Peyğəmbərlərin həyatı

Hud peyğəmbər (aleyissəlam)

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

AD QƏBİLƏSİ VƏ MƏSKUNLAŞDIQLARI YERLƏR

Hud peyğəmbər Ad adlı qəbilədən idi. Onlar əl-Əhqaf – qum dağları – adlı yerdə məskunlaşan ərəblər idilər. Bu yer Oman ilə Yəmənin Hədrəmovt ərazisində yerləşirdi. Həmin yerin «əş-Şəhər» adlı bir tərəfi dənizə açılırdı. Onlara xas olan vadinin adı isə «Muğis» adlanırdı.

Onlar çox vaxt nəhəng dirəklər üzərində dayanan çadırlarda yaşayırdılar. Uca Allah buyurur: {Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada?! Sütunlar sahibi İrəmə?!} (əl-Fəcr: 6-7). Bu İrəm camaatından olan Ad tayfası idi. Onlar birinci «Ad» tayfası hesab olunurlar. İkinci «Ad» tayfası isə sonralar yaşayıblar. Bu haqda irəlidə açıqlama veriləcəkdir. Birinci «Ad» qəbiləsi köçəri həyat yaşayırdı deyə, bu adla adlandırılmışdı. Bəziləri isə deyirlər ki, onlar dirək kimi ucaboylu olduqları üçün bu adla adlandırılmışlar.

Amma birinci rəy daha doğrudur. Biz bunu təfsir kitabında qeyd etmişik.

Kim İrəm şəhərinin əvvəlcə Şamı, sonra Yəmənı, daha sonra Ərəbistan yarımadasını və ya dünyanın digər yerlərini dolaşdığını iddia edirsə, o, məqsəddən çox uzaq düşmüş, dəlilsiz–sübutsuz, heç bir əsassız danışmışdır.

XALİS VƏ ƏRƏBLƏŞMİŞ ƏRƏBLƏR

İsmail peyğəmbərdən öncə olan ərəblər xalis ərəblər (əl-Ərəb əl-Aribə) sayılırlar. Onlar bir çox qəbilələrdə yaşayırdılar. Məsələn, Ad, Sə­mud, Curhum, Tasim, Cədis, Əmim, Mədyən, Əmlaq, Casim, Əbil, Qəh­tan, Bənu Yəqtun və başqaları.

Ərəbləşmiş ərəblər (əl-Ərəb əl-Mustərəbə) isə İbrahim əl-Xəlilin oğlu İsmail peyğəmbərin övladlarıdır. İsmail ibn İbrahim ərəb dilini bəlağət və fəsahətlə danışan ilk insan olmuşdur. O ərəb dilini əl-Hərəm torpaqla­rın­da anasının yanında məskən salmış Curhum qəbiləsindən öyrənmiş­di. Bu haqda öz məqamında danışacağıq. Uca Allah İsmailə bu dili tam şəkil­də fəsahətlə və bəlağətlə öyrətdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də eyni qaydada bu dil­də danışırdı.

HUD PEYĞƏMBƏRİN (aleyhissəlam) QURANİ-KƏRİMDƏ HEKAYƏSİ

Tufan hadisəsindən sonra bütlərə ibadət edən ilk tayfa «Birinci Ad» tay­fası olmuşdur. Uca Allah onlara qardaşları Hudu peyğəmbər gön­dər­di. Hud onları Allahın yoluna çağırırdı.

Uca Allah əl-Əraf surəsində Nuh qövmünü və onların başına gələnləri yada saldıqdan sonra deyir:

  1. Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq ilahınız yoxdur. Məgər qorxmursunuz?”
  2. Hud tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər.
  3. Hud dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
  4. Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.
  5. Yoxsa sizi qorxutmaq üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”
  6. (Hud tayfasının kafirləri)dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı bir gətir görək!”
  7. Hud onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
  8. Beləliklə, onu və onunla birlikdə olanları (iman gətirənləri)Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik. (əl-Əraf: 65-72).

Uca Allah Hud surəsində Nuhun hekayəsini qeyd etdikdən sonra deyir:

  1. Ad tayfasına da qardaşları Hudu gön­dərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxudr. Siz isə yal­nız iftiraçısınız!
  2. Ey camaatım! Mən buna görə siz­dən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni Yaradana aid­dir. Məgər dərk etmirsiniz?
  3. Ey camaatım! Rəbbinizdən bağış­lan­manızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bol yağış gön­dər­sin, qüvvətinizin üstünə bir qüvvət də ar­tırsın. Günahkar olaraq üz çevirmə­yin!”
  4. Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə ilahlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!
  5. Biz ancaq bunu deyirik ki, bəzi ilahlarımız sənə xətər toxundurmuşdur”. Hud belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə)qoşduğunuz şəriklərdən uzağam!
  6. Bircə Ondan (Allahdan)başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa qurun və mənə heç möhlət də verməyin!
  7. Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim haqq-ədalət sahibidir!
  8. Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”
  9. Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!
  10. Bu da Ad tayfasıdır! Onlar Rəbbi­nin ayələrini inkar etdilər, Onun pey­ğəm­bərlərinə qarşı çıxdılar, başlarının üs­tün­də duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.
  11. Və, beləliklə, dünyada da, Qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Hudun tayfası Ad həlak olsun!}(Hud: 50-60).

Uca Allah əl-Muminun surəsində Nuhun hadisəsindən sonra buyurur:

  1. Onlardan sonra başqa bir nəsil yaratdıq.
  2. Onlara özlərindən bir peyğəmbər göndərdik. “Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq ilahınız yoxdur. Məgər qorxmursunuz?”
  3. Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrəfi dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir.
  4. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız.
  5. O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir?
  6. Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq!
  7. Bizim həyatımız yalnız bu dünyadadır. Ölür-dirilirik. Biz dirildiləcək deyilik!
  8. Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”
  9. Hud dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”
  10. Allah buyurdu: “Bir azdan peşman olacaqlar!”
  11. Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv olsun! }(əl-Muminun: 31-41).

Uca Allah əş-Şuəra surəsində Nuhun hadisəsindən sonra deyir:

  1. Ad taydası da peyğəmbərləri təkzib etdi.
  2. O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?
  3. Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!
  4. Allahdan qorxun və mənə itaət edin!
  5. Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
  6. Doğrudanmı siz hər təpədə bir köşk (əlamət)qurub əylənirsiniz?
  7. Sanki əbədi qalacaqsınız deyə su hövzələri tikirsiniz!
  8. Və yaxaladıqda da zalımlar kimi yaxalayırsınız!
  9. Artıq Allahdan qorxun və mənə itaət edin!
  10. Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi!
  11. Sizə heyvanat, oğul-uşaq,
  12. Bağlar və çeşmələr verdi!
  13. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”
  14. Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir.
  15. Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir!
  16. Və biz əzaba da düçar olmayacağıq!”
  17. Onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
  18. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!
  19. Səmud tayfası da peyğəmbərləri təkzib etdi.}(əş-Şuəra: 123-141).

Fussilət surəsində isə belə deyilir:

  1. Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.
  2. Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də olunmayacaqdır. (Fussilət: 15-16).

Əl-Əhqaf surəsində deyilir:

  1. Ad qövmünün qardaşını (Hudu)da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib–getmiş Əhqafda (yüksək qumsal təpələrdə)olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”
  2. Onlar: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” – deyə cavab vermişdilər.
  3. Hud demişdi: “(Əzabın nə vaxt gələcəyini)ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!”
  4. Onu vadilərinə tərəf üz tutub gələn bir bulud şəklində gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!
  5. O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq! (əl-Əhqaf: 21-25).

Əz-Zariyat surəsində isə belə deyilir:

  1. Adın başına gələnlərdə də bir ibrət dərsi vardır. O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən bir külək göndərmişdik.
  2. O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə döndərirdi. (əz-Zariyat: 41,42).

Ən-Nəcm surəsində deyilir:

  1. Əvvəlki Adı O məhv etdi.
  2. Səmudu da həmçinin! Və onlardan heç kəsi sağ buraxmadı.
  3. Daha əvvəl Nuh qövmünü məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi.
  4. Mötəfikənin də altını üstünə O çevirdi.
  5. Onları nələr sardı, nələr!
  6. Sən öz Rəbbinin hansı nemətlərinə şəkk edirsən?! (ən-Nəcm: 50-55).

 Uca Allah əl-Qəmər surəsində deyir:

  1. Ad təkzib etmişdi. Gör bir Mənim əzabım və qorxutmağım necə oldu!
  2. Biz uzun sürən nəhs bir gündə onların üstünə uğultulu bir külək göndərdik.
  3. O, adamları kökündən qopmuş xurma kötükləri kimi qopardıb atırdı.
  4. Gör bir Mənim əzabım və qorxutmağım necə oldu!
  5. And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən)varmı?! (əl-Qəmər: 18-22).

 Əl-Haqqa surəsində deyilir:

  1. Ad qövmü isə uğultulu, çox siddətli bir küləklə tar-mar oldu.
  2. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
  3. İndi sən onlardan heç bir əsər-əla­mət görə bilərsənmi?! (əl-Haqqa: 6-8).

 Əl-Fəcr surəsində deyilir:

  1. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə?!
  2. Sütunlar sahibi İrəmə?!
  3. Elə bir qövm ki, məmləkətlər arasında onun kimisi yaradılmamışdı.
  4. (Məgər görmədinmi ki, Rəbbin nələr etdi)vadidə qayaları olan Səmuda?!
  5. Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!
  6. O kəslər ki, məmləkətlərdə tüğyan edir,
  7. Oralarda çoxlu fitnə-fəsad törədirlər.
  8. Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
  9. Şübhəsiz ki, Rəbbin baxıb (hər şeyi)görür. (əl-Fəcr: 6-14).

Biz bu hekayələrin hər biri barəsində «Təfsir» kitabımızda danışmışıq. Həmd olunmaq da, minnət qoymaq da Allaha məxsusdur.

Ad qövmü haqqında Tövbə, İbrahim, Furqan, Ənkəbut, Sad və Qaf surələrində də danışılır.

TUFAN HADİSƏSİNDƏN SONRA İLK DƏFƏ BÜTLƏRƏ İBADƏT EDƏN TAYFA AD TAYFASI OLMUŞDUR

 Ötən ayələrdə deyilənlərə nəzər salıb, hədislərdə gələn məlumatları da əlavə edib hadisənin ümumi məzmununu qeyd edək.

Əvvəldə demişdik ki, onlar tufan hadisəsindən sonra bütlərə ibadət edən ilk tayfa olublar. Bu, Hudun onlara dediyi bu sözlərində açıq-aşkar görünür.

  1. Yoxsa sizi qorxutmaq üçün içə­rinizdən olan bir adam vasi­tə­si­lə Rəbbinizdən sizə bir xəbər­dar­lıq gəlməsinə təəccüb edir­si­niz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gə­tir­di, sizi xilqətcə daha qüvvətli et­di. Allahın nemətlərini yada sa­lın ki, bəlkə, nicat tapasınız!” (əl-Əraf: 69).

Onlar öz vaxtlarında yaradılış, xasiyyət və qüvvət baxımından insanların ən güclüləri idilər.

Əl-Muminun surəsində isə belə deyilir: {31.  Onlardan sonra başqa bir nəsil yaratdıq.} (əl-Muminun: 31). Ən doğru deyilənə görə ayədə Hud qövmündən danışılır.

 Bəziləri iddia edirlər ki, bu ayədə Səmud qövmündən söhbət gedir. Onlar bu ayəyə əsaslanırlar{Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik…} (əl-Muminun: 41). Saleh qövmünün külək ilə həlak olduğunu əsas gətirib bu fikiri dəstəkləyirlər. { Ad qövmü isə uğultulu, çox siddətli bir küləklə tar-mar oldu.} (əl-Haqqa: 6).

Hər iki tayfanın səs və güclü külək ilə həlak olmasını demək, onların bu dediklərinə müxalif deyil. Əl-Əykə sahibləri olan Mədyən əhli haqqında danışarkən bunu qeyd edəcəyik. Onlara bir neçə cür əzab gəlmişdi.

Həmçinin Ad tayfasının Səmud tayfasından öncə olmasında heç bir fikir ayrılığı yoxdur.

HUD PEYĞƏMBƏR (aleyhissəlam) ÖZ QÖVMÜNƏ XƏBƏRDARLIQ EDİR

Kobud kafir ərəblərdən ibarət Ad qövmü bütlərə ibadətdə möhkəmlənmişdilər. Uca Allah onlara öz aralarından olan bir nəfər göndərdi ki, onları Allaha və ibadəti yalnız Allaha məxsus etməyə çağırsın. Onlar isə onu təkzib etdilər, alçaltdılar və ona qarşı çıxdılar. Uca Allah da onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladı.

Hud onlara Allaha ibadət etməyi əmr edib, Ona itaət etməyə və Ondan bağışlanma diləməyə rəğbətləndirirdi. Dediklərinə əməl edəcəkləri təqdirdə dünya və axirət xeyirini, əks halda isə dünya və axirət cəzasını onlara vəd verdi. {Hud tayfasının kafir başçıları isə ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər.} (əl-Əraf: 66). Yəni, sənin bizi dəvət etdiyin din, bizim bütlərə etdiyimiz ibadətlə müqayisədə çox səfeh bir işdir. Çünki biz onlardan ruzi və kömək umuruq. Bununla belə, özünün Allah tərəfindən göndərildmiş elçi olduğunu iddia etməyində də sənin yalançı olduğunu zənn edirik. {Hud dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!} (əl-Əraf: 67). Yəni, bu heç də sizin düşündüyünüz və etiqad etdiyiniz kimi deyil. {Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.} (əl-Əraf: 68). Təbliğ etmək dedikdə təbliğ olunanın əsasında yalanın olmaması şərtdir. Ona heç bir artırma və ya azaltma ilə təsir etmək olmaz. Təbliğ olunan materialı fəsahətli və anlaşılan ifadələrlə çatdırmaq lazımdır. Bu ifadələr əhatəli, aydın, müəmmasız olmalı və onlarda heç bir ziddiyyət, yaxud tərəddüd olmamalıdır.

Deyilən keyfiyyətdə aparılan təbliğat növü ilə təbliğatçı öz tayfası üçün ən doğru məsləhətçi olur. Bununla o onlardan heç bir muzd və ya xidmət tələb etmədən öz şəfqətini və onların hidayət olunmaları üçün canfəşanlığını göstərmiş olur. O, Allaha dəvətində ixlaslı davranır, insanlara xeyirli öyüd-nəsihət vermək prinsipindən kənara çıxmır. Onu göndərəndən başqa heç kəsdən dəvətə görə muzd tələb etmir. Axı dünya və axirətin xeyirləri Onun əlində və hökmü altındadır. Elə buna görə o belə deyirdi: {Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni Yaradana aiddir. Məgər dərk etmirsiniz?} (Hud: 51). Mənim sizi açıq-aşkar  haqqa çağırdığımı başa düşəcək və anlayacaq dərrakəniz yoxdurmu?! Halbuki yaradılış fitrətiniz də buna şahidlik edir. Bu din, Uca Allahın Nuhla göndərdiyi və ona qarşı çıxanların məhv olunduğu haqq dindir. İndi isə mən sizi bu dinə dəvət edirəm və bunun müqabilində heç bir mükafat tələb etmirəm. Mən öz mükafatımı xeyir və zərərə sahib olan Allahdan diləyirəm. Yasin qövmünün möminləri də belə demişdilər: {Sizdən heç bir muzd istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin! Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız!} (Yasin: 21–22). Hudun qövmü isə belə deyirdilər: {Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar  bir möcüzə gətirmədin. Sənin sözünlə ilahlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! Biz ancaq bunu deyirik ki, bəzi ilahlarımız sənə xətər toxundurmuşdur”. Hud belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Rəbbinizə qoşduğunuz şəriklərdən uzağam!} (Hud: 53,54). Onlar deyirdilər ki, sən bizə iddia etdiklərinin doğruluğuna dəlalət edən bir möcüzə göstərməmisən. Sənin dəlil–sübutsuz söylədiyin mücərrəd sözünlə bütlərimizə ibadət etməkdən əl çəkən deyilik. Bu iddiana görə sənin dəli olduğunu düşünürük. Danışdığın sözlərə görə ilahlarımızın sənə qəzəbi tutub deyə dəli olmusan. Ağlın gedib deyə dəlilik edirsən. {Biz ancaq bunu deyirik ki, bəzi ilahlarımız sənə xətər toxundurmuşdur”.}

{Hud belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Rəbbinizə qoşduğunuz şəriklərdən uzağam! Bircə Allahdan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!} (Hud: 54,55). Bu hərəkət Hud tərəfindən onlara qarşı hədə-qorxu, ilahlarından imtina etmək və onları dəyərsiz hesab etmək nümunəsi idi. O bildirirdi ki, sizin ilahlarınız nə bir xeyir, nə də zərər verə bilmirlər. Onlar cansız əşyalardır. Onların hökmü və hərəkəti cansızlardan heç nə ilə fərqlənmir. Əgər doğrudan da sizin dediyiniz kimi onlar kömək edir, fayda və ya xətər toxundura bilirlərsə mən özümün onlardan uzaq olduğunu açıq şəkildə bildirir, onları lənətləyirəm. Elə isə siz hamılıqla mənə hiylə qurun və mənə möhlət də verməyin. Əlinizdən gələni edin və məni bir göz qırpımı da olsa gözdən kənar qoymayın. Mən artıq sizə əhəmiyyət vermir, barənizdə düşünmür və sizə tərəf baxmıram.

{Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim ədalət sahibidir.} (Hud: 56). Mən Allaha təvəkkül etmişəm, Ona bel bağlamışam. Mən onun himayəsində olduğuma arxayınam. Hər kəs ki, Onun himayəsinə üz tutar, o heç vaxt haqq yoldan azmaz. Mən heç bir məxluqa bel bağlamıram. Ona təvəkkül edirəm və Ondan başqasına ibadət etmirəm.

Bu açıq-aşkar göstərir ki, Hud Allahın qulu və elçisidir. Onlar isə Allahdan başqasına ibadət etməklə nadanlıq və zəlalət içindədirlər. Onlar Huda heç bir xətər toxundura bilmədilər, nə də Hud tərəfindən bir pislik görmədilər. Bütün bunlar onun təbliğatında sadiq olduğunu, özlərinin isə batil yolda olduqlarını bir daha isbat edir.

Ondan öncə Nuh peyğəmbər də eyni ilə bu dəlilə istinad etmiş və demişdi:

  1. Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edi­rəm. Şəriklərinizlə birlikdə nə edə­cəyinizi qərarlaşdırın. Görə­cə­yi­niz iş gizli qalmasın, sonra mə­nə heç möhlət də verməyib haq­qım­da istədiyinizi edin. (Yunus: 71).                                       

İbrahim əl-Xəlil də belə demişdi:

  1. Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
  2. Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?
  3. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (əl-Ənam: 80-82).

Digər surədə isə belə deyilir:

  1. Tayfasının kafir olan, axirətə qovu­şa­caqlarını yalan hesab edən və dün­ya­da nemət verdiyimiz əyan-əşrəfi dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir.
  2. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğ­ra­yar­sınız.
  3. O sizə ölüb torpaq və sür-sümük ol­duqdan sonra çıxarılacağınızımı vəd edir?}(əl-Muminun: 33-35).

Onlar insanın peyğəmbər göndərilməsini mümkünsüz hesab edirdilər. Elə qədim və müasir cahil kafirlərin əksəriyyəti bu şübhəni çox qabardıblar. Uca Allah buyurur:

İçərilərindən bir adama: “İnsanları qorxut, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” – deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi? (Yunus: 2). 

İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətir­mə­yə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər gön­dər­di?” – demələridir.

De: “Əgər yer üzündə arxayın gə­zib dolaşanlar mələklər olsaydı, söz­süz ki, onlara bir mələk peyğəmbər gön­dərərdik!” (əl-İsra: 94,95).

Hud peyğəmbər də onlara belə deyərdi:

Yoxsa sizi qorxutmaq, sizin də qorx­manız və rəhm oluna bilin­mə­niz üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edir­siniz?” (əl-Əraf: 63).

Bu heç də qəribə deyil. Uca Allah peyğəmbərliyi kimə verdiyini yaxşı bilir.

Uca Allahın bu ayəsinə gəlincə:

  1. O sizə ölüb torpaq və sür–sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir?
  2. Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq!
  3. Bizim həyatımız yalnız bu dünyadadır. Birimiz ölür, birimiz dirilirik. Biz dirildiləcək deyilik!
  4. Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”
  5. O belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”}(əl-Muminun: 35–39).

Onlar qayıdış gününü mümkünsüz hesab edir, sümükləri qalmış və çürüyüb torpağa dönmüş cəsədlərin diriləcəyini inkar edir və deyirdilər: {Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq!} {Birimiz ölür, birimiz dirilirik.} Bir nəsil ölür, digəri dünyaya gəlir.

Bu ateistlərin (Allahsızların) etiqadıdır. Bəzi cahil zındıqlar[1] da belə deyirlər: «Ana bətnləri yenisini doğur, yer də öləni udur – vəssəlam!».

Duriyyə[2] firqəsi isə etiqad edir ki, onlar hər otuz altı min ildən bir bu dünyaya dönürlər.

Bütün bu etiqadlar yalan, küfr, cəhalət, zəlalət, batil sözlər və heç bir əsası olmayan fəsadlı xəyallardır. Bunlar ağılsız və doğru yoldan azmış günahkar və kafir insanların marağını çəkən məsələlərdir. Uca Allah buyurur: {Axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər.} (əl-Ənam: 113). O onlara vəzində deyirdi: { Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz?. Sanki əbədi qalacaqsınız deyə tikililər tikirsiniz!} (əş-Şuəra: 128, 129). O onlara deyirdi: Qarşınıza çıxan hər hündür yerdə möhtəşəm bina, qəsrə oxşar tikili tikirsiniz. Siz bununla yalnız əylənirsiniz. Çünki, sizin bu binalara ehtiyacınız yoxdur. Axı siz özünüz çadırlarda yaşayırsınız.

Uca Allah buyurur: 

{6.  Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada?!7.  Sütunlar sahibi İrəmə?! 8.  Elə bir qövm ki, məmləkətlər arasında onun kimisi yaradılmamışdı.} (əl-Fəcr: 6-8). 

İrəm torpaqlarında yaşayan Ad tayfası birinci Ad tayfası idi. Onlar möhtəşəm sütunlarla düzəldilmiş çadırlarda yaşayırdılar.

İrəmin qızıldan və gümüşdən ibarət bir şəhər olduğunu və onun hər yanı gəzdiyini iddia edənlər səhv edirlər. Onlar əsassız bir iddia irəli sürürlər.

{Sanki əbədi qalacaqsınız deyə tikililər tikirsiniz!} (əş-Şuəra: 129). Bu tikililər qəsrlər, göyərçin yuvaları və ya su hövzələri idi. Siz bu dünyada uzun ömür sürmək arzusu ilə bu işlərlə məşğul olursunuz. {130.  Və birini yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! 131.  Artıq Allahdan qorxun və mənə itaət edin! 132.  Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! 133.  Sizə heyvanat, oğul–uşaq, 134.  Bağlar və çeşmələr verdi!} (əş-Şuəra: 130-134).

Onlar həmçinin Huda deyərdilər:  {Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun əzabı bir gətir görək!} (əl-Əraf: 70). Sən bizi tək Allaha ibadətə, dədə-babamızın və sələflərimizin yoluna müxalif olub onların etdiklərinə qarşı çıxmağa çağırmaq üçün gəlmisən?! Əgər sən bu dediklərində doğrusansa onda bizə vəd etdiyin əzabı gətir görək. Biz sənə nə iman gətirir, nə itaət edir, nə də səni təsdiqləyirik.

Onlar deyərdilər: {136.  Onlar dedilər: Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir. 137.  Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir! 138.  Və biz əzaba da düçar olmayacağıq!} (əş-Şuəra: 136-138). Ayənin orjinal mətnindəki «Xəlqu» sözünü fəthəli («ə» hərfi ilə) oxunduqda ayənin mənası belə olur: {Bu əvvəlkilərin uydurmasından başqa bir şey deyildir!}Yəni, ey Hud, bu elə sənin öz uydurmandır. Sən bunları əvvəlki kitablardan götürmüsən. Bu açıqlamanı bir çox səhabələr və tabiinlər[3] söyləmişlər. Amma biz ayənin mətnindəki «X(aleyhissəlam)l(aleyhissəlam)qu» damməli («u» hərfi ilə) ifadə etdikdə din mənasını verir. Yəni, bizim əməl etdiyimiz bu din əvvəlkilərin, dədə-babamızın və sələfimizin yoludur. Biz bu yoldan çıxan və bu yolu dəyişən deyilik. Hər iki qiraətlə oxuduqda onların: {Və biz əzaba da düçar olmayacağıq!} – sözü ilə uyğun gəlir.

Hud onlara dedi: {Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!} (əl-Əraf: 71). Siz bu sözlərinizlə Allahın əzabını və qəzəbini qazanmısınız. Özünüzün və dədə–babanızın düzəldib adlarını ilah qoyduğunuz bütlərə ibadət etməklə, heç bir şəriki olmayan vahid Allahın ibadətinə qarşı çıxırsınız?! Halbuki {Allah onlar barədə heç bir dəlil endirməmişdir.} Yəni, Allah təalə sizin bu etdiklərinizi dəstəkləyəcək heç bir dəlil-sübut nazil etməmişdir. Əgər siz haqqı qəbul etməkdən imtina edib batil inancınızda qalacaqsınızsa o zaman sizin üçün mənim çəkindirməyimin heç bir mənası yoxdur. Elə isə Allahın qarşısı alınmaz və dəf olunmaz əzabını gözləyin. Uca Allah buyurur: {39.  O belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” 40.  Allah buyurdu: “Bir azdan peşman olacaqlar!”} (əl-Muminun: 39–40).

Digər ayədə deyilir: {22.  Onlar: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” – deyə cavab vermişdilər. 23.  Hud demişdi: “Əzabın nə vaxt gələcəyini ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!” 24.  Onu vadilərinə tərəf üz tutub gələn bir bulud şəklində gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud isə onlara belə dedi: “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır! 25.  O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq!} (əl-Əhqaf: 22–25).

Uca Allah onların həlak olmaları xəbərini bir çox ayələrdə qeyd etmişdir. Bu haqda yuxarıda ümumi və təfsilatlı danışılmışdır. Misal olaraq bu ayələri demək olar:

 {72.  Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.} (əl-Əraf: 72). 

{58.  Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq! 59.  Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular. 60.  Və, beləliklə, dünyada da, Qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Hudun tayfası Ad həlak olsun!} (Hud: 58–60). 

{41.  Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv olsun! } (əl-Muminun: 41). 

{139.  Onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. 140.  Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!} (əş-Şuəra: 139-140).

AD QÖVMÜNÜN HƏLAKI VƏ ALLAHIN ƏZABININ YETİŞMƏSİ

Onların həlak olmasının təfsilatlı belədir. Uca Allah buyurur: {24.  Onu vadilərinə tərəf üz tutub gələn bir bulud şəklində gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud isə onlara belə dedi: “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!} (əl-Əhqaf: 24). Bu əlamət baş verəcək əzabın başlanğıcı idi. Onlar aclıq və quraqlıq dönəmi yaşayırdılar. Yağışın yağması üçün dua edirdilər. Onlar səmada buludları gördükdə onun xeyirli və bərəkətli yağış olduğunu zənn etdilər. Amma bu bir əzab yağışı idi. Uca Allah buyurur{Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir…} (əl-Əhqaf: 24). Yəni, əzabın tez gəlməsini istəyirdiniz, o da gəldi. Onların istəyi bu ayədə qeyd olunur: {Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!} (əl-Əhqaf: 22). Eyni məzmunlu ayə əl–Əraf surəsində də deyilir.

Əl-Haris əl-Bəkri deyir ki: «əl-Əla ibn əl-Hədramidən Peyğəmbərə (sallallahu aleyhi və səlləm) şikayət etmək üçün səfərə çıxmışdım. Rabzə adlı yerdən keçdikdə Bənu Təmim qəbiləsindən olan, tərk edilmiş yaşlı bir qadına rastladım. Qadın dedi: «Ey Allah bəndəsi! Mənim Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) işim var, sən məni onun yanına apara bilərsənmi?»

Mən onu özümlə götürüb Mədinəyə gəldim. Məscid adam ilə dolu idi. Qara rəngli bayraq da dalğalanırdı. Bilal isə qılıncına sarılmış halda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) önündə dururdu.

Mən dedim: «İnsanlara nə olub?»

Mənə dedilər ki: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Amr ibn əl-Ası döyüşə göndərmək istəyir».

Mən bir qədər oturdum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) evinə daxil olduqda onun yanına daxil olmaq üçün izin aldım. O, mənə içəri daxil olmaq üçün icazə verdi. Mən içəri daxil olub salam verdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Sizinlə Bənu Təmim qəbiləsi arasında nə isə baş verib?» Mən dedim: «Bəli. Biz onlara qalib gəlmişdik. Yolda Bənu Təmimdən olan, tərk edilmiş bir qoca qadın gördüm. O, məndən onu sənin yanına gətirməyimi xahiş etdi. O, hal-hazırda qapıdadır». Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun içəri daxil olmasına icazə verdi və qadın içəri daxil oldu. Mən dedim: «Ey Allahın elçisi, əgər bizimlə Bənu Təmim arasında sərhəd qoymaq istəyirsənsə bunu Dəhnadan et. Bu yer bizim idi». Qoca qadın qeyrət edib hərəkətləndi və dedi: «Ey Allahın elçisi! Sən biçarəni hara məcbur edəcəksən?» Mən dedim:» Mənim məsəlim, «qatilini doğan keçi!» – timsalındadır. Mən bu qadını özümlə daşımışam, amma onun düşmənim olduğunu hiss etməmişəm. Mən Ad tayfasından olan qonaq kimi olmaqdan Allaha və rəsuluna sığınıram[4]«. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Dayan görüm! Ad tayfasından olan qonaq kimdir?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) hadisəni yaxşı bilirdi, sadəcə məndən söz alırdı.

Mən dedim: «Ad tayfası quraqlıq dövrü yaşayırdılar. Onlar «Qəyl» adlı bir nəfəri qonaq göndərdilər. O, Müaviyə ibn Bəkr adlı bir nəfərə rastladı və bir ay onun yanında qaldı. Ev sahibi ona şərab verir, «İki çəyirtkə» ləqəbli iki qadın da onun üçün mahnı oxuyurdu. Bir ay keçdikdən sonra («Qəyl») Təhamə dağlarının üzərinə çıxdı və dedi: Ey Allahım! Sən bilirsən ki, mən nə xəstə müalicə etməyə, nə də əsir azad etməyə gəlmişəm! Ey Allahım, Ada verəcəyin yağışı yağdır. Bu zaman onun başı üzərindən qara buludlar ötməyə başladı. Oradan: «birini seç!» – deyə nida gəldi. O da qara bir buluda işarə etdi. Buluddan: «Onu kül olaraq götür, Ad tayfasından heç kəsi sağ qoyma»! – deyə nida gəldi. Bildiyim qədər onlara yalnız mənim üzüyümdən keçən qədər külək göndərilmiş və bununla onlar həlak olmuşdular».»[5]

Əbu Vail (adlı rəvayətçi) deyir: «O (Amr ibn əl-As), doğru danışır. Onlar kişi və ya qadın qonaq göndərdikdə belə deyərdilər: «Sən də Ad tayfasının qonağı kimi olma».»[6]

İbn Cərir ət-Təbəri və digər bir çox təfsir alimləri bu hadisə haqqında danışarkən eyni rəvayəti və hadisəni qeyd ediblər.

BİRİNCİ VƏ SONUNCU AD TAYFASI

Bu rəvayət sonuncu Ad tayfasının məhvi üçün deyilə bilər.

İbn İshaq və digərləri rəvayətdə Məkkənin adını çəkirlər. Məkkə şəhəri isə İbrahim əl-Xəlildən sonra, arvadı Həcər və oğlu İsmail orada məskən saldıqdan sonra inşa edilmişdir. Bundan sonra Curhum qəbiləsi də gəlib orada məskən salmışdılar. Bu haqda qarşıda məlumat veriləcəkdir. Birinci Ad tayfası isə İbrahim əl-Xəlildən öncə yaşamışdır.

Həmçinin rəvayətdə Müaviyə ibn Bəkr və onun şeri qeyd olunur. Amma bu şer sonrakı zamanlardan yazılan şerlər kimidir. Bu sözlər əvvəlki ərəblərin sözlərinə oxşamır.

Həmçinin rəvayətdə deyilir ki, gələn buluddan od parçaları yağırdı. Birinci Ad tayfası isə dağıdıcı külək ilə həlak olmuşdular. İbn Məsud, İbn Abbas م  və  bir çox tabeiinlər deyirlər ki, bu soyuq və şiddətlə əsən külək idi.

Allah o küləyi yeddi gecə, səkkiz gün ardı–arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.﴿ (əl-Haqqə: 7). Onlar başı kəsilmiş ağac kötüklərinə bənzədilirlər. Çünki, külək onların hər birini havaya qaldırıb başı üstə yerə çırpırdı. Başları parça-parça olduqda, bədən başsız qalırdı. Uca Allah buyurur: ﴾Biz uzun sürən nəhs bir gündə onların üstünə uğultulu bir külək göndərdik. O, adamları kökündən qopmuş xurma kötükləri kimi qopardıb atırdı.﴿ (əl-Qəmər: 19, 20).

Kim bu hadisəyə görə dördüncü günün nəhs olduğunu anlayırsa və bu günə nəhs gün kimi baxırsa o səhv edir və Qurani Kərimə müxalif olur. Çünki Uca Allah sonrakı ayədə buyurur ki, «o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik…» (Fussilət: 16). Məlum olduğu kimi, bu əzab səkkiz gün ardıcıl davam etmişdir. Əgər bu günlər öz-özlüyündə nəhs olsaydılar, o zaman həftənin yeddi gününün hamısı nəhs olardı.  Bunu isə heç kəs demir. Ayədə deyilən nəhs günlər məhz onlar üçün nəhs idi. 

Uca Allah buyurur: «Adın başına gələnlərdə də bir ibrət dərsi vardır. O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən bir külək göndərmişdik.» (əz-Zariyat: 41). Yəni, bu küləkdə heç bir xeyir yox idi. Külək mücərrəd halda nə bulud gətirir, nə də ağacları tozlandırır (yəni hər külək ilə bunlar hasil olmur. (tərc.)). Belə külək məhvedicidir və onun heç bir xeyirli nəticəsi olmaz. Elə buna görə digər ayədə deyilir: «O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə döndərirdi.» (əz-Zariyat: 42). Yəni, onları tam yararsız bir əşyaya döndərirdi.

İki səhih kitabda İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:«Mənə şərq küləyi ilə dəstək verildi[7], Ad qövmü isə qərb küləyi ilə məhv olmuşdu.«[8]

Uca Allahın bu ayəsinə gəlincə: «Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”» (əl-Əhqaf: 21). Bu ayədən də görünür ki, söhbət birinci Ad tayfasından gedir. Çünki, ayənin məzmunu Hud peyğəmbərin qövmü, yəni birinci Ad qövmü haqqında danışılan ayələrin məzmunu kimidir.

Amma bununla belə hekayədə ikinci Ad tayfasından danışıldığı da ehtimal oluna bilər. Buna Aişədən rəvayət etdiyimiz və qarşıda bir daha xatırladacağımız rəvayət dəlalət edir.

«Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər…» (əl-Əhqaf: 24). Ad tayfası səmada bulud kimi topalanan bu buludu gördükdə onu yağış yağdıran bulud hesab etdilər, amma bu əzab buludu çıxdı. Onlar bunun mərhəmət olduğunu zənn etdilər, amma bu bir əzab çıxdı. Onlar bundan xeyir arzulayırdılar, bu isə dəhşətli şər oldu. Uca Allah buyurur: «Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir,» Yəni, bu bir əzabdır. Sonra bu əzabın nə olduğunu açıqlayır: «bir küləkdir ki, onda şiddətli əzab vardır!» (əl-Əhqaf: 24).

Ehtimal olunur ki, yeddi gecə səkkiz gün üz verən əzab məhvedici, şiddətli və soyuq külək ilə olub, onlardan heç kəsi sağ qoymayıb. Külək hər yerdə onları yaxalayırdı. Hətta mağaralarda olanları ağuşuna alıb çıxardır və məhv edirdi. Möhkəm evlərini və möhtəşəm qəsrlərini darmadağın edirdi. Onlar öz qücləri və hünərləri ilə öyünərək deyərdilər: «Bizdən daha güclü kim ola bilər?!» Uca Allah da onlara özlərindən daha hünərli və güclü birini göndərdi. Bu, amansız külək idi.

Digər ehtimala görə günlərlə əsən külək sonda belə bir bulud topalayır. Sağ qalanlar isə buludu görüb onun mərhəmət nişanəsi, nicat qapısı olduğunu güman edirlər. Amma Uca Allah buludu onlar üçün şiddətli bir əzab və od olaraq göndərmişdi. Bunu bir çox alim söyləmişdir. Bu isə Mədyən əhalisindən olan «Zallə» dəstəsinə üz verən əzaba bənzəyir. Belə ki, onlara verilən əzab soyuq külək və atəş əzabı idi. Bir-birinə zidd olan iki müxtəlif şeylə verilən əzab daha şiddətli olur. Hələ əl-Muminun surəsində deyilən şiddətli səsi də əlavə etmək lazımdır. Daha doğrusunu Allah bilir.

Ayədəki sözlərə görə onların bulud görməsini demək ərəb dilinə daha uyğundur. Əgər əl-Haris ibn Həssan əl-Bəkrinin hədisini hadisənin açıqlaması kimi qəbul etsək onda bu hədis də deyilən mənaya dəlalət edir.

Daha bariz dəlil Muslimin «Səhih» kitabında Aişədən rəvayət etdiyi hədisdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) külək əsəndə deyərdi: «Allahım! Səndən bu küləyin xeyirini, onda olan xeyiri və onunla göndərilən xeyiri diləyirəm. Onun şərindən, onda olan şərdən və onunla göndərilən şərdən Sənə sığınıram.»

Aişə deyir ki, hava tutulduqda o narahat olar, tez-tez evə girib-çıxar, o tərəf, bu tərəfə gedib-gələrdi. Yağış yağdığda isə halı düzələrdi. Aişə onun bu narahatlığını hiss edib soruşduqda demişdi:«Ey Aişə, bu Ad qövmünün dediyi kimi ola bilər. Onlar (da havanın tutulduğunu görəndə) demişdilər:«Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər.» (əl-Əhqaf: 24).[9]

Aişədən rəvayət olunan digər sənəddə deyilir ki, mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) tez-tez qəhqəhə çəkib gülən görməmişəm ki, onun dilçəyini də görüm. O çox vaxt təbəssüm edərdi. O, havada bulud və ya külək müşahidə etdikdə narahatlıq keçirərdi. Bir dəfə mən soruşdum: Ey Allahın elçisi! İnsanlar bulud gördükdə yağış yağmaq ehtimalını düşünüb sevinirlər. Amma sən səmada bulud görəndə narahat olursan. O dedi: «Ey Aişə! Bu buludda əzabın olmadığına dair kim mənə zəmanət verə bilər? Bəzi qövmlərə külək ilə əzab verilmişdir. Bir tayfa isə bəlanı görüb: Bu bizim üçün yağış yağdıracaq buluddur – demişdilər»[10].

Bu rəvayət də hadisələrin ayrı-ayrılıqda baş verməsini göstərir. Biz əvvəldə də bunu demişdik. Beləliklə «əl-Əhqaf» surəsində qeyd olunan hekayə ikinci Ad qövmündən bəhs edir. Digər surələrdə deyilən hekayələr isə birinci Ad qövmündən bəhs edir. Daha doğrusunu Allah bilir.

İstifadə olunmuş kitab: Peyğəmbərlərin həyatı

Müəllif: İbn Kasir

Tərcüməçi: AbdurRəhman Muradlı

____________________________________________________________

[1] Zındıq sözü bəzən kafir, münafiq, günahkar və ya paxıl mənalarında işlədilir. Burada kafir mənasında işlədilir. (tərc.)

[2] Fəlsəfi düşüncəli bu qrup insanlar Yaradanı inkar edir və otuz altı min il keçdikdən sonra hər şeyin yenidən təkrar olunduğunu iddia edirlər. (tərc.)

[3] Səhabələrin tələbələri. (tərc.)

[4] Peyğəmbərə sığınmaq, yəni bu işdən uzaq olmasına dair peyğəmbəri şahid tutmaq mənasındadır. (tərc.)

[5] Səhabə burada demək istəyir ki, Ad qövmü bir nəfəri onlar üçün dua etməyə göndərmişdi. Amma o onlar üçün gedib əzab gətirmişdi. Mən də bu qadını yolda qalmasın deyə gətirmişəm, indi bu da başıma bəla olub. (tərc.)

[6] Səhihdir. Əhməd: 3/482; Tirmizi: № 3273; № 3274; İbn Macə: № 2816; Nəsai «əl-Kubra»: 5/181/№ 7607; İbn Əbu Şeybə: 6/537/№ 33591; İbn Cərir ət-Təbəri «Cəmuil Bəyan»: 5/527; və «Tarixul Uməm və əl-Muluk» 1/133; Təbərani «əl-Mucəm əl-Kəbir» 3/254/№ 3325; 3329. Asimdən iki yol ilə rəvayət etmişdir. Bu sənəd həsəndir. Bunu şeyximiz Albani «əs-Silsilətu-d-Daifə» kitabında 3/373 demişdir.

Mizzi «Tuhfətul Əşraf» kitabında 3/4 Qəylə bint Məxrəmədən bu rəvayətə şahidlik edən digər rəvayət gətirmişdir. Ümumilikdə hədis səhihdir. Daha doğrusunu Allah bilir.

[7] Burada məqsəd Xəndək döyüşündə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) külək vasitəsi ilə edilən köməkdən söhbət gedir. (tərc.)

[8] Buxari: № 1035; Muslim: № 900.

[9] Səhihdir. Muslim: 15/№ 899; Tirmizi: № 3257; İbn Macə: № 3891; Nəsai «əl-Kubra» 6/№ 10776, 10777.

[10] Səhihdir. Əhməd: 6/66; Buxari: № 4828, 4829; Muslim: 14/№ 899.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Materialı hazırladı www.TAQVA.NET saytı

 

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us