Hədislər

Peyğəmbərin dəyərli tövsiyəsi

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir kişi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: «Mənə nəsihət et!» Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Qəzəblənmə!” Həmin kişi dediyini dəfələrlə təkrarladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yenə: “Qəzəblənmə!” – deyə cavab verdi.[1]» əl-Buxari və Müslim rəvayət etmişlər.

 Hədisin şərhi

Sual verən kişinin kimliyi bildirilməyibdir. Bir çox hədislərdə də naməlum adamların kimliyi bilinməyir. Həmin kişinin adını və cizgilərini bilməyə ehtiyac yoxdur. Bəzi alimlər bu adamın kimliyini təyin etmək üçün çox böyük araşdırmalar aparırlar. Mənim fikrimcə əgər onun kimliyi ilə hədisin hökmü dəyişmirsə, bu cür səy göstərməyə ehtiyac yoxdur.

«Bir kişi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: «Mənə nəsihət et!» Nəsihət, mühüm işlə bağlı müəyyən şəxslə bağlanan əhddir.

“Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Qəzəblənmə.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) aşağıdakı sözləri ilə qəzəbin nə olduğunu açıqlamışdır: “Qəzəb, şeytanın insan qəlbinə atdığı bir kömürdür.”[2] O, qəlbi alovlandırır və buna görə də qəzəblənənin üzü qızarır, damarları gərilir. Bəzən tükləri biz-biz olur.

Hədis bizə nəyi öyrədir?

1 – Əshabələrin onların faydasına olacaq işlərə səy göstərməsi. Çünki hədisdə kişi dedi: “Mənə nəsihət et.” Əshabələr haqqı bildikdən sonra yalnız bu biliklə kifayətlənmirdilər, onlar əməl edirdilər. Bu gün isə bir çox insanlar soruşduqları məsələnin hökmünü bildikdən sonra ona riayət etmirlər.

2 – Müraciət edənə onun vəziyyətini nəzərə alıb cavab vermək. Bu çox mühüm bir qaydadır. Əgər onu başa düşsək aşağıdakı anlaşılmazlığa düşmərik. Yəni, kimsə deməsin ki, nəyə görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona təqvalı olmağı nəsihət etmədi? Necə ki, Allah təalə buyurur: (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik…” (ən-Nisə, 131).

Cavab: Hər bir insanla onun vəziyyətini nəzərə alıb danışmaq lazımdır. Sanki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun qəzəbli bir adam olduğunu bilərək bu sözü ona demişdi.

Başqa bir misala diqqət yetirək. Bir nəfər sənin yanına gəlib deyir: “Mənə nəsihət ver.” Sən isə onun pis adamlarla dostluq etdiyini bilirsən. Bu halda sənin: “Pis adamlarla dostluq etmə.” deməyin düzgün sayılar. Çünki vəziyyət belə tələb edir.

Digər bir insan sənə deyir ki, mənə nəsihət et. Sən də bilirsən ki, o, ailəsi ilə yaxşı davranmır. Bu halda ona deyirsən: “Ailənlə yaxşı davran.”

Qeyd etdiyimiz bu qaydanın dəlili Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) cavabıdır.

3 – Qəzəblənməyin qadağan olması. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Qəzəblənmə.” Belə ki, qəzəb çoxlu fəsadlara səbəb olur. Nə qədər insan var ki, qəzəblənib talaq (yəni, boşadım) dedikdən sonra gəlib bu barədə suallar verir. Bəziləri, qəzəbli halda: “Allaha and verirəm ki, filankəsi danışdırmaram.” dedikdən sonra peşman olur və gəlib suallar verir.

Əgər deyilsə ki, insan qəzəblənməsinə səbəb olan bir şeylə rastlaşıb qəzəblənərsə, nə etməlidir?

Deyirik: Allaha həmd olsun ki, bunun dərmanı sözlə və əməllədir.

Sözlə olan dərmana gəlincə, insan qəzəbləndiyini hiss etsə: “Əuzu billəhi minəş-şeytanir-racim” deməlidir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) möhkəm qəzəblənmiş bir nəfəri görüb demişdir: “Mən elə bir söz bilirəm ki, bu adam onu desə qəzəbi gedər: “Əuzu billəhi minəş-şeytanir-racim.”[3]

Əməllə olan dərmana gəlincə, ayaq üstədirsə otursun, oturubsa, uzansın. Çünki zahiri vəziyyətin dəyişməsi daxili vəziyyətin dəyişməsinə səbəb olur. Əgər faydası olmasa dəstəmaz alsın. Çünki dəstəmaz alması qəzəbini unutdurur. Həmçinin qəzəbin hərarətini söndürür.

Sual: Bununla kifayətlənirmi?

Cavab: Xeyr, bununla kifayətlənmir. Bəzən ona həmin yerdən uzaqlaşmasını məsləhət edirik. Bir çox insanlar belə edirlər. Yəni, əsəbiləşdikdə evdən çıxırlar ki, sonra xoşagəlməz hadisə baş verməsin.

4 – İslam dini pis əxlaqı qadağan edir. Çünki hədisdə buyurulur: “Qəzəblənmə.” Bu isə öz növbəsində gözəl əxlaqın əmr edilməsini tələb edir. Elə isə özünü sakit aparmağa və qəzəblənməməyə öyrəşdir. Bədəvi ərəblər Peyğəmbərin əbasını elə dartırdılar ki, boynunda izi qalırdı. Lakin o, çevrilib gülümsəyirdi. Bunu kim başqa birinə etsəydi, o ən azı qəzəblənərdi.

Şeyx Muhəmməd bin Saleh əl-Useymin

__________________________________________________________

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

[1] Buxari: № 5765. Müslim: № 2449.

[2] ət-Tirmizi, “Fitnələr” kitabı, 2191-ci hədisdə rəvayət etmişdir.

[3] əl-Buxari: “Yaradılışın başlanğıcı” kitabı, “İblisin və onun qoşununun sifəti” bölümü, № 3282; Müslim: “Yaxşılıq” kitabı, “Qəzəbləndiyi vaxt nəfsinə hakim olanın fəziləti” bölümü, № 2610

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us