olunması və ya səhih sayılması üçün niyyətin olması lazımdır. Burada “əməl” deyildikdə, onun hər üç növü nəzərdə tutulur. Yəni, qəlbdən keçən, dillə deyilən və bədən əzaları ilə yerinə yetirilən əməllər.

Hamıya məlumdur ki, əməlin qəbul olunması üçün, onda iki şərtin olması vacibdir, birincisi ixlas – niyyət buna aiddir, ikinci isə sünnəyə müvafiq olmasıdır.

Bu xüsusda, Uca Allah buyurur: Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur.”[7]

Rəvayət edilir ki, Fudeyl ibn İyad bu ayəni izah edib demişdir: “Əməl baxımından daha yaxşı olanınız” yəni daha səmimi və daha doğru olanınız. Ondan: “Daha səmimi və doğru olanı nədir?”– deyə soruşulduqda, o belə cavab vermişdir: “Əgər əməldə səmimiyyət olsa, lakin doğruluq olmasa, o qəbul olunmaz. Həmçinin, əgər əməldə doğruluq olsa, lakin səmimiyyət olmasa, o, yenə qəbul olunmaz. Əməl yalnız o təqdirdə qəbul olar ki, onda səmimiyyət və doğruluq olsun. “Səmimi əməl” deyildikdə, Allah üçün yerinə yetirilən əməl, “doğru əməl” deyildikdə isə Sünnəyə uyğun olan əməl nəzərdə tutulur.”[8]

Niyyət sözünə gəlincə, bu, istənilən bir ibadəti Allah üçün yerinə yetirməyi qəsd etməkdir, yeri də, qəlbdədir, yəni tələffüz etməyə gərək yoxdur.

Sonra hədisdə deyilir ki, “Hər kəsə yalnız niyyət etdiyi şey qalacaqdır”, yəni, adam etdiyi əməlin savabını niyyətinə görə qazanır. Demək, niyyət, insanın etdiyi əməlin Allah rizası üçün, yoxsa dünya mənfəəti əldə etmək üçün olduğunu ayırd edir. Məqsəd də, adəti ibadətdən, yaxud ibadətlərin birini digərindən ayırd etməkdir.

Birincisinə yeməyi misal çəkmək olar. Adamın biri yeməyə olan istəkdən dolayı onu yeyir, beləliklə də, o, bu əməlinə görə savab qazanmır. Digəri isə Allahın “əl-Əraf” surəsindəki “yeyin için[9] əmrini yerinə yetirmək niyyəti ilə yeyir, beləliklə də etdiyi əmələ görə savab qazanır.

Bu məsələyə dair çimməyi də misal çəkmək olar. Birisi sərinlənmək məqsədilə çimir, ikincisi isə cənabət halını aradan qaldırmaq üçün qüsl edir. Birincisi adət, ikincisi isə ibadət sayılır.

İbadətlərin birini digərindən ayırd etməyə də iki rükətli namazı misal çəkmək olur. Birisi iki rükət nafilə namazı qılır, digəri isə iki rükətli vacib namazı. Bu iki niyyət bir namazı digərindən ayırd edir. Beləcə digər ibadətləri də, buna müqayisə edə bilərsiniz.[10]

Niyyətin yeri qəlbdir və onu dillə tələffüz etməyə ehtiyac yoxdur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm)- və onun səhabələri niyyəti dillə tələffüz etməyiblər.

İbadət üçün niyyət etməyin hökmünə gəlincə, “əl-Beyyinə” surəsinin 5-ci ayəsinə əsasən demək olar ki, hər bir ibadət üçün niyyət etmək vacibdir. Çünki həmin ayədə Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək ibadət etmək əmr olunmuşdu.” Ayədən aydın başa düşülür ki, əməl ixlasla Allah üçün olmalıdır. Yəni Allaha ibadət edən adam, niyyət etməlidir ki, yerinə yetirəcəyi əməli Allah üçün edəcək. Əks təqdirdə, yəni əgər adamın niyyətinə riya qarışarsa, əməli puç olur. Riyanı da İslam alimləri iki qismə bölmüşlər:

Birincisi, ibadətin əvvəlindən onu Allahdan qeyrisi üçün yerinə yetirməyə niyyət etmək. Məsələn: əgər adam namazı kiməsə özünü göstərmək məqsədilə qılarsa, o namaz batil olar. Bu xüsusda Peyğəmbər (sallallahu aleyhi və səlləm)- demişdir: “Kim özünü göstərmək məqsədilə namaz qılar, yaxud oruc tutar, yaxud da sədəqə verərsə, Allaha şərik qoşmuş olar.[11]

İkincisi, ibadət əsnasında niyyətə riya qarışdırmaqdır. Bunun da bir neçə halı var:

1-cisi, ibadət əsnasında niyyəti dəyişib onu məxluq üçün etmək. Məsələn: adam namazı Allah üçün qılmağa niyyət edib namaza başlayır, lakin namaz əsnasında niyyətini dəyişib onu, namazı müşahidə edən kimsə üçün qılmağa başlayır. Bu niyyət əməli bütövlüklə puç edir.

2-cisi, əməli məxluqa görə gözəlləşdirmək. Məsələn: adam namazı Allah üçün qılır, lakin bir kimsənin ona baxdığını görəndə namazını daha gözəl tərzdə qılmağa çalışır, məsələn rükuda həmişəkindən artıq təsbih gətirir. Belə olduğu təqdirdə onun sadəcə riya ilə artırdığı əməli puç olur, ibadətin əslinə isə təsir etmir, çünki onun əsli Allah üçündür.

3-cüsü, yerinə yetirilən əməl başa çatdıqdan sonra qəlbə riya gələrsə, bu niyyət əməli puç etmir. Hətta əgər adam özü istəmədən insanlar onu həmin əmələ görə tərifləyərlərsə, bu onun üçün Qiyamət günü uğur qazanacağına işarə olar. Hədislərin birində rəvayət edilir ki, səhabələrdən biri Peyğəmbərdən (sallallahu aleyhi və səlləm)-: “Ya Rəsulullah, əgər adam etdiyi yaxşı əmələ görə tərif olunmağı istəmədiyi halda insanlar onu tərif edərlərsə, onda necə?”- deyə soruşmuş, Peyğəmbər (sallallahu aleyhi və səlləm)— də belə cavab vermişdir: “Bu tərif, möminin dünyadakı müjdəsidir[12].”

 Bundan əlavə xüsusilə qeyd etmək lazımdır ki, niyyətlə bağlı Allah üçün yerinə yetiriləcək əməllər iki qismə bölünür:

1-cisi, sırf Allah üçün yerinə yetirilməsi vacib olan əməllərdir ki, bunlar da, ibadətlərin və şəri əməllərin çoxunu təşkil edir. Belə əməlləri yerinə yetirdikdə, onun müqabilində dünya mənfəəti əldə etmək barədə əsla düşünmək olmaz. Məsələn: namaz qılmaq, oruc tutmaq və s.

2-cisi isə o əməllərdir ki, şəriət, onların müqabilində axirət savabı ilə yanaşı dünya mənfəəti də əldə etməyi caiz buyurub. Məsələn: qohumluq əlaqələrini möhkəmləndirmək. Bu xüsusda Peyğəmbər (sallallahu aleyhi və səlləm)- demişdir: “Qoy ruzisinin artmasını və ömrünün uzanmasını istəyən kəs qohumları ilə əlaqə saxlasın[13]” Demək, adam qohumlarla əlaqəni möhkəmləndirdikdə, axirət savabından əlavə, ruzisinin artması və ömrünün uzanması üçün də niyyət edə bilər.[14]

Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm)- hicrət edən şəxsi misal çəkib buyurur ki: “Kimin hicrəti Allah və Onun rəsulu (sallallahu aleyhi və səlləm)— üçündürsə, onun hicrəti, Allaha və Onun rəsuluna (sallallahu aleyhi və səlləm)— aiddir.”

Hicrət kəlməsi lüğəti mənada “tərk etmək”, şəri mənada isə, küfr diyarından İslam diyarına və ya İslamını yaşaya biləcək bir diyara köçməkdir. Necə ki, səhabələr Məkkədən Həbəşistana və ya Məkkədən Mədinəyə hicrət etmişlər.

Bir müsəlmanın İslamı yaşamaq və onu yaymaq üçün, habelə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm)- yanında olub onun sünnəsinə riayət etmək, sünnəyə dəvət etmək və onu müdafiə etmək məqsədilə hicrət etməsi, Allah və Onun rəsulu (sallallahu aleyhi və səlləm)- üçün yerinə yetirilən hicrət sayılır.

Sual verilə bilər ki, Rəsulullahın (sallallahu aleyhi və səlləm)- vəfatından sonra onun üçün hicrət etmək istəyən kimsə necə etməlidir, axı Rəsulullah (sallallahu aleyhi və səlləm)- artıq aramızda deyil.

Sualın cavabı budur ki, onun sünnəsini yaymaq və onu müdafiə etmək məqsədilə hicrət etmək, Rəsulullah (sallallahu aleyhi və səlləm)- üçün yerinə yetirilən hicrət sayılır.

Hədisin sonunda deyilir ki, “kimin hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti, hicrət etdiyi şeyə aiddir” yəni, əgər adam bir yerdən başqa yerə dünya malı əldə etmək, yaxud qadınla evlənmək və ya başqa dünya mənfəətlərinə nail olmaq məqsədilə hicrət edibsə, ona, yalnız dünya mənfəəti çatır.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm)- başqa bir hədisi bu məsələyə daha geniş aydınlıq gətirir. Həmin hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm)- demişdir: “Kimin məqsədi Axirəti qazanmaq olarsa, Allah onun varını qəlbinə yerləşdirər, o, hər şeyə qane olar, onun işlərini avand edər və qədərinə yazılmış dünya malı ram edilmiş halda gəlib onu tapar. Kimin də məqsədi dünyanı qazanmaq olarsa, Allah onun kasıblığını onun gözləri arasına gətirər, işlərini dolaşığa salar və dünya malından da, o, yalnız qədərinə yazılmış olanı əldə edər.[15]

Hədisdən aydın başa düşülür ki, kimin niyyəti haradırsa, mənzili də oradır. İndi gəlin, sələflərin niyyət barədə dedikləri bir neçə ibrətamiz sözlərlə bu hədisin şərhinə son verək:

Abdullah ibn əl-Mubarək  (rahimahullah) demişdir: “Ola bilər ki, niyyət kiçik bir əməlin savabını qat-qat artırsın və ola da bilər ki, niyyət böyük bir əməlin savabını azaltsın.”[16]

Yəhya ibn Kəsir  (rahimahullah) demişdir: “Niyyətin mahiyyətini öyrənin, çünki onu öyrənmək əməlin mahiyyətini öyrənməkdən daha əhəmiyyətlidir.”[17]

Süfyan əs-Sovri  (rahimahullah) demişdir: “İslah etdiyim əməllərim arasında mənə ən ağır gələni niyyətim olub. Çünki o, tez-tez dəyişir.”[18]

İbn İclan  (rahimahullah) demişdir: “Əməllər yalnız üç şeylə islah olur: Allahdan qorxmaq, gözəl niyyət etmək və sünnəyə müvafiq iş görməklə.”[19]

Sonda, Allahdan istəyimiz budur ki, bizə, daim Allahın və Onun rəsulunun (sallallahu aleyhi və səlləm)- rizasını qazanmaq üçün niyyətlər etməyi və niyyətimizi müvəffəqiyyətlə həyata keçirməyi və bunun sayəsində böyük savablar qazanmağı nəsib etsin.

Hamımızın adından Peyğəmbərimizin — bizə öyrətdiyi dua ilə Allaha yalvarıb deyirik: “Ey qəlbləri çevirən Allahım, qəlbimizi dinin üzərində sabit et!”[20]

  • Kitab: “40 Hədis və Şərhi”
  • Müəllif: İmam ən-Nəvəvi
  • Şərhçilər: İbn Rəcəb, İbn Useymin, Abdulmuhsin əl-Abbad, Saleh Ali Şeyx, Abdurrəzzaq əl-Abbad

____________________________________________________

[1] Səhih əl-Buxari, 1; Səhih Muslim, 1907.

[2] Şərh Muslim, 13/53; Fəth əl-Bari, 1/11.

[3] Səhih əl-Buxari, 2697; Səhih Muslim, 1718.

[4] Səhih əl-Buxari, 52, 2051; Səhih Muslim, 1599.

[5] Məcmu əl-Fətavə, 18/249; Camiul-Ulum vəl-Hikəm, 1/9.

[6] Fəthul-Qəviyyul-Mətin fi Şərh əl-Ərbəin, Abdulmuhsin əl-Abbad səh. 3.

[7] əl-Mulk, 2

[8] Təfsir əl-Bəğəvi; Təfsir əs-Sədi.

[9] əl-Əraf, 31

[10] “Şərh əl-Ərbəin”, İbn Useymin, 1/4-5.

[11] Musnəd İmam Əhməd, 4/125; Musnəd əl-Bəzzar, 8/407.

[12] Səhih Muslim, 2642.

[13] Səhih əl-Buxari, 2067; Səhih Muslim, 2557

[14] Şərh əl-Ərbəin ən-Nəvəviyyə, Saleh Ali əş-Şeyx, 1/25-29

[15] Sunən ət-Tirmizi, 2/76; Silsilətul-Əhadisis-Səhihə, 949-cu hədis

[16] Camiul-Ulum vəl-Hikəm, 1/71.

[17] Hilyə əl-Ovliya, 3/70.

[18] Hilyə əl-Ovliya, 7/62.

[19] Camiul-Ulum vəl-Hikəm, 1/71.

[20] Sunən ət-Tirmizi, 3517; Silsilə əl-Əhadis əs-Səhihə, 2091

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Materialı hazırladı www.TAQVA.NET saytı

 

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us