Cahilliyin üzrlü olmasını bildirən Quran ayələri
Rəhimli və Mərhəmətli Allahın adi ilə!
Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.
Daha sonra:
Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq” (ən-Nisa, 115-116). Bu ayədə Uca Allah ancaq doğru yol ona bəyan olduqdan sonra zəlalətə düşən kimsəyə əzab vəd edir. Deməli, doğru yol ona bəyan olmamış şirkə düşən müsəlmanlara əzab vəd etmək olmaz. Çünki, bir müsəlmana kafir demək – kafirlərin də qalacağı yer əbədi cəhənnəm olduğu üçün – ona əzab vəd etməkdir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurmuşdur: “Dinimizdə əqidənin bünövrəsindən və böyük məsələlərdən sayılan hökmlərdən biri də, konkret kimsəyə, etdiyi əmələ görə əzab vəd etməyin qadağan olunmasıdır. Təkfir etmək əzab vəd etməkdir. Yəni müəyyən insanları təkfir etmək, onun Cəhənnəmdə olmasına hökm verməkdir” (Məcmuul-Fətava, 3/ 229 – 231).
İmam Bəğavi (Allah ona rəhm etsin) bu ayənin təfsirində demişdir: “Bu ayə tövhid, həmçinin hədd və hüdud məsələlərini bildirir”. Yəni, özünə müsəlman deyən kimsəyə istər əqidə və tövhid məsələlərində, istərsə də fiqh və əhkamlarda etdiyi xətalara görə əzab vəd edilmir. Uca Allah bunu Qurani-Kərimdə bir çox ayələrdə zikr edir: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir”. (ən-Nisa, 165). Bu ayədə Uca Allah yalnız peyğəmbərlərin haqqı təbliğ etməsindən sonra kafirlərə əzab veriləcəyini, onların bəhanələrinin faydası olmayacağını bildirir. Deməli, peyğəmbərlərin təbliğatı onlara çatmamış insanlar istisnadır. İmam əl-Bəğavi (Allah ona rəhm etsin) deyir: “Bu ayədə Allahın məxluqlarına peyğəmbər göndərməmiş cəzalandırmamasına dəlil vardır” (“Təfsirul-Bəğavi” 1/ 500).
Həmçinin, Uca Allah buyurur: “Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsəydilər, səni peyğəmbər göndərməzdik” (əl-Qasas, 47);
“Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” (əl-Ənam, 130);
“Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və qorxudan kəs gəlmədi”– deməyəsiniz deyə haqqı bəyan edən Elçimiz gəldi” (əl-Maidə, 19);
“Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!”– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi” (əz-Zumər, 71);
“Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi” (Fatir, 37);
“Biz bir qövmə peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik” (əl-İsra, 15);
“Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!”– deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!”- deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir” (Ğafir, 49-50)
Uca Allah Qiyamət günü haqq çatmamış insanlara əzab versəydi, məntiqli olaraq “Ey Rəbbimiz, bizi başa salmamış və haqqı çatdırmamış niyə əzab edirsən?”- deyə sual ortaya çıxardı. Haqq çatmamış insanlar tərəfindən Qiyamət günü belə bir sual verilməsin deyə, yaşadıqları zamanda onlara haqqı başa salmaq üçün peyğəmbərlər göndərilmişdi. Əgər müəyyən insanlara haqq çatmayıbsa, nə vaxtsa peyğəmbərlərin gəlişi onlara hüccət sayıla bilməz. Burada ayələrin zahiri mənası yox, Allahın peyğəmbərlərin göndərişi ilə nəyi qəsd etdiyini anlamaq lazımdır.
İbn Həzm (Allah ona rəhm etsin) “Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik” (əl-İsra, 15) ayəsini dəlil gətirərək demişdir: “Doğrudan da Peyğəmbərlərin dəvəti və qorxutması insanlara yetişənə qədər kafirə qətiyyən əzab yoxdur” (İbn Həzm “əl-İhkum fi Usulil-Əhkam” səh. 895).
əş-Şinqiti (Allah ona rəhm etsin) belə demişdir: “Peyğəmbər göndərilməyənə qədər və onlar da insanları çəkindirməyincəyə qədər Allah Öz məxluqlarından heç kimə nə dünyada, nə də Axirətdə əzab verməyəcəkdir” (əş-Şingiti “Ədvaul-Bəyan” 3/ 429).
Abdur-Rahmən Abdul-Xaliq (Allah ona rəhm etsin) bu məsələ ilə bağlı belə demişdir: “Cəza elmdən sonra gəlir”– bu, məlum bir şəriət qaydasıdır”.
Uca Allah buyurur: “Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli zəruri olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! (ət-Tövbə, 115)
Qatadə (Allah ona rəhm etsin) deyir: “Həqiqətən Uca Allah heç kəsi o (şəxsə) Allahdan dəlil və açıqlama çatmayana qədər cəzalandırmır” (“Təfsir Təbəri” 8/ 50).
İbn Kəsir (Allah ona rəhm etsin) bu ayənin təfsirində belə demişdir: “Uca Allah Öz müqəddəs nəfsindən olan ədalətli hökmünün bəyanından və insanlara Peyğəmbər xəbərdarlığı çatdıqdan sonra hər hansı bir tayfanın əleyhinə dəlil və sübut olmadıqca onları zəlalətə salmaz. Belə ki, başqa bir ayədə buyurulur: “Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik…” (Fussilət, 17); «Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?” deyəcəkdilər” (Ta Hə, 134); “Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik” (əl-Mulk, 8-9)” (İbn Kəsir “Təfsir” 3/ 28; 4/ 25).
Bu ayə dəlildir ki, Cəhənnəmə haqq çatmamış şəxs daxil olmayacaq. Buna görə də Cəhənnəmə daxil olandan soruşulacaqdır: “Sizə qorxudan gəlmədimi?” Onlar: “Bəli” deyəcəklər. Bütün bu ayələr dəlildir ki, Allah küfr əməli edənə haqq çatmamış əzab verməz. Uca Allah buyurur: “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz” (ən-Nəhl, 78)
Ayədə bildirilir ki, hər bir yaradılımış məxluqda elm yoxdur. Ona görə də hər bir kəs bilmədiyi halda və ya bu haqda öyrənməyə imkanı olmadığı halda qadağan olunmuş bir şeyi edərsə, üzürlüdür. Uca Allah buyurur: “Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”– deyə təlqin etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər. Bir zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” O da onlara demişdi: “Əgər möminsinizsə, Allahdan qorxun”. (əl-Maidə, 111-112). Həvarilərin bu sözlərinin açıqlanması barəsində alimlər arasında ixtilaf var. İbn Həzm (Allah ona rəhm etsin) deyir: “Həvarilər bilmədikləri halda İsayau dedilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?”- bu sözə görə onların imanları yox olmadı. Əgər cahillik üzr olmasaydı, onlar kafir olardılar” (“əl-Fisal” 3/ 142).
Uca Allah buyurur: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam” (əl-Ənam 19).
İmam əş-Şafii (Allah ona rəhm etsin) deyir: “Allahın müəyyən İsim və Sifətləri vardır. Heç kəsə də icazəli deyil ki, bunları inkar etsin. Kim bunları ona dəlil çatdıqdan sonra inkar edərsə, kafir olmuşdur. Buna qədər bilmədiyinə görə üzürlü sayılır. Çünki, bu cür elm nə ağıl, nə düşünmək və nə də təfəkkürlə hasil olmur”. (“Fəthul-Bari” 13/ 407).
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Allah heç kimsəni risalət çatmadıqca cəzalandırmaz. Risalət çatmayan kimsə isə ümumiyyətlə cəzalandırılmayacaqdır. Əgər bir kimsəyə risalət açıqlanmadan çatarsa, o, cəzalandırılmayacaq. Yalnız ona aydın olan şeyi inkar edən cəzalandırılır”. (“Məcmuul-Fətava” 12/ 493).
İbn Qeyyim (Allah ona rəhm etsin) deyir: “Elmsiz, dəlil olmadan, başa düşmək qabiliyyəti olmadan edilən küfrə gəldikdə isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəlili onlara çatmayana qədər Allah belə bir kimsəni cəzlandırmaqdan uzaqdır”. (“Tariqul-Hicrəteyn” 611).
Şeyx Rabil əl-Mədxəli (Allah onu qorusun) “Cahilliyin üzrlü olması” barəsində deyir: “Cahilliyin üzrlü olub — olmaması məsələsini ortaya atıb bu barədə mübahisələr edənlər fitnə əhlidir. Onlar Sələfi dəvətini dağıtmaq üçün müsəlmanları bir-birilə düşmən edirlər. Mədinədə olduğum zaman mənə əs-Səid adlı biri zəng etdi. Həmən adam indi ər-Riyad şəhərində məşhurdur. O, dedi: “Taif şəhərində əlliyə yaxın cavanlar var ki, Şeyx əl-Albanini (Allah ona rəhm etsin) təkfir edirlər. Nə üçün? Çünki Şeyx qəbirlərə ibadət edən müsəlmanları cahillikləri üzündən təkfir etməmişdir”. Şeyx Rabi: “Yaxşı, onlar İbn Teymiyyə, İbn Qeyyim (Allah onlara rəhm etsin) və digər sələfləri də təkfir edirlərmi? Çünki onlar da cahilliyi üzr görərdilər və onların bunu söyləməkdə dəlilləri vardır! Mən yaşlı bir Şeyx tanıyırdım, cahilliyi üzrlü görmürdü. Buna baxmayaraq bu barədə mübahisə etməz, fitnə salmaz və əks rəydə olanları da zəlalətlə ittiham etməzdi. Biz onunla qırx il dostluq etmişdik. Bu yaxında o, dünyasını dəyişdi. Bir dəfə biz məclislərin birində oturmuşduq. Orada bir nəfər vardı ki, cahilliyi üzr görmürdü. Mən ona dəlillər gətirdim və xatırlatdım ki, Nəcd alimləri içərisində cahilliyi üzrlü görənlər də var, cahlliyi üzrlü görməyənlər də. Lakin, bununla belə onlar arasında daima qardaşlıq olmuşdur. Mübahisə və fitnəkarlıqdan uzaq olmuşlar. Bu sözlərdən sonra o, kimsə susdu, fitnə salmadı. Biz bilirik ki, Nəcd alimləri arasında bu məsələdə ixtilaf olmuşdur, lakin onlar bir-birilə heç vaxt buna görə düşmənçilik etməmişlər. Bu yol Həddadilərin yoludur”. Sonra Şeyx Rabi (Allah onu qorusun) sözünə davam edərək deyir: “Doğru mənhəc bu məsələdə — hüccətin çatdırılmasıdır. Əgər kimsə bunu doğru görməzsə, qoy sussun və digər rəydə olan qardaşlarına hörmət edib onları ittiham etməsin. Çünki onların da dəlilləri Quran və Sünnədir. Əgər kimsə (cahilliyin üzrlü olmasını) söyləyənləri təkfir etmək istəyirsə, onda Sələfləri təkfir etsin, təkfir etsin İbn Teymiyyəni, təkfir etsin Muhəmməd İbn Abdul-Vahhabı (Allah onlara rəhm etsin) hansı ki, deyərdi: “Biz Əhməd Bədəvinin qəbrinə ibadət edənlər cahilliklərində dolayı təkfir etmirik” (“Məcmuul-Kutubu Risələ və Fətəva Şeyx Rabi” 14/ 309-312).
Şeyx Abdullah əl-Buxaridən (Allah onu qorusun) soruşurlar: “Möhtərəm Şeyx “Cahillik üzrlüdür” məsələsini şişirdərək gündəmə gətirən Tunis cavanlarına nəsihətiniz nə olar? Bununla onlar Əhli Sünnə arasında ayrılıq edirlər”. Şeyx buyurur: “Bu problem tək Tunisdə deyil, digər ölkələrdə də baş qaldırmışdır. Əzizim, bil ki, alimlər artıq böyük şirkin və kiçik şirkin nə olduğunu kitab və dərslərində açıqlamışlar. Yəni, alimlər böyük şirk üçün – bu böyük şirkdir, kiçik şirk üçün – bu kiçik şirkdir demişlər. Onlar bu məsələdə ixtilaf etməyiblər, lakin bəzi Əhli Sünnə alimləri arasında ixtilaf olmuşdur. Mən ümmətləri təkfir edən bidət əhlini nəzərdə tutmuram. Lakin, bəzi Əhli Sünnə alimləri arasında “Cahilliyin üzr” olub-olmaması barəsində ixtilaf olmuşdur. Onlar əməlin (sözün) şirk olub-olmamasında ixtilaf etməmişlər. Diqqətli olun! Bu çox incə bir məsələdir. Təvafın, ölüyə dua etməyin böyük şirk olmasında heç bir ixtilaf yoxdur. Bunda hamı ittifaq edib: cahilliyi üzr görəndə, görməyəndə. Hamı ittifaq edib ki, bu şirkdir. İxtilaf belə bir kimsənin ona izah olunana qədər üzrlü olmasında. Onda bu mübahisələr nə üçündür? Hər iki rəy də Əhli Sünnənin rəyidir, lakin araşdırmalar onu göstərir ki, cahillik üzrdür. Bu zaman insanları ittiham etmək nəyə lazımdır? Onlar istəyirlər ki, sən onların dediyini deyəsən, öz bildiyini yox! Bir gün yanıma Qafqazdan olan bir gənc gəlmişdir. Bu barədə sizə danışmışam. İnsanları təkfirdə, şirkdə, küfrdə ittiham etməklə aşıb-daşırdı.
Şeyx: “Mənim suallarıma cavab ver. Doğru yolla gedirsən?”
Gənc: “Bəli, necə bəyəm?”
Şeyx: “Nə vaxtdır Allah səni bu mənhəcə yönəldib?”
Gənc: “Dörd il olar” – dedi. Özünün 23-25 yaşı olardı.
Şeyx: “Yaxşı, Allah sənə dörd ildir hidayət verib, bəs bu illərdən öncə nə idin? Kafir yoxsa müsəlman?” Yazıq susdu və cavab vermədi. “Öz valideynlərin barəsində nə düşünürsən?” Susdu, onların İslamına yəqin deyildi. “….Haqdan sonra zəlalətdən başqa nə ola bilər?…”. (Yunus 32). Əvəllər Sovet İttifaqının nəzdnində olan kommunist ölkələrində insanları: “Mən müsəlmanam!” dediyinə görə öldürərdilər. Bir sözünə görə: “Mən müsəlmanam!” dediyi üçün öldürərdilər. Ola bilər ki, belə insan İslam barəsində onun adından başqa heç bir şey bilmirdi. Lakin o, öz İslamından ölənə kimi yapışardı. İndi isə sən gəlmisən və var gücünlə çalışırsan ki, İslama görə öldürülən bir kimsəni İslam dairəsindən çıxardasan. Bu nə istəkdir, məgər kimisə İslamdan çıxarmağa, yoxsa onu doğruya yönəltməyə vacib bir əmr gəlib? İnsanları islah olmasına çalışmaq, yoxsa Cəhənnəmin dibinə sürükləmək? Məgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəvəti bu olub? Ey oğlum! Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəvəti İbn Qeyyimin (Allah ona rəhm etsin) dediyi kimi iki hissədən ibarətdir: 1) Kafirləri İslama dəvət etmək, buna görə də Muazı və digər səhabələri (Allah onlardan razı olsun) digər ölkələrə göndərirdi…. Kafirlərin İslamı qəbul etmələri üçün. 2) Möminlərin dində sabit olmaqları üçün. Möminləri Dindən çıxarmaq, yoxsa? Bunlar arasında fərq aydındır. O ki, qaldı İslamı qəbul edib, müsəlman olduqdan sonra bidətlərə yol verənlərə, onlara başa salmaq vacibdir. Əgər inadkarlıq etsə bidət əhlindən sayılar. Bu isə başqa bir məsələdir. Aydındır? Özünüzü belə şeylərlə məşğul etməyin, elm öyrənin, elmdə müəyyən bir səviyəyə çatdıqda artıq biləcəksiniz kim üzrlüdür, kim isə üzrlü deyil”. (“Muhadara Maza Bəadəl Hacc” 30-cu dəqiqə).
Şeyx Useymin (Allah ona rəhm etsin) deyir: “(Əgər söhbət müəyyən şəxsdən gedirsə) bu əməllərinə görə bir kimsəni müşrik, kafir və ya lənətlənmiş adlandırmaq qadağandır. Çünki, bunun öz şərtləri və maneələri vardır. Buna görə də müəyyən şəxsin qazancı rüşvətdən olduğuna görə lənətləmirik. Çünki, ola bilər elə şeylər var ki, o lənətin ona gəlməsinin qarşısını alır, məs: cahillik və şübhə. Həmçinin, şirk də belədir. Biz müəyyən bir insanı şirk etdiyinə görə müşrik adlandırmırıq. Ola bilər ki, ona dəlilin çatmaması və ya onun ətrafında yaşayan alimlərin səhlənkarlığına görə dəlillər çatmayıb. Alimlərin bu məslədə biganəliyi müəyyən bir şəxsə kafir deməyi qadağan edir… Ölüdən bir şey istəmək şirkdir, lakin müəyyən bir şəxsi bu əməlinə görə müşrik adlandırmaq, hüccətin ona çatdığı bizə bəlli olana qədər qadağandır”. (“Şərhu Kitəbut-Təuhid” 29-30).
İbn Teymiyyə (Allah ona rəhm etsin) “filan sözü deyən kafir olur” – kəlməsi barəsində deyir: “Həqiqətdə məsələ belədir: Ola bilər deyilən söz küfr olsun və belə bir söz deyən insanın ümumi ifadələrlə kafir olması deyilsin. Məs: Kim belə deyərsə, o, kafirdir. Lakin bunu deyən fərdi insanın kafir olmasına hökm vermək olmaz. Bunun üçün hüccət çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda Qurani-Kərimin əzab vəd edən ayələrinə aiddir: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (ən-Nisa 10). Bu və digər belə əzab vəd edilən ayələr haqdır. Lakin müəyyən bir insanın belə əzaba düçar olmasını demək olmaz. Ümumiyyətlə Qiblə Əhli (müsəlman) sayılan müəyyən bir insanın Cəhənnəmlik olmasına şahidlik edilməz. Çünki, ola bilər ki, onun barəsində əzabın haqq olmasına aid şərtlər tamamlanmasın, yaxud bu əzaba mane olan səbəblər olsun. Məsələn, etdiyi əməlin haram olmasını eşitməyib, tutduğu haram işdən tövbə edib, ola bilər qazandığı böyük savablar etdiyi haram işin günahını yusun. Həmçinin, ola bilər ki, başına gələn müsibətlər günahının bağışlanmasına səbəb olsun və ya Allahın razılıq verdiyi kimsə ona şəfaətçi olsun. Deyilən insanı kafir edən sözlər də belədir. Ola bilər kimsə haqqı bilməsi üçün şəriət dəlillərinə yetişməyib, yaxud da ola bilər ona çatıb, lakin onların mötəbərliyinə əmin olmayıb, bəlkə onları başa düşmək imkanı olmayıb və ya onun qarşısına qoyulan şübhələrə görə Allah onu üzrlü saysın. Haqqı axtarmaq üçün ictihad edib səhf nəticəyə gələn hər bir müsəlmanın səhvini Allah bağışlayır. Bunun elmi və ya nəzəri məsələlərdə olmasının fərqi yoxdur. Bu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrinin və bütün İslam alimlərinin rəyidir. Onlar inkar baxımından əməlləri hissələrə bölməmişlər. Əsas əməlləri inkar edənin kafir, ikinci dərəcəli əməlləri inkar edənin isə kafir olmaması rəyini dəstəkləmşlər”. (“Məcmuul-Fətava” 23/ 345-346).
İmam Təhavi (Allah ona rəhm etsin) deyir: “Namazı tərk edənin (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən (qılmayan) kafir olsaydı, biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə, ondan sonra biz ona namaz qılmasını əmr edərdik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki, o, namaz əhlindən sayılır”. (“Muşkul-Əsar” 4/ 228).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!